Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Siyasət / Natiq Cəfərli REAL-ın dövlətdən pul almasını tənqid edənlərə cavab verdi

Natiq Cəfərli REAL-ın dövlətdən pul almasını tənqid edənlərə cavab verdi

REAL partiyasının icra katibi Natiq Cəfərli təmsil etdiyi partiyanın dövlət büdcəsindən maliyyə alması ilə bağlı gedən müzakirələrə cavab verib.

N.Cəfərli faktlar və arqumentlərlə o iddiaların əsassız olması ilə bağlı yazıb: “Bir neçə gündür ki, bəzi ağzıgöyçəklər, 27 ildir hökumətdən, məhz hökumətdən gizli-aşkar pul alanlar REAL-ın parlament partiyasına çevrilməsindən sonra qanunla dövlət büdcəsindən (hökumətdən yox ha, dövlətdən – hələ də hökumətlə dövləti bir-birinə qarışdıranlar var) vəsait almasına rişxənd edirlər.

Bu məsələni bir daha izah edim, hər şey aydın olsun:

1) Biz idealda majoritar sistemdə partiyaların büdcədən maliyyələşməsinin əlehinəyik – belə seçki sitemində məhz dairədən olan seçicilər namizədin seçki kampaniyasını aktiv maliyyələşdirməlidir. Bu prinsipdir – dairə seçicisi öz namizədini deputat görmək istəyirsə, ona maddi yardım edir. Amma proporsional sitemdə seçici partiyalara səs verir, məhz belə sistemdə partiyaların büdcədən yardım alması doğrudur, çünki o zaman ölkə “vahid dairə” prinsipi ilə səs verir. Biz məhz proporsional seçki sisteminin bərpa olunması tərəfdarıyıq, bunun üçün çalışırıq. Sadəcə, indi bu sistemi dəyişə bilmirik deyə, qanunların bizə verdiyi haqqdan istifadə edirik,

2) Ölkədə büdcənin formalaşmasında vətəndaşlar birbaşa və dolayı yolla iştirak edir – birbaşa vergi ödəyir, dolayısı ilə isə hər alış-verişdə (məsələn, iri marketlərdə) ƏDV şəklində vergi ödəyicisi olur. Ölkədə bütün rüsum və vergilərin son ödəyicisi vətəndaşdır. Məsələn, keçən 2020-ci ildə Azərbaycan vətəndaşları 4 mlrd. 598 mln. manat ƏDV ödəyiblər. Yəni, məsələn, il ərzində (yuvarlaq rəqəmlərlə yazıram) “Bravo”dan 1600 manatlıq (aya 135 manat) aliş-veriş etmisinizsə, deməli, 290 manata yaxın ƏDV ödəmisiniz. REAL partiyasına ayrılan vəsait ƏDV-dən ödəndiyini düşünsək, bu il ərzində ödədiyiniz 290 manat verginin cəmi 1 qəpiyini bizə ödəmiş olursunuz. Bir daha, il ərzində ödədiyiniz ƏDV-nin cəmi 1 qəpiyini indi dövlət REAL-a ödəyəcək. Deməli, biz pulu hökumətdən yox, dövlətin büdcəsindən, vətəndaşlardan alacağıq. Və bunun üçün, ilə ödədiyiniz 1 qəpik üçün sizə – vətəndaşlara dərin təşəkkürümüzü bildiririk,

3) REAL vətəndaşdan alacağı vəsaitin böyük bir hissəsini elə vətəndaşlar üçün də xərcləyəcək – biz il ərzində dəyərlərimizi, prinsiplərimizi, tezislərimizi müdafiə etmək, təsdiqləmək üçün bir neçə böyük elmi araşdırma və sorğular sifariş etmək istəyirik. Gənc alimlərə, mütəxəssislərə, sivil toplumda olan dəyərli fikir adamlarıma rəsmi müqavilələrlə araşdırmalar sifariş edəcəyik və sonra hər bir araşdırmanın geniş təqdimatını keçirəcəyik. Beləliklə də, ölkədə illərdir ilklərə imza atan REAL bu dəfə də ilk olaraq belə bir iş görmək istəyir. Bu araşdırmalar və sorğular düzgün siyasət yürütməyə, əsaslandırılmış arqumentlərlə hökumətə cavab verməyə kömək olacaq ki, bunun da xeyrini bütün vətəndaşlar görəcək.

İndi özünüz qərar verin, o sizin hər birinizin ödədiyi ilə cəmi 1 qəpik, məsələn, Bravoya getməsimi yaxşıdır, yoxsa vətəndaşlara xidmət edən işlərə xərclənməsimi?!”

Həmçinin oxuyun

“Laçın dəhlizinin Ermənistan-Azərbaycan sərhədinə baxan ağzını bağlamalıyıq”

Rusiya sülhməramlılarının vaxtaşırı sərgilədiyi davranışlar Azərbaycan ictimaiyyəti tərəfindən narazlıqla qarşılanır. Növbəti dəfə sülhməramlı kontingentin hərbçilərinin …