Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad olunub, həmin vəzifəyə nazir müavini Vüqar Mustafayev təyin edilib.
V.Mustafayevlə bağlı məlumatları təqim edirik:
O, 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə — Menecment ixtisasına daxil olmuş, 2008-ci ildə fərqlənmə ilə bitirmişdir. 2010 – 2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramı üzrə məzun olmuşdur.
O, 2016-cı ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor (CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir və 2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.
Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətdə olub.
Ailəlidir. İki övladı var.
Karyerası
Vüqar Mustafayev bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.
2009 – 2012-ci illərdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkəti “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru vəzifəsini icra edib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb. 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub. 2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərib. 2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.