Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Siyasət / “Niyə ermənilərə Laçın dəhlizini peşkəş etməliyik?”

“Niyə ermənilərə Laçın dəhlizini peşkəş etməliyik?”

Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasının ildönümü ilə bağlı bəyanatı yayımlanıb.

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib  ki, bəyanatda diqqət çəkən hissələri bu şəkildə qruplaşdırmaq olar:

“Birincisi, bəyanatda yazılıb ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinin sonradan demarkasiyası üçün müəyyənləşdirilməsi üzrə danışıqların başlanmasına kömək etməyə hazırdır. Azərbaycan sərhədlə bağlı danışıqların başlanacağı günü səbirsizliklə gözləyir. Rusiya XİN-nin bəyanatındakı “hesab edirik ki, problemin uzunmüddətli həlli Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinə başlanılması və onun sonradan demarkasiyasıdır” cümləsini dəstəkləyirik. Məsələni uzadan İrəvandır. Rusiya bunu Ermənistana anlatmalıdır”.

Politoloqun sözlərinə görə, rəsmi Moskva bəyanatda Ermənistan-Azərbaycan danışıqlarında başqa ölkələrin də iştirak edə biləcəyini vurğulayıb.

“İkincisi, bəyanatda yazılıb ki, Rusiya Ermənistan və Azərbaycanla danışıqları inhisara almayıb. Moskva bu cümlə ilə demək istəyib ki, prosesdə başqaları da iştirak edə bilər və Kreml Minsk Qrupundakı digər iki həmsədrə – ABŞ və Fransaya işarə edib. Kreml bilməmiş deyil ki, rəsmi Bakı bu fotmatın yenidən könhə metodlarla fəaliyyətini davam etdirməsinin əleyhinədir. Bölgənin iki əsas oyunçusu – Rusiya və Türkiyə var, əməkdaşlığın nüvəsini bu format təşkil etməlidir.

“Üçüncüsü, Rusiya XİN-nin bəyanatında ermənilərə və azərbaycanlılara maraqlı mesaj var: “Bəzi internet resurslarda Rusiyanın sülhpərvər fəaliyyəti Dağlıq Qarabağın Azərbaycana təhvil verilməsi kimi dəyərləndirilir və guya Rusiya Ermənistanı öz protektoratına çevirib. Bu açıqlamalar populist mahiyyət daşıyır, reallıqla heç bir bağlılığı yoxdur”.

Bəyanatın bu hissəsinin ermənilərə mesajı budur ki, “Rusiya Ermənistanı ağır məğlubiyyətdən xilas etdi, ona görə yerinizi bilin, Rusiya əleyhinə artıq-əskik danışmayın”. Rusiyanın bizə mesajı isə budur ki, “Rusiya Dağlıq Qarabağın Qarabağ və Şərqi Zəngəzur adlandırmasını qəbul etmir və Rusiya “Dağlıq Qarabağı” Azərbaycana təhvil verməyib”.

Dördüncüsü, Rusiya bir daha bəyan edib ki, Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin açılmasına tərəfdardır. Bəyanatdakı cümlə belədir: “Azərbaycan və Ermənistandan keçən nəqliyyat marşrutları bu ölkələrin ərazi bütövlüyü və suverenliyinə əsaslanmalıdır”.

Bəyanatda dəhliz ifadəsindən istifadə edilməyib. Əgər nəqliyyat marşrutları Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyildiyi kimi Azərbaycanla Ermənistanın ərazi bütövlüyü və suverenliyinə əsaslanmalıdırsa, bizə nə mane olur ki, Laçın dəhlizində sərhəd və gömrük xidməti yerləşdirməyək? Bizə Zəngəzurda dəhliz yaratmağa imkan vermirlərsə və bu məsələdə Moskva İrəvanla eyni mövqedən çıxış edirsə, biz niyə ermənilərə Laçın dəhlizini peşkəş etməliyik? Biz Rusiya XİN-nin bəyanatında yazıldığı kimi Laçın dəhlizində ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməliyik”, – deyə E.Şahinoğlu qeyd edib.

Həmçinin oxuyun

Azərbaycan – İran münasibətləri: hər şey əvvəlki kimi olacaqmı?

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi …