Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Nazirlik ixtisarlara görə “Bahar Energy”ni cərimələdi

Nazirlik ixtisarlara görə “Bahar Energy”ni cərimələdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti “Bahar Energy” əməliyyat şirkətini cərimə edib.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti öz işçisini tutduğu vəzifəsindən qeyri-qanuni azad etdiyi üçün “Bahar Energy” əməliyyat şirkətini 3500 manat (iki halda 1500+2000 manat) cərimələyib. Əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə baglı cərimə (2000 manat) bu gün – aprelin 18-də ödənilib.

M.Qəhrəmanlı deyir ki, “Bahar Energy” cəriməni ödəsə də müfəttişliyin qərarı ilə bağlı məhkəmə iddiası qaldırıb: “Məhkəmə bu şikayəti təmin etmədiyindən qərardan apelyasiya şikayəti verilib. Lakin Apelyasiya Məhkəməsi rayon məhkəməsinin qərarının qüvvədə saxlanması ilə bağlı qərar qəbul edib və qərar qəbul edildiyi gündən qanuni qüvvəyə minib”.

M.Qəhrəmanlı qeyd etdi ki, son aylar dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması və neft hasilatının aşağı düşməsi ilə əlaqədar ölkəmizdə neftçilərin ixtisara salınması müşahidə olunur: “Çox hallarda isə işəgötürənlər, xüsusilə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər işçilərini ixtisara salarkən və ya əmək müqaviləsinə xitam verərkən mövcud qanunvericiliyi nəzərə almır və əmək müqavilələrinə xitam verərkən Əmək Məcəlləsinin tələblərini pozurlar. Nəticədə hüquqlarının pozulduğunu iddia edən işçilər məhkəmələrə müraciət edir.

“Bahar Energy” şirkətindən təşkilata daxil olan məlumata əsasən, Nərimanov Rayon Məhkəməsi 15.02.2015 tarixində “Bahar Energy” şirkətində əmək müqaviləsinə qanunsuz xitam verilmiş R.Vəliyevin əvvəlki işinə bərpa edilməsi ilə bağlı qətnamə çıxarıb. Həmin işçi yüksək ixtisaslı mütəxəssisdir və quyuların qazılması texnologiyası sahəsində texnika üzrə fəlsəfə doktorudur”.

M.Qəhrəmanlı dedi ki, 2014-cü ilin oktyabrında həmin işçi ilə müqavilə daha 1 il müddətinə uzadılsa da şirkət 2015-ci ilin yanvar ayında məzuniyyətdən sonrakı ilk iş günündə heç bir xəbərdarlıq bildirmədən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsi ilə birtərəfli qaydada xitam verib. “Bahar Energy” şirkəti Nərimanov Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Həmin şikayət Apelyasiya Məhkəməsinin hakimi Namiq Cəfərovun icraatındadır.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın