Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Siyasət / Nazirin qardaşı ona borclu olanı bağışladı

Nazirin qardaşı ona borclu olanı bağışladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

“Qafqazinfo” xəbər verir ki, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə zərərçəkmiş Əlikram Camalovun vəkili İmaməli Əsgərov bildirib ki, S.Nəbiyev vəkili Ceyhun Yusifovdan imtina etməsi barədə ərizə yazaraq məhkəməyə təqdim edib: “O ərizəsində qeyd edib ki, Ceyhun Yusifov onun adından bir sıra saytlara açıqlama verib. Samir Nəbiyev bu açıqlamalardan və vəkilindən imtina edib”.

Məhkəmədə iştirak edən S.Nəbiyev ərizəsini təsdiqləyib.

Vəkil İ.Əsgərov əlavə edib ki, Ə.Camalov da məhkəməyə ərizə yazıb və S.Nəbiyevi bağışladığını, dəymiş zərərdən imtina etdiyini bildirib.

Vəkil C.Yusifov da ondan imtinanın qəbul edilməsini xahiş edib: “Mənə lazım idi ki, Samir günahsız yerə tutulmasın”.

Məhkəmə istintaqı yekunlaşıb, dövlət ittihamçısı cəza istəmək üçün vaxt istəyib.

Proses sentyabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, S. Nəbiyevin mətbuata müraciətində vəkili haqda bir sıra ittihamlar da yer alıb. Həmin müraciəti də təqdim edirik:

“Mənim adım bir çox saytlarda özümün xəbərim və istəyim olmadan hallanıb. Mənə qarşı açılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı son aylarda adımdan dövlətimizin rəhbər şəxslərinə müraciətlər yayılıb. Mən hazırda düşdüyüm vəziyyətdə baş verənləri real qiymətləndirirəm. Əsl həqiqətin mənim adımdan yazılmasını və bu məsələlərə birdəfəlik son qoyulmasını istəyirəm. Etiraf edirəm ki, öz səhlənkarlığımdan düşdüyüm vəziyyətdən istifadə edərək vəkilim tərəfindən mənim adımdan yayılan məlumatları əvvəllər ciddiyə almamışam. Ancaq indi fikirləşirəm ki, hər şeyi mərdi-mərdanə olmalıdır. Əvvəllər yaxşı münasibətdə olduğum, bir ağsaqqal kimi hörmətini saxladığım Əlikram Camalovla aramızda yaranmış məlum vəziyyətdə özümü günahkar bilirəm. Mən Bakı şəhərində işlədiyim mağazanın fəaliyyətini genişləndirmək üçün Əlikram müəllimdən pul aldığımı heç vaxt inkar etməmişəm, bu gün də inkar etmirəm. Lakin Əlikram müəllimə verdiyim vədləri yerinə yetirməyə, pulunu qaytarmağa maddi imkanım olmayıb.

Samir Nəbiyevin dediyinə görə, onun Ə.Camalovu aldadıb pulunu ələ keçirmək kimi niyyəti olmayıb. “Sadəcə, Ə.Camalovdan aldığım pulu imkansızlıq üzündən qaytara bilməmişəm və sonradan da ailə üzvlərimin xəstəliyi, atamın vəfatı səbəbindən bütün işlərimi dayandırmaq məcburiyyətində qaldım. İstintaq zamanı məcbur qalıb vəkilin yardımına müraciət etdim. Lakin Ceyhun Yusifovun mənim adımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya müraciətlərindən məlumatım olmayıbr. Məhkəmənin gedişi vaxtı müxtəlif saytlarda adımdan yayılan məlumatlar mənim istəyimlə deyil, vəkil Ceyhun Yusifov öz reytinqini qaldırmaq üçün edib. Ə.Camalovdan pulu alıb qaytarmadığım halda, sonradan onun haqqında bu cür müraciətləri yaymaq mənim xarakterimə, şəxsiyyətimə uyğun deyil. Bu cür məlumatların yayılmasına təəssüf edirəm. Həm də ona təəssüf edirəm ki, vaxtında səhvimi boynuma alaraq Əlikram müəllimə aldığım pulları qaytara bilmədiyimi, utandığımdan onunla görüşlərdən yayındığımı, mağazanı bağladığımı ona izah etməmişəm.

Məhkəmənin ilk iclasında Ə.Camalov mənə güzəştə gedəcəyini bildirmişdi. Sonradan vəkilim C.Yusifov bəzi saytlarda Ə.Camalov haqqında yanlış, həqiqətə uyğun olmayan müraciətlər yaydıqdan sonra Əlikram müəllimə müraciət etməyə üzüm gəlmədi. Məni bu cür çıxılmaz vəziyyətə saldığına görə C.Yusifovdan vəkil kimi imtina etmişəm və bildirirəm ki, bu gündən mənim işim barədə onun danışmağa ixtiyarı yoxdur. Bütün KİV-dən də xahiş edirəm ki, mənim bu müraciətmi nəzərə alaraq, bir daha C.Yusifovun mənim işim barəsində danışdıqlarını yaymasınlar.

Ümid edirəm ki, Ə.Camalov respublikada tanınan bir sahibkar, ağsaqqal kimi mənim vəziyyətimi nəzərə alacaq.

Bu vaxta qədər baş verənlərə, mənim istəyimə zidd olaraq vəkil C.Yusifov tərəfindən Əlikram müəllim barəsində əsassız məlumatların yayılmasına görə üzrxahlığımı qəbul etməsini xahiş edirəm”.

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …

Bir cavab yazın