Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Naxçıvan informasiya mübadiləsi məkanına çevrilib

Naxçıvan informasiya mübadiləsi məkanına çevrilib

 

Naxçıvan Muxtar Respublikası bu gün informasiya mübadiləsi məkanına çevrilib. Beş minillik tarixə malik qədim Nuh yurdunda reallaşdırılan “Elektron Naxçıvan” layihəsi dünyaya açılan virtual pəncərədir. Bu möhtəşəm pəncərədən qloballaşan dünyanın, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının bu günü və sabahkı inkişafı bütün aydınlığı ilə görünür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Dövlət Universitetində (NDU) “Elektron Naxçıvan-11: elektron təhsil sistemində reallıqlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirilib.

Beynəlxalq konfransda çıxış edən NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvanda informasiya texnologiyalarının geniş tətbiq olunması, sürətli internet şəbəkəsinin yaradılması istiqamətində mühüm dövlət əhəmiyyətli proqramların həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, NDU-da müasir texnologiyaların mənimsənilməsi, təhsilin informasiyalaşdırılması istiqamətində mühüm nəticələr əldə olunub. Universitetdə internet mərkəzləri və müasir texnologiyalarla təchiz edilmiş auditoriyaların mövcud olması, elektron kitabxana yaradılması bu sahədə qazanılan nailiyyətlərdən xəbər verir. Muxtar respublikada təhsilin inkişaf strategiyası ilə bağlı qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə ali təhsil ocağında “Elektron təhsil” və “Elektron universitet” layihələrinin həyata keçirilməsi, semestr və dövlət imtahanlarının elektron test üsulu ilə aparılması milli təhsil tariximizdə əlamətdar hadisələrdəndir.

Tədbirdə “Elektron Naxçıvan” filmi nümayiş etdirilib.

Filmdə tamaşaçıların diqqətinə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Naxçıvan Dövlət Universitetində 2005-ci ildə gerçəkləşdirilmiş “Elektron Naxçıvan” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində atılan ilk əhəmiyyətli addımlardan olub. Bu layihə çərçivəsində beynəlxalq konfranslar keçirilib. 2013-cü ildə keçirilən, Naxçıvanda informasiya-kommunikasiya texnologiyalarının inkişaf göstəricilərindən bəhs edən “Elektron Naxçıvan-8” mövzusunda elmi konfrans NDU-nu Elektron Kitabxanasının açılışı ilə yadda qalıb.

Konfransda AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Fransanın Montopelye Universiteti ilə videobağlantı yaradılıb.

Tədbirdə NDU-nun xarici tələbələrlə iş üzrə fakültəsinin dekan müavini Hüseyn Qasımovun “Naxçıvan Dövlət Universitetində elektron təhsil sisteminin dünəni və bu günü”, bu ali təhsil ocağının elektron kitabxanasının müdiri Fariz Əhmədovun “Elektron kitabxananın müasir təhsil sistemində rolu” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə qeyd edilib ki, 2015-ci ildə universitetdə “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsi tamamlanıb. 2013-cü ildə təməli qoyulmuş bu layihə Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə uğurla həyata keçirilib. Layihə çərçivəsində müasir İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi istifadəyə verilib. Layihənin digər tərkib hissəsi – rəqəmsal multimedia infrastrukturu videodərslərin hazırlanması və distant tədrisin tətbiqini reallaşdırmağa geniş imkanlar açır. Universitet televiziyasındakı müasir texnologiyalar, yeni quraşdırılmış virtual studiya videodərslərin yazılması və internet portalında yerləşdirilməsi ilə yanaşı, adıçəkilən televiziyanın və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində HD formatda yüksəkkeyfiyyətli yayımına da şərait yaradıb.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın