Çərşənbə axşamı , Aprel 20 2021
Ana səhifə / Siyasət / Nikolun, yoxsa millətinin faciəsi? – Ermənistan 2021-ci ilə keçə bilmir

Nikolun, yoxsa millətinin faciəsi? – Ermənistan 2021-ci ilə keçə bilmir

“Dünya artıq 2021-ci ilə qədəm qoyub, Ermənistanda isə hələ də 2020-ci ildir. Bizə yeni il gəlmədi. 2020 Nikolun ili idi. O, həmişə “artsax”a, qarabağlılara və erməni ordusuna nifrət edib. Belə biri türklər və azərbaycanlılar üçün tapıntı idi”.

Yazıya erməni ekspert Andranik Tevanyanın bu sözləri ilə başlamaq istərdik.

Onunla 50:50-yə razılaşmaq olar. İzah edək.

Həqiqətən, Ermənistan, erməni xalqı 2020-ci ildə ilişib qalıb. Ancaq səbəb əsla Nikol deyil. Odur ki, bu xalq 44 günlük müharibədə Azərbaycanın mükəmməl və qeyd-şərtsiz zəfərini qəbul edib gələcəyə baxa bilmir. Erməni ultra-millətçiləri və daşnak-faşist təmayüllü “liderlər” qoymur ki, bədbəxt toplum özünün sərsəm arzuları ilə imkanlarının tərs mütənasibliyini birdəfəlik anlasın. Anlasın da və “dənizdən-dənizə Ermənistan” nağılına daha inanmasın, “göylərdən yerə” enib gerçəkliklərlə yaşamağa başlasın…

Qalan 50%-ə gəlincə, Tevanyan, sözsüz ki, blef edir. Paşinyan nə “artsax”a və qarabağlılara, nə də erməni ordusuna heç vaxt nifrət-zad eləməyib. O sadəcə, II Qarabağ müharibəsində kapitulyasiyaya tuş gələn uğursuz erməni rəhbəridir.

Bu da ona görə onun başına gəldi ki, Nikol tam əksinə, “artsax”ı sələflərindən də çox – ifrat dərəcədə sevirdi. Hətta sələflərinin, Sərkisyan və Köçəryanın söyləmədiyi “Qarabağ – Ermənistandır və nöqtə” böyük qələtini də o, dilə gətirmişdi. Cıdır düzündə “Yallı” getmiş, Cəbrayıla Ermənistandan yol çəkmək istəmişdi…

İndi bu, “artsax”a sevgi, özü də aşırı sevgi deyildisə, bəs nə idi görəsən, ara?

Eləcə də erməni işğalçı ordusunu Paşinyan qədər sevən, onu yeni müasir rus silahları və texnikası hesabına güclü eləməyə çalışan, ona sidq-ürəkdən güvənən Ermənistan rəhbəri olmayıb. Niyə bu da unudulur ki, “Azərbaycana bir qarış torpaq verilməyəcək!”, “Yeni ərazilərin işğalı üçün yeni müharibə!” tezisləri məhz Paşinyanın iqtidarı dövründə ortaya atılmışdı. Biz hələ “müharibə olsa, bu dəfə Bakıya kimi gedəcəyik” sərsəmləməsini demirik.

Məgər “sorosçu” baş nazirin avantürist bəyanatları əsrlərdir “sağalmaz mərəz”dən əziyyət çəkən erməni xalqının könlündən xəbər vermirdi? Yeni ərazi işğalı ilə alışıb-yanan xəstə millətin ürəyincə deyildi?

Əlbəttə ki, ürəyincə idi, öz də necə. Böyük, dağıdıcı müharibəni qaçılmaz edən belə anormal məfkurəyə Andranik Tevanyan da daxil, erməni xalqı etiraz elədimi? Eləmədi. Zira, işğalçı topluma belə şeylər ləzzət edirdi.

O zaman nə düşüblər yazıq Nikolun üstünə?

Guya iqtidarda Paşinyan yox, Pişikyan olsaydı, nəticə fərqlimi olacaqdı? Ermənistan təcavüzkar dövlət və xalq olaraq labüd kapitulyasiyaya doğru yol getmirdimi? Gedirdi. Bunu qabaqcadan görən, bu barədə xəbərdarlıq edən tək-tük erməni ziyalısına, müstəqil hərbi analitiklərə necə, qulaq verildimi? Verilmədi.

Bişəkk, qələbənin şəriki çox olur, məğlubiyyət isə həmişə yetimdir. Bu da nə tez unuduldu ki, iyuldakı Tovuz hərbi təxribatı zamanı Nikol Paşinyan az qala, “milli qəhrəman” elan edilmişdi. Hətta o vaxt onun reytinqi bir az da qalxmışdı. Çünki erməni cəmiyyətini belə bir yanlış hissiyyat sarmışdı ki, Nikol, həqiqətən, “yeni ərazilər uğrunda yeni müharibə” aparacaq əsl baş komadandır. Ay-hay…

O ki qaldı Ermənistanın 2020-dən çıxmaq istəyinə, 2021-in sualı da budur ki, erməni xalqı səmimi şəkildə təzə ilə, daha dəqiqi, təzə dövrə keçmək istəyirmi?

İstəyirsə, problem yoxdur. Onda buyursun, öncə özünün saxta tarixindən, əsassız torpaq iddialarından təcili surətdə imtina eləsin və yeni, gerçək tarixini yazmağa başlasın – nə qədər ağır və acı da olsa. Özü də Paşinyanın köməyi ilə!

Erməni toplumuna daima fəlakətlər gətirən və yenə fəlakət vəd edən “ümummilli xəstəlik”dən sağalmağın ayrı çarəsi yoxdur. Olmayacaq…

Musavat.com

Həmçinin oxuyun

Qarabağda anti-terror əməliyyatı gözləniləndir

“Qanunsuz və təhlükəli fəaliyyət separatçıların özbaşına görəcəyi iş deyil”. Burada Rusiya sülhməramlılarının havadarlığı, bəlkə də …