Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Manşet / Niyə məhz Əli Həsənov?

Niyə məhz Əli Həsənov?

Son zamanlar cəmiyyətdə davranış qaydalarını pozan, hakimiyyət strukturlarını, tanınmış ictimaiyyət nümayəndələrini hədəfə götürən, müxtəlif səviyyəli məmurlar barədə guya ifşaedici məlumatlar yayaraq əslində onların nüfuzuna xələl gətirən, faktiki təhqir edən və bu cür yarıtmaz əməlləri ilə vətəndaş cəmiyyəti sektorunu gözdən salan, bütün bunların nəticəsi olaraq hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə gələnlərin böyük bir qismi problemlərinin mənbəyi kimi dövləti göstərirlər.

Maraqlıdır ki, dövlətdə də ancaq bir ünvan tanıyırlar – Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov.

Niyə Əli Həsənov?

Təkcə ona görə yox ki, o, hakimiyyətin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığına, işinə məsul şəxsdir. Və bir də ona görə yox ki, o, bu insanlara qarşı açıq intellektual mübarizə aparır, onları qeyri-qanuni, pozucu fəaliyyətdən çəkinməyə çağırır, düzgün yol göstərir, törətdikləri əməllərin yaxşı nəticə verməyəcəyi barədə xəbərdarlıq edir.

Bəs əsl səbəb nədir?

Nəyə görə vəkillikdən xaric edilmiş Aslan İsmayılov Afrika qitəsində hər hansı virusun yayılmasından tutmuş yediyi keyfiyyətsiz qidaya görə qarın ağrısına düşən jurnalist və ya QHT fəalına görə, yeri gəldi-gəlmədi hər şeydə Əli Həsənovu ittiham edir?

Açın bu adamın Facebook səhifəsinə baxın. Şəhid ailələrinin pul almaq problemi var, günahkar Əli Həsənovdur.

Hansısa iş adamının çətinliyi yaranıb, günahkar Əli Həsənovdur!

Külək əsir – Əli Həsənov!

Yağış yağır – Əli Həsənov!

Axı bu qədər də olmaz!

Özü işini apardığı hər bir adamın yeddi qat dərisini soyur, bu iş kimdən, hansı məmurdan keçirsə həyasızcasına hədəfə götürür, süni şəkildə qalmaqal yaradır. İşi gücü dövləti hədəfə götürüb özünü gözə soxmaqdır.

Yəqin “xalqın dərdinə yanan mübariz” statusu qazanmaq üçün Əli Həsənovu hədəfə götürməyi ən yaxşı vasitə hesab edir.

Türklər demiş, ulan, bir öz bioqrafiyana, ömür yoluna bax, bir də Əli Həsənovun intellektual və dövlət adamı kimi masştabına!

Haqqında silsilə yazılar yazdım, ictimai portretinin cəmiyyət üçün qara ləkədən başqa bir şey olmadığını birər-birər faktlarla ortaya qoydum, bircəciyini belə təkzib edə bilmədin, ay Allahverdi (“Aslan”)!

Onun bir tayı da xarici dövlət başçılarına Azərbaycan dövlətinə təzyiq üçün məktubla müraciət etmiş, mənim Neo-Əliheydər Qarayev adlandırdığım Mehman Əliyevdir.

Hansı səbəbdən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev saxlanılandan az sonra bəyanat verdi ki, onu Əli Həsənov sifariş verib?

Hüquq müdafiəçisi Taleh Xasməmmədov bir neçə gün Göyçay polis şöbəsində saxlanılır və bəyan edir ki, onu Əli Həsənov tutdurub.

“Azadlıq aşiqi” Nemət Pənahlı içəri atılan kimi bəyanat verdi ki, bu işin arxasında Əli Həsənov durur. Niyə?

Sən demə Qurban Məmmədova müsahibə verəndə Əli Həsənov haqqında nə isə deyibmiş.

Kimlərinsə saytlarında problemlər yaranır, yaxud onlar bloklanır və günahkar kimdir?

Əlbəttə, yenə də Əli Həsənov!

Bu kimi misalların sayını artırmaq da olar.

Elə götürək sonunci hadisə olan “Reallıq.info” saytının rəhbəri İkram Rəhimovun açıqlamasını. Bu adam vaxtilə eks-spiker Rəsul Quliyevin təlimatları ilə “Hürriyət” qəzetində hakimiyyəti yıxıb-sürüyüb. Rəsul Quliyevin hakimiyyətə gələcəyi sevdası ilə alışıb-yanıb və Ümummilli lider Heydər Əliyevi, Prezident İlham Əliyevi az qala şəxsi düşmən gözündə görüb.

Bu arzu baş tutmayandan sonra isə “müstəqil sayt” yaradıb və konkret şəkildə reketliyin ən murdar formaları ilə məşğul olub. Bütün dəyərli həmkarlarım yaxşı bilir ki, İkram Rəhimov kimdir və nə ilə məşğuldur. Amma bu adam təqib olunduğunu iddia edir, qaçır Mehman Əliyevin yanına, dərhal onun saytında məlumat yayılırr ki, “sayt rəhbəri” Əli Həsənov haqqında tənqidi material dərc etdiyinə görə saxlanılıb və naməlum istiqamətdə aparılıb.
Yenə həmin sual: niyə Əli Həsənov?

Əminəm ki, onlar Prezidentin köməkçisinin adını çəkməklə “bəlalarında” məhz dövlətin günahkar olduğunu göstərmək və özlərinə status qazandırmaq, cəmiyyətin qarşısında, həmçinin Azərbaycanı daim hədəfdə saxlayan xarici təşkilatların gözündə “hakimiyyətin repressiv aparatının qurbanı” kimi görünmək istəyirlər.

Yadıma bir lətifə düşdü. Bir gün padşah əsabələri ilə bir kənddən keçirmiş, harasa baxır, kiminsə işi xoşuna gəlmir və bərkdən qışqırır: “Ayə, yaramazın biri, bunu niyə belə edirsən”. Söyülən şəxs sevincək halda, fəxrlə ətrafındakılara deyir: “Gördünüz, qibleyi-aləm məni göstərdi, yaramaz dedi”. Bir az lətifəni abırlı yazdım, əslində orjinal variantı daha sərrastdır.

Bax bunlar da Əli Həsənovun adını çəkməklə özlərinə status qazandırırlar.

Amma…. Bu adamlar kimlərdir?

Həmişə dövləti öz qarşılarında görən, onu laxlatmağa, vurmağa çalışan, vaxtilə Heydər Əliyevə qarşı çirkab yağdıranlar, indi isə bir qismi öz işini aşırmaq üçün hakimiyyətə yarınan, digər qismi də bunu edə bilmədiyinə görə “barışmaz” statusunda gəzən tör-töküntülər, ünsürılər!..

Yazıqlar olsun sizlərə!

Taleh ŞAHSUVARLI

P.S. Yazı müəllif  jurnalistin  Feysbuk səhifəsindən götürülüb.

Azinforum.az

Həmçinin oxuyun

“Putin əslində Rusiya üçün balansı nəzərdə tutur”

“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, …