Şənbə , İyun 25 2022
Ana səhifə / Siyasət / “Naxçıvanda vəziyyət olduqca ağırdır”

“Naxçıvanda vəziyyət olduqca ağırdır”

Bakı-Naxçıvan biletləri bahalaşıb. Azərbaycan vətəndaşı olan hər bir sərnişinə bu gündən etibarən güzəşt məbləği 10 manata endirilir. Qeyd edək ki, əvvəllər bu məbləğ 20 manat təşkil edirdi.

Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əslən Naxçıvandan olan ADP sədri Sərdar Cəlaloğlu verilən qərarı düzgün hesab etməyib:

“Ümumiyyətlə, bu cür məsələlər vətəndaşların gəlirinin artması və baş verən məsələlərlə bağlı olur. Vətəndaşların gəlirlərində ciddi bir dəyişiklik yoxdursa, sual olunur ki, nəyə görə verilən güzəştlər aradan qaldırılır? Belə çıxır ki, ya əvvəlki qərar düz deyildi, ya da indiki. Biz bilirik ki, son vaxtlar Azərbaycan vətəndaşlarının gəlirlərində ciddi bir dəyişiklik yoxdur. Onda bu güzəştlərin aradan qaldırılmasının heç bir əsası yoxdur”.

Hazırda quru yollarının da bağlı olduğunu qeyd edən partiya sədri belə vəziyyətdə qiymət artımına gərək olmadığını bildirib:

“Əvvəllər Naxçıvandan quru yollar var idi, Gürcüstan üzərindən, hətta dəmiryolları ilə Bakıya gəlmək olurdu. Vətəndaşlar bu yollarla gəldikdə çox əziyyət çəksələr də, saatlarla yollarda qalsalar da gələ bilirdilər. Naxçıvandan Bakıya 20-30 manata avtobusla gəlmək olurdu, ona görə camaat hava yollarından çox istifadə etmirdi. 

Amma bu gün bu yolların hamısı bağlıdır, vətəndaşların yeganə istifadə edə biləcəyi yol hava yoludur. Hava yoluna da indiki halda güzəştin ləğv olunması düzgün qərar deyil. 

Bildiyiniz kimi, Naxçıvanda da işsizlikdir, olduqca ağır vəziyyət var. Xüsusən ağır xəstələrin Bakıda müalicəyə ehtiyacı var, tələbələrin Bakıda təhsil almağa ehtiyacı var, elə məmurların da Bakı ilə sıx əlaqə yaratmasına ehtiyac var. 

Bütün bunların fövqündə güzəştlərin ləğv edilməsini düzgün hesab etmirəm. Nəzərə alsaq ki, dünya bazarında Azərbaycan neftinin qiyməti qalxıb, belə bir vəziyyətdə, əhalinin müəyyən təbəqəsinin sosial çətinlik çəkdiyi vaxtda onların vəziyyətini daha da ağırlaşdıran addımlar atılması dövlətin müdafiə qüdrətinə mənfi təsir edir, bu vətəndaşların narazılığına gətirib çıxara biləcək. Bunu yanlış addım hesab edirəm”.

Həmçinin oxuyun

Siyasi partiyaların rəhbərləri və politoloqlar Zəngilana getdi

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq iyunun 24-də Zəngilana səfər ediblər. …