Ana səhifə / Siyasət / Natiq Cəfərli: “Cəmiyyətin özü Putini “doğdu” və “böyütdü””

Natiq Cəfərli: “Cəmiyyətin özü Putini “doğdu” və “böyütdü””

“Avtoritar, və ya institutsional olmayan, şəxsə bağlı olan sistemlərdə siyasi loyallıq bəsit formullarla bərqərar olur: SSRİ dağılandan sonra qurulan Rusiya modelində əvvəl ideya böhranı yaşandı, sistem müəyyən mənada liberallaşdı, amma bu liberalizmi həzm edə bilən institutlar olmadığı üçün yenidən “sərt əl” nostaljisi yarandı, cəmiyyətin özü Putini “doğdu” və “böyütdü”, yəni, Putin olmasaydı başqa bir “Putin” olacaqdı, çünki cəmiyyət olaraq sosial tələbat məhz belə liderə idi. Putin isə əvvəlcə ölkədaxili xaosu sərt əllə düzənə saldı, amma ideya təklif edə bilmədiyi üçün loyallığın pulla, korrupsiya ilə aşağıdan ta yuxarıya alınması yolunu seçdi. Fərqli, amma işlək bir “ictimai saziş” yarandı, sərtləşən rejim, əvəzində rejimi dəstəkləyən böyük patronlar, onların altında bir az balaca patronlar, onlardan sonda daha balaca və s., yəni, hakimiyyətin şaquli dəstəyi korrupsiya üzərinə inşa edildi. Pararlel olaraq “böyük və güclü ölkə” ideyası yarandı, xarici düşmən obrazı gücləndirildi ki, daxili problemləri onların üzərinə atmaq asan olsun, amma cəmiyyətə də neft-qazdan, Rusiyanın sərhədsiz resurslarından pay düşməyə başladı. Özünəməxsus orta sinif yarandı, onlarla da “ictimai saziş” forması tapıldı, sayları milyonlarla ölçülən o şəxslər siyasətə qarışmamağın əvəzinə pul qazanmaq, dünyanı gəzmək, sivil dünyanın nemətlərindən, bank, internet və s. xidmətlərindən maneəsiz istifadə hüququ tanındı. Bütün bunlar Rusiyanın böyüyərək öz əzəli torpaqlarını qaytaracağı hekayəsi ilə pərçimləndi, nəticədə militarist, imperialist toplum formalaşdı”.

Bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, primitiv işğal siyasəti milli ideoloji, cəlbedici hekayəyə çevrilməyə başladı, amma Ukrayna təzavüzü bu “ictimai saziş”ləri pozur, tam pozmaq üzrədir: “Bu isə Putin üçün ən böyük təhlükədir. Rəsmi Kreml 20 ildən çoxdur ki, işlək olan loyallıq sazişini pozdu. Bu gün böyük, bir az balaca, onlardan da kiçik və s. patronlar siyasi loyallıq əvəzinə əldə etdikləri bütün maddi üstünlüklərdən məhrum olurlar. Hətta Kreml indi yeni “anti-korrupsiya” əməliyyatlarına start verərək böyükdən lap kiçiyə bəzi patronları həbs etməklə cəmiyyətə rüşvətlə mübarizə mesajları verməyə çalışır, bu isə irili-xırdalı patronlarla anlaşmanı, sazişi pozur. Bundan başqa, milyonlarla özünəməxsus orta sinfə aid insanlarla bağlanmış sivil dünyanın nemətlərindən maneəsiz istifadə sazişi də pozuluq – onlar istədikləri kimi səyahətə çıxa, internetdən maneəsiz istifadə edə, bank kartlarından alış-veriş edə bilmirlər ki, bu da 20 illik “sosial sazişi” pozmaq anlamına gəlir. Yəni, xəstə və doqmatik ideyalar üzərinə qurulmuş hekayələr dağıldıqca, bəlli ictimai saziş üzərinə inşa edilmiş münasibətlər pozulduqca Kreml ağasının vəziyyəti də dəyişir-dəyişəcək…”

Həmçinin oxuyun

Berlində AMİP-in tam hüquqlu üzv olduğu BDİ-nin icraçı toplantısı və sammiti keçirilib

İyunun 26-29-u tarixlərində Berlində AMİP-in tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) Forumu, İcraçı …