Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Nazir rektora niyə yazılı xəbərdarlıq edib: Plagiat iş, yoxsa gizli qovğa? (SƏNƏD)

Nazir rektora niyə yazılı xəbərdarlıq edib: Plagiat iş, yoxsa gizli qovğa? (SƏNƏD)

Azərbaycanda təhsil sistemində hökm sürən bərbad vəziyyətə uzun illərdir çoxsaylı səbəblər, sayısız amillər göstərilsə də, söhbət hərlənib-fırlanıb yekunda bir qənaətdə bitir: nə qədər ki, bu sektora millətin yetişdirildiyi, dövlətin gələcəyinin qurulduğu əsas bünövrə kimi deyil, sadəcə, yaxşı gəlir gətirən sahətək baxılacaq, Azərbaycanda təhsil elə bu kökdə də olacaq və heç vaxt da inkişaf etməyəcək!

Elə məhz “yaxşı gəlir gətirən sahə” kimi yanaşıldığındandır ki, uzun illərdir təhsil sektoru həm də böyük bir intriqa ocağına çevrilib və bu proses hər gün bir az da körüklənməkdə, alovlanmaqdadır: iş-güc, təhsilin, tədrisin problemləri qalıb bir kənarda, təzə gələnlər köhnələrin, köhnədən qalanlar da təzələrin “torbasını hörməklə” məşğuldur…

Çox uzatmadan, aşağıda sizə təqdim edəcəyimiz bir sənəd də uzun müddətdir bu sektorda hökm sürən “yenilər”lə “köhnələr”in intriqalarına işıq salmaq baxımından çox və olduqca maraqlı, həm də heyrətamiz və ibrətamizdir.

Beləliklə, Strateq.az-ın əldə etdiyi bir sənəddən aydın olur ki, Təhsil naziri Mikayıl Cabbarov iyulun 5-də “Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi haqqında” 464 saylı əmr imzalayıb.

Sənədin preambulasında qeyd olunur ki, Təhsil Nazirliyində 2015-ci ilin dekabrın 12-də keçirilmiş müşavirədə (?!), eləcə də Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 7 aprel 2016-cı il tarixdə keçirilən “Dəyirmi masa”da bəyan edilmiş “Nazirliyin plagiat halları ilə barışmazlıq mövqeyi” əsas tutularaq və təhsil müəssisələri tərəfindən plagiatlığa qarşı real addımların atılmasını təmin etmək məqsədilə  belə bir əmr imzalanıb.

Əlbəttə, 2015-ci ilin dekabrın 12-də (xatırladaq ki, bu tarix mərhum prezident Heydər Əliyevin vəfatının 12-ci ildönümünə təsadüf edir və adətən, həmin günlər rəsmi tədbirlər yox, daha çox mərhum prezidenti anma mərasimləri keçirilir – S.Q.)Təhsil Nazirliyində “plagiatlıqla mübarizəyə həsr olunmuş müşavirə”də nə kimi məsələlərin müzakirə edildiyi haqda məlumatımız yoxdur və sənəddə də bu haqda əlavə hər hansı məlumat verilmir… Ancaq 05 iyul 2016-cı il tarixli 464 saylı əmrin mətnindən o aydın olur ki, nazir Mikayıl Cabbarov tədris vəsaitlərində plagiat halların qarşısının alınması sahəsində Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin fəaliyyətini qeyri-qənaətbəxş hesab etməklə yanaşı, rəsmi şəkildə bir rektora da çox sərt şəkildə xəbərdarlıq da edib.

Bu rektor kim olsa, yaxşıdır? Adı xeyli vaxtdır ölkə mətbuatında Mikayıl Cabbarovun vəzifəsindən uzaqlaşdırmaq istədiyi qocaman rektorlardan biri kimi çəkilən Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov!

havar-22

Xatırladaq ki, 71 yaşlı texnika elmlər doktoru, professor Havar Məmmədov 1989-cu ildən – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin “Elm və təhsil müəssisələri” şöbəsində fəaliyyətini başa vurandan bəri, həyatını Texniki Universitetə bağlayıb. O vaxt Politexnik İnstitutu adlanan sözügedən ali təhsil müəssisəsində əvvəlcə axşam və qiyabi təhsil üzrə prorektor, 1991-1993-cü illərdə tədris işləri üzrə prorektor, sonrakı dövrdə kafedra müdiri işləyib, 2000-ci ildənsə Azərbaycan Texniki Universitetinin rektorudur.

İşin ən maraqlı tərəflərindən biri budur ki, nazir Mikayıl Cabbarovun plagiatlığa görə rəsmi şəkildə xəbərdarlıq etdiyi şəxs “texniki elmlərin və təhsilin inkişafındakı xidmətlərinə görə” yüksək dövlət mükafatı – “Şöhrət” ordeni ilə təltif olunub, üstəlik, ötən ilin oktyabrında ona Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adı verilib.

İndi gəlin, baxaq, görək, gənc təhsil nazirimizin əmrində bu “Şöhrət” ordenli 71 yaşlı qocaman rektor-professorun, “Əməkdar elm xadimi”nin barəsində nə yazılıb:

“… Azərbaycan Texniki Universitetində hazırlanan tədris vəsaitlərində plagiat hallarına dəfələrlə (!!!-red.) yol verildiyinə və belə halların qarşısının alınması üçün ciddi tədbirlərin görülmədiyinə görə rektor, professor Havar Məmmədova xəbərdarlıq edilsin…”.

Əlbəttə, hüquqi baxımdan nazirin rektora bu sayaq xəbərdarlıq etməsinə heç bir maneə yoxdur, əksinə, neqativ hallara qarşı mübarizə aparmaq baxımından cəsarətli addımdır və təqdir edilməlidir. Ancaq işin mənəvi və ən əsası, gerçək mahiyyətinə gəldikdəsə, bax, “xoruzun quyruğu” da elə burada üzə çıxır…

Söhbət ondan gedir ki, bizim hökumətimizin idarəetmə fəlsəfəsində, adətən, Prezidentin etimad göstərərək təyin etdiyi və yüksək dövlət mükafatı verdiyi şəxslərin öz nazirləri tərəfindən bu sayaq cəzalandırılması halı, demək olar, yoxdur və bu, “yuxarılarda” hamının bilib gözlədiyi “yazılmamış qanunlar”dan sayılır. Belə demək mümkünsə, hörmətli gənc Təhsil nazirimiz idarəçilikdəki bu ənənəvi qaydaların götürülməsi istiqamətində də bir “ilkə” imza atıb.

Üstəlik, Prezidentin təhsildəki xidmətlərini nəzərə alıb “Əməkdar elm xadimi” adıyla mükafatlandırdığı sərəncamın mürəkkəbi qurumamış professor-rektora “…tədris vəsaitlərində plagiat hallarına dəfələrlə yol verildiyinə və belə halların qarşısının alınması üçün ciddi tədbirlərin görülmədiyinə görə” cəza təyini həm də təhsil sistemində və bütövlükdə bu sektordakı idarəçiliyin, əməyin qiymətləndirilməsi meyarlarının hansı vəziyyətdə olduğuna işıq tutmaq baxımından da çox diqqətçəkici və absurd haldır…

Və daha bir maraqlı detal: nazir Mikayıl Cabbarov əmrə əsas kimi, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiriYaqub Piriyevin təqdimatını göstərib. O Yaqub Piriyevin ki, Texniki Universitetin dəhlizlərində gəzən söz-söhbətə görə, çox yaxın zamanlarda Texniki Universitetlə Memarlıq və İnşaat Universiteti birləşdiriləcək, ona rektor da məhz elə Yaqub Piriyev gətiriləcək…

Əlbəttə, kimin haraya qoyulub-qoyulmayacağını o yerə iddiaçılar yox, o yerə təyin edən yaxşı bilir. Heç şübhəsiz ki, bu dəfə də elə olacaq və biz mövzunun bu tərəfini dartışmaqda, müzakirə açmaqda qətiyyən maraqlı deyilik.

Bizim üçün maraqlı olan əsas məqam budur: nazirin rektoru bu sayaq cəzalandırmasının kökündə, arxasında nə yatır? İndiyədək deyilənlər və yazılanlar, yoxsa, sadəcə, plagiatlıq?! Axı təhsilin problemlərinin həlli üçün plagiatlığa və ya buna şərait yaratmağa görə cəzalandırma belə zəruridirsə, gərək ki, Texniki Universitet siyahının başında durmaya?! Bəlkə, elə təhsildəki gerçək islahatlar Nazirliyin özündən başlaya?!

Mövzu diqqətimizdədir, əlavə məlumatlar veriləcək.

emr-mikayil

emr-mikayil-2

mia.az

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın