Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Nazirliklə “Azəriqaz”ın qarşıdurmasına – Şərh

Nazirliklə “Azəriqaz”ın qarşıdurmasına – Şərh

Bir neçə gün əvvəl Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin sektor müdiri Hüseyn İbrahimov və idarənin baş məsləhətçisi, hüquqşünas Samir Əliyevin “Azəriqaz” İstehsalat Birliyini bir çox məsələlərdə ittiham etməsi məsələsi ictimaiyyət arasında müzakirə olunmaqdadır.

Qafqazinfo” xəbər verir ki, sözügedən qurumun əməkdaşları mətbuata açıqlamalarında “Azəriqaz” işçilərini əhalini və sahibkarların qapısını döyərək əsassız yoxlamalar aparmaqda günahlandırırlar. Hətta daha sərt formada abunəçilərdən qapıları qurumun işçilərinin üzünə açmamağı tələb edirlər.

Qurum dəm qazından zəhərlənmə halları ilə bağlı isə SOCAR-ı ittiham edir və bildirir ki, indiyə kimi dəm qazı zəhərlənmələri zamanı qazın keyfiyyəti yoxlanılmayıb.

Qeyd edək ki, Azərbaycanda dövlət qurumları arasında zaman-zaman bir- birini ittiham etmə halları ilə rast gəlinir. Ekspertlər Energetika Nazirliyinin əməkdaşlarının həm SOCAR, həm də “Azəriqaz”-ın ünvanına bu cür ciddi ittihamlarla çıxış etməsini onlar arasında ziddiyyətlərin kəskin olması ilə əlaqələndirirlər.

Enerji məsələləri üzrə ekspert İlham Şaban “Qafqazinfo”ya bildirib ki, ildə bir dəfə “Azəriqaz”ın işçiləri istehlakçıların qaz qurğularının texniki baxışını keçirtməlidirlər: “Bu onların hüququdur. Son iki ildə bir istehlakçı kimi onu müşahidə etmişəm ki, “Azəriqaz” ın işçiləri evlərə gəlirlər, əgər abunəçi qapını açmırsa, xüsusi xəbərdarlıq kağızı qoyub gedirlər. Xəbərdarlıq kağızında gələn müfəttişin adı, soyadı, mobil telefon nömrəsi qoyulur. Orada qeyd olunur ki, abunəçi nə vaxta evdə olacaqsa, o zaman zəng edib əməkdaşı yoxlamağa çağıra bilər.

Mən özüm də bu cür hadisə ilə üzləşmişəm. Gəlib akt tərtib ediblər, evdəki avadanlıqları yoxlayıblar. İnsanlar bilir ki, qaz təhlükəli yanacaqdır. Düzdür, istisna etmirəm ki hər hansı hüquqi şəxslə istehlakçı arasında problem ola bilər. Bundan kimsə sığortalanmayıb. Fakt isə ondan ibarətdir ki, bunlar daim nəzarət altında olmalıdır.

Bu iki qurum arasındakı məsələ isə sözgüləşdirmədir. Ortada fakt olmalıdır. Dövlət qurumu deməlidir ki, hansısa tarixdə Nazirlər Kabinetinin filan tarixini əsas tutaraq qaz emalı zavodunun çıxışında yoxlama keçirtdik. Nəticədə kilokalori bir kubmetr üçün bu qədər idi.

Eyni vaxtda Qaradağ rayonunda və ya Günəşli qəsəbəsində bu yoxlamanı həyata keçirtdik. Alınan nəticələr arasında xəta bu qədər idi. Əgər belə bir ekspertiza rəyi verilmirsə, bunun ictimaiyyətə çıxarılmasına qeyri-peşəkarlıq deyilir. Ortada əsaslandırılmış, qol çəkilmiş, komissiya rəyi olan sənəd olmalıdır. Belə bir fakt yoxdursa, kimsə deyə bilər ki, gəlib üç dəfə yoxlayırlar. Lap 15 dəfə yoxalasınlar. Nə oldu? Mənim evimə gəlib ayda bir dəfə yoxlasınlar. Mən həmişə qapını açacam. Bir də var ki, mənim qonşumu gəlib yoxlasınlar. O heç bir dəfə də olsun qapını açmayacaq. Burada kimisə ittiham edib etməmək önəmli deyil. Əsas məsələ komissiya rəyinin olmasındadır”.

Qazın keyfiyyətli olub olmaması məsələsinə gəlincə isə, ekspert bildirib ki, Azərbaycanda qazın keyfiyyətini müəyyən edən müstəqil laboratoriya yoxdur: “Əgər Energetika Nazirliyi dediyim qaydada ekspertiza aparmırsa, bunu kim edəcək? Yaxud da benzinin keyfiyyəti. Bununla bağlı da narazılıqlar da var. Çünki əhali Ramiz Həsənovun başçılıq etdiyi quruma inanmır. Hamı dövlətçilikdən danışır, amma keyfiyyətdən də danışmaq lazımdı. Monopoliya olan yerdə irəliyə addım olmur. Əsas məsələ odur ki, kağız, qələm və ekspertiza rəyindən danışılsın”.

Dövlət Neft Şirkətinin Mətuat xidmətinin rəhbəri Nizaməddin QuliyevQafqazinfo”ya açıqlamasında qazın keyfiyyəti ilə bağlı SOCAR-ın ünvanına deyilənlərin heç bir əsasının olmadığını bildirib.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın