Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / Narıncı inqilabları “qətl edən” Maydanın 4-cü ili – ŞƏRH

Narıncı inqilabları “qətl edən” Maydanın 4-cü ili – ŞƏRH

Ukraynada fevralın 20-də Avromaydan hərəkatının ən qanlı günündən 4 il ötdü. Bu günlə bağlı Kiyevdə bir sıra anım tədbirləri keçirilib və 4 il öncə təhlükəsizlik qüvvələri ilə toqquşmalarda öldürülmüş etirazçılar yad edilib.

Məlumat üçün bildirək ki, Avromaydan hərəkatı 2013-cü ilin noyabrında başlanıb, etirazçılar Kiyevin mərkəzinə toplaşıb. Səbəb rusiyapərəst prezident Viktor Yanukoviçin Avropa Birliyi ilə Assosiasiya Sazişinin imzalanmasını ertələdiyini, Rusiyayla daha sıx iqtisadi əlaqələrlə bağlı planlarını açıqlamasıydı. Ukraynada müstəntiqlər etirazlarda 104 nəfərin öldürüldüyünü, 2 min 500 nəfərin yaralandığını deyir. Etirazların sonunda, 2014-cü il fevralın 21-də Yanukoviç Kiyevdən qaçıb, Rusiyaya sığınıb. Amma o, polisə etirazçılara atəş açmaq əmri vermədiyini, zorakılıqların hökuməti devirməyi hədəfləyən “planlaşdırılmış əməliyyat” olduğunu iddia edir.

Moskva isə Avromaydan hərəkatına həmin ilin martında Ukraynanın Krım yarımadasını ilhaq etməklə reaksiya verdi. Ölkənin şərqində qızışdırılan separatçılıq indiyədək 10 min nəfərin həyatına son qoyub, 1,6 milyondan çox ukraynalı evindən didərgin düşüb.

Bu hadisələrin Ukrayna, eləcə də, MDB məkanı üçün nəticələri barədə fikirlər müxtəlifdir. Bu hadisələrdən sonra narıncı inqilablar anlayışı demək olar tarix oldu. Əgər həmin hadisələrə qədər Ukrayna da daxil bir sıra ölkələrdə narıncı inqilablar baş vermişdisə, bəzi ölkələrdə də bu proseslər yetişmək üzrə idisə, Avromaydan hərəkatı bunların hamısına son verdi. Məhz orada baş verən qanlı hadisələrin digər MDB ölkələrinə də ciddi təsir etdiyi və həmin ölkələrin bu hadisələrdən istifadə edərək, önləyici tədbirlər gördüyü barədə daim fikirlər səslənir. Bu hərəkatın Ukraynaya ciddi zərbə vurduğu şübhəsizdir. Ukrayna bu hadisələrdə tək çoxsaylı insan itkisi vermədi, eyni zamanda, Krım kimi tarixi bir torpağını da itirdi.

 

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında həmin hadisələr barədə bir sıra maraqlı təhlillər verdi:“Maydanın Ukraynaya nə verdiyini və ya Ukraynadan nə aldığını təhlil etməzdən əvvəl qısaca bu inqilabın nə dərəcə zəruri və qaçılmaz olduğunu dəqiqləşdirməyə ehtiyac var. Çünki inqilabın ərazi itkisinə gətirib çıxardığını və bu baxımdan Ukrayna üçün çox ağır nəticələrə səbəb olduğunu söyləyənlər var. Onların fikrincə, inqilabdan qaçmaq və dinc yolla dəyişikliyə nail olmağa çalışmaq lazım idi. Rusiyanın hakim dairələri və Kremlə yaxın ekspertlər, eləcə də Azərbaycanda və digər ölkələrdə Rusiyanın mövqeyindən çıxış edən bəzi çevrələr və fərdlər isə inqilabı xalqın iradəsinə zidd olaraq ABŞ tərəfindən bir qrup radikal millətçinin əli ilə törədilmiş hadisə sayır. Mən Ukraynada 2014-cü il fevral inqilabının qaçılmaz zərurət olduğunu, hətta xeyli gecikdiyini düşünürəm. Çünki ölkə rəhbərliyi vətənə xəyanət etmişdi. Söhbət təkcə prezident Viktor Yanukoviçin 2013-cü ildə xalqın iradəsinə zidd olaraq Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaqdan imtina etməsindən getmir. Hələ bundan 3 il əvvəl – 2010-cu ilin aprelində Yanukoviçin Rusiya prezidenti Medvedev ilə imzaladığı Xarkov razılaşmaları əslində dövləti cinayət idi və həmin vaxt inqilaba səbəb olmalıydı.

volunteera.jpg (185 KB)

Bu anlaşma Ukrayna müxalif çevrələrində məşhur Molotov-Ribbentrop Paktına işarə vurularaq “Medvedev-Yanukoviç Paktı” adlandırılırdı. Lakin o vaxt Ukrayna müxalifəti bu razılaşmaların nə dərəcədə faciəvi olduğunu topluma tam anlada bilmədi, nəticədə genişmiqyaslı etiraz aksiyaları təşkil etmək mümkün olmadı. Həmin razılaşmalarda Rusiyanın Ukrayna ərazisindəki böyük hərbi bazasının – Qara dəniz donanmasının Krımda dislokasiya müddətinin 25 il uzadılması, Rusiyanın ehtiyac görəcəyi təqdirdə, bu donanmanın şəxsi heyətinin sayını artırmaq hüququ, eləcə də Krım və Rusiya arasında Kerç boğazı vasitəsilə körpünün tikintisi nəzərdə tutulurdu.

984601_epa04045185_83.jpg (139 KB)

Ümumiyyətlə, Yanukoviç hökumətində ən vacib strukturlara Rusiyanın adamları təyin olunmuşdu. İnqilab bu baxımdan lakmus kağızı rolunu oynadı, Moskvanın bütün adamları üzə çıxdı və onlar xalqın qəzəbindən qurtulmaq üçün məhz Rusiyaya sığındılar. İnqilabdan sonra Rusiyaya qaçmış ukraynalı vəzifəlilərin kimlər olduğuna nəzər salanda hər şey bəlli olur: prezident, baş nazir, daxili işlər naziri, müdafiə naziri, Təhlükəsizlik Xidmətinin rəhbəri, baş prokuror, təhsil naziri və digər nazirlər… Prezident başda olmaqla, ən kritik və həyati əhəmiyyətli dövlət strukturlarının başında başqa dövlətin adamları oturubsa və onlar məqsədli şəkildə ölkəni dağıtmaqla məşğuldurlarsa, bu hakimiyyəti devirmək xalqın legitim hüququdur. Korrupsiyanın miqyası da dəhşətli idi, Yanukoviç və ətrafının mənimsədiyi sərvətin həcmi 40-50 milyard dollar məbləğində qiymətləndirilir. Yəni inqilab zəruri idi, hətta qeyd etdiyim kimi, xeyli gecikmişdi. İnqilabın müharibəyə və torpaq itkisinə səbəb olmasına gəldikdə isə, Krımın işğalı və ilhaqı prosesi, daha sonra isə Donbasda baş verənlər göstərdi ki, Rusiya buna hazır idi və planlarını çoxdan hazırlamışdı. Ukrayna Rusiyadan qopma təşəbbüsü göstərdiyi istənilən an bu hadisələr baş verəcəkdi. SSRİ dağıldıqdan sonra Ukrayna real müstəqillik əldə etməmişdi və Rusiyadan təsir dairəsində qalırdı, 2014-cü il inqilabı “böyük qardaş”dan tarixi ayrılıq prosesinin əsasını qoyan hadisədir. Bunun asan və dinc yolla baş verəcəyini gözləmək sadəlövhlük olardı”.

p53f4w1y0xtkyivzgf1q.jpg (526 KB)

Politoloq inqilabdan sonra Ukraynadan da danışdı: “ İnqilabdan sonra baş verən proseslərə gəlincə, əvvəla, onu qeyd edək ki, Krımın itirilməsi və sənaye bölgəsi Donbasda müharibənin başlaması, eləcə də Yanukoviç dövründə qurulmuş, mafiya qaydalarına əsaslanan iqtisadi münasibətlərin pozulmağa başlamasından sonra Ukraynada ağır iqtisadi böhran başladı. Məhdud resurslar müharibəyə və paralel olaraq ordu quruculuğuna sərf olunurdu. Lakin tez bir müddətdə əvvəlcə prezident seçkilərinin, sonra isə parlament və yerli hakimiyyət orqanlarına seçkilərin keçirilməsi nəticəsində siyasi sabitlik əldə olundu və bu, iqtisadi proseslərə də sirayət etdi. Beynəlxalq Valyuta Fondu və ayrı-ayrı dövlətlərdən alınan kreditlər vasitəsilə iqtisadi tənəzzülü dayandırmaq və çox yavaş da olsa, artım tempinə nail olmaq mümkün oldu. Ötən müddətdə Ukraynada ciddi islahatlar da həyata keçirilib, xüsusən korrupsiyaya qarşı mübarizə çərçivəsində Xüsusiləşmiş Antikorrupsiya Prokurorluğu, Milli Antikorrupsiya Bürosu kimi yeni və müstəqil strukturların yaradılması, ən çox korrupsiyaya yol verilən sahə olan dövlət satınalmalarının və tenderlərin “ProZorro” sistemi vasitəsilə elektronlaşdırılaraq şəffaflaşdırılıması pozitiv nümunələrdir. Hazırda Antikorrupsiya Məhkəməsinin yaradılmasına hazırlıq gedir. Lakin islahatlar çox ləng gedir, bu səbəblə Qərb Ukraynada yaranmış vəziyyətdən narazıdır. İslahatların ləngiməsinin əsas səbəbi Ukrayna siyasətində hələ də köhnə oliqarxik düzənin təmsilçilərinin, korrupsiya sxemlərinin iştirakçılarının aparıcı mövqelərdə olmasıdır, onlar islahatlara müqavimət göstərir. Qərbin təzyiqləri olmasaydı, böyük ehtimalla indiyədək atılan islahat xarakterli addımlar da reallaşmayacaqdı. Ukraynanın təməl problemlərindən biri yeni siyasətçilər nəslinin ortaya çıxmamasıdır, siyasi səhnədə ənənəvi siyasətçilər hələ də baş rollardadır. Halbuki yeni qüvvələrin və liderlərin ortaya çıxması üçün sosial sifariş var.

___ ________.jpg (87 KB)

Hazırkı mərhələyə aid digər problem isə ölkənin 2 böyük seçki kampaniyası ərəfəsində olmasıdır: 2019-cu il prezident və parlament seçkilərinin yaxınlaşması hökuməti qeyri-populyar addımlardan qaçmağa vadar edir və populizmin önə çıxmasına şərait yaradır. Ukraynanın əldə etdiyi ən böyük nailiyyət kimi ordu quruculuğunu göstərmək olar. Krım hadisələri başlayanda müdafiə naziri səlahiyyətlərinin icraçısı, admiral Tenyux prezident səlahiyyətlərinin icraçısı Turçinova raport vermişdi ki, bizim cəmi 6 min tam təchizatlı və döyüş qabiliyyətli əsgərimiz var. Yəni Yanukoviç dövründə Ukrayna ordusu faktiki olaraq dağıdılmışdı. Ötən müddətdə 250 min şəxsi heyətə sahib Silahlı Qüvvələr, 100 minlik ehtiyat qüvvə, 50 min nəfərlik Milli Qvardiya formalaşdırıldı. Hazırda amerikalı, britaniyalı və kanadalı hərbi təlimatçıların dəstəyi ilə Ukraynada NATO standartlarına uyğun hərbi hissələrin formalaşdırılması prosesi davam edir. İnqilabın ən önəmli və tarixi nəticəsi isə, məncə, ukraynalıların vahid bir millət kimi formalaşması prosesinin uğurla yekunlaşmasına təkan verməsi oldu. Çünki ukraynalıların kimliyi, bu etnosun ruslardan fərqli millət olub-olmadığı, onun dilinin rus dilindən nə dərəcədə fərqli dil olduğu barədə mübahisələr, fikir ayrılıqları davam edirdi.

18_2016.03.25_14.58.41_yi7MP5F.jpg (470 KB)

Bu mübahisələrə ən azı Ukrayna daxilində son qoyuldu. Eyni zamanda, belə təsəvvürlər var idi ki, Ukrayna ortadan ikiyə ayrılıb, Qərbi Ukrayna ilə Şərqi Ukrayna iki fərqli ölkə və toplum kimidir, qərbi ukraynalılar Qərbyönlü olduğu halda, şərqlilər Rusiya ilə inteqrasiyanın tərəfdarıdır və s… Bu fikirlərin də xeyli şişirdildiyi ortaya çıxdı. Düzdür, şərqdə rusiyayönümlü əhali var, lakin seçkilərdə Ukrayna millətçilərinin rahatlıqla şərq vilayətlərindən də ciddi səs aldığını görürük. Yəni inqilab nəticəsində Ukrayna torpaq itirsə də, Ukrayna xalqı bir millət olaraq bütövləşdi”.

Həmçinin oxuyun

“Prezidentin “F-16″-larla bağlı dedikləri Rusiya və İrana mesaj idi” – Ekspert

“Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin “F-16″-sı nə gəzir sizdə? …