Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / Nazirlik deputatlara cavab verdi: “Məsuliyyətli və peşəkar yanaşma deyil”

Nazirlik deputatlara cavab verdi: “Məsuliyyətli və peşəkar yanaşma deyil”

Bu gün Milli Məclisdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən özünəməşğulluq proqramı ilə bağlı iradlar səsləndirilib.

Belə ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Musa Quliyev bildirib ki, özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı narazılıqlar var: “Mətbuatda da bu barədə məlumatlar dərc olunur. Sosial şəbəkələrdə də qoca, arıq heyvanların fotolarını görürük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı operativ iş görməlidir”.

Deputat qeyd edib ki, nöqsanlar aradan qaldırılmalıdır: “Bu layihə uğurla həyata keçirilməlidir və buna kölgə salınmamalıdır”.

Deputat Araz Əlizadə də bu məsələdən narazı olduğunu qeyd edib: “Bu layihədə insanlara yerli heyvanlar verilir. Onlara cins heyvanlar vermək lazımdır ki, inkişaf etdirsinlər. Nazirliyin mövqeyi budur ki, “heyvan öldüsə, bizi ver məhkəməyə”. Bu nə məntiqdir? Sən özün cibindən almırsan ki… Buna büdcədən vəsait ayrılır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gəncdir, çox gözəl, amma artıq yuxarıdan gedir. Belə olmaz… İnsanlara hörmət etmək lazımdır. İnsan xəstə heyvanla özünü necə dolandıra bilər?”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deputatların iradlarına dərhal reaksiya verib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına mal və materialların verilməsi prosesi həmin vətəndaşların biznes-planlarına uyğun şəkildə aparılmaqla, bu prosesdə onların məmnunluğu prinsipinə xüsusi diqqət yetirilir: “Mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır. Hər hansı iştirakçı razı qalmadığı halda həmin şəxsə yenidən mal və materiallar, o cümlədən mal-qara təqdim edilir. Ümumilikdə, özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib, 7896 müraciətçidən 7267 nəfəri biznes planlarını uğurla müdafiə edib. Artıq 5500-dən çox ailə aktivlərlə təmin olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb”.

Nazirlikdən bildirildiyinə görə, aktivlər təklif olunan minlərlə insan arasında bir neçə narazı şəxsin ola bilməsi də təbii haldır: “Ötən il verilmiş aktivlərin keyfiyyəti ilə bağlı iştirakçılar arasında keçirilmiş monitorinqlər zamanı da aktivlərdən şikayət edənlərin proqram iştirakçılarının 0,4 faizini təşkil etdiyi müəyyən olunub (təqdim olunmuş 29 min baş mal-qaradan cəmi 119-u üzrə). Nazirlik həmin iştirakçıların haqlı narazılığına uyğun olaraq müvafiq tədbirlər görüb. Yəni belə olduğu halda aktivlər yeniləri ilə əvəzlənir. Sonda vətəndaş razılıq əlaməti olaraq aktı imzalayır. Bu prosesin vətəndaşın razılığı ilə video çəkilişi də aparılır. Proqramın icrasına, xüsusilə də podratçı şirkətlər tərəfindən aktivlərin verilməsi prosesinə nazirlik tərəfindən daimi nəzarət həyata keçirilir. Hər hansı araşdırma aparılmadan, əsas olmadan, bəzi şəxslərin sosial şəbəkələrdə yaydığı provokasiya xarakterli məlumatlara görə mühüm sosial-iqtisadi əhəmiyyəti olan özünüməşğulluq proqramının icrası işləri barədə mənfi rəy yaratmağa çalışmaq məsuliyyətli və peşəkar yanaşma deyil”.

Həmçinin oxuyun

Daniyelyan: “Mnatsakanyanın cavab verə bilmədiyi suallar…”

“Zöhrab Mnatsakanyanın müsahibəsini diqqətlə oxuyun, daha dəqiq desəm, onun cavab verə bilmədiyi KİV-in suallarını oxuyun”. …