Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Nazirliklərin birləşdirilməsi doğru addımdır” – Sabiq rabitə naziri

“Nazirliklərin birləşdirilməsi doğru addımdır” – Sabiq rabitə naziri

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması günün tələbatıdır. Dünyanın bir çox ölkələrdə nazirlik belə fəaliyyət göstərir. Hesab edirəm ki, nazirliklərin birləşdirilməsi doğru addımdır”.

Bunu AzVision.az–a keçmiş (1997-2004-cü il) rabitə naziri Nadir Əhmədov deyib.

Sabiq nazir bildirib ki, dünyada gedən iqtisadi böhran şəraitinə uyğun olaraq xərclərin azaldılması vacib məsələdir: “Yeni yaradılan nazirliyin strukturunda çalışan rəhbərliyə uğurlar arzulayıram. Kapitalın bir əldə cəmləşməsi nazirliyin gələcək fəaliyyətinə böyük köməklik göstərəcək. Yeni nazirliyin yaradılması həm nəqliyyatın, həm də rabitə və yüksək texnologiyalar sahəsinin inkişafına öz töhfəsini verəcək”.

N.Əhmədov qeyd edib ki, 1998-ci ildə ölkəmizdə Nəqliyyat Nazirliyi yarananda bu nazirliklərin birləşdirilməsi məsələsi qaldırılmışdı: “Ulu öndər Heydər Əliyev bu barədə fikirlərimi soruşdu, O, bildirdi ki, Nəqliyyat Nazirliyinin Rabitə Nazirliyi ilə birləşdirilməsi təklif edilir. Söhbət zamanı dedim ki, bir sıra ölkələrdə nazirliklər belə fəaliyyət göstərir. Həmçinin Rabitə Nazirliyinin ayrıca fəaliyyət göstərdiyi dövlətlərin olduğunu söylədim. Ulu öndərlə söhbətimiz zamanı qeyd etdim ki, rabitə sahəsi bizdə hələ tam inkişaf etməyib. Rabitə Nazirliyini nəqliyyatla birləşdirsək, onun inkişafında müəyyən problemlər yarana bilər. Bir neçə gündən sonra cənab prezidentin fərmanı oldu və Nəqliyyat Nazirliyi yaradıldı”.

Qeyd edək ki, fevralın 13-də Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılır.

Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Həmçinin Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək həvalə olunub.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın