Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Namizədliyi qeydə alınmayan jurnalistdən etiraz: “Dala dönən,daşa dönər”

Namizədliyi qeydə alınmayan jurnalistdən etiraz: “Dala dönən,daşa dönər”

Əlbəttə, narazıdırlar. Necə ola bilər, xalqı təmsil edən insanların ağıllı, dərrəkalı, məntiqli, sağlam olmasına çalışan dövlət ali cəmiyyətin qurulmasına çalışanların istəklərini nəzərə almasın. Bu istək sadədir, yenilənmə arzusunu özündə illərdir daş kimi daşıyan azərbaycanlılar 2020-də nəhayət yükdən qurtarıb rahat nəfəs alacaqdılar. Ölkənin rəhbərliyi “yeniləşəcəksiz” demişdi və əməlində gələcəyə gedən yolun açıq olduğunu göstərmişdi. Bu yolun gözümüzü yağır edənlərlə anidən dolması ağır daşı ətəyindən tökən xalqı çaşdırdı. Prezidentin islahatları ilə ayaqlaşa bilməyən, axsaya-axsaya ölkə rəhbərliyinin arxasınca süründüyünü etiraf edənlər məgər göyə qeyb olmuşdular? Onları islahatlar yoluna kim, hardan səpələdi? Onları göydən yerə kim atdı? Allahmı? Bizə Allahın ədalətli olduğunu anladanlar, bəlkə siz deyəsiz, axsaq olduqlarını dilə gətirənlər bu yolla hara qədər gedəcəklər? Yenədəmi onları çiynimizə alıb, sabaha daşıyacağıq? Bəs belə yerişlə gecikmərik? 2020-yə 1990-nın sürətilə girib, uzağı martında ilişib qalmarıqmı? Özüm oxudum, Prezident həmkarlarıma verdiyi müsahibəsində belə dedi: “Bəzi hallarda deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır.

Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin”. Bu fikir məni qanadlarına alıb 45-ə gətirdi. 45 qələbə rəqəmidir. Kim 4-ün yanındakı 5-i 1 rəqəmi ilə əvəzlədi. Biz ki müharibəyə cəlb olunmaq istəmirdik. Yeni parlamentin sülh şəraitində qurmaq olardı. Prezidentin “seçiciləri ilə maraqlanmırlar” deyib hədəfə aldıqları islahat yolundan çəkilsəydilər, təbii tıxac açılar, toqquşma olmaz, nəticə 45 rəqəminin tarixi ruhuna uyğun gələrdi. Seçkiyə başladığımız andan mühitin şəffaflığından danışır, yeni parlamentin qurulmasına töhfə vermək üçün meydana girdiyimizi deyirdik. Mətbuat fikirlərimizə böyük diqqət göstərirdi. Bütün davranışlarımız seçicidə seçkiyə inam, dövlətə sevgi, islahatçı düşüncədə olan ölkə rəhbərliyinə sayğı göstərilməsinin mübarək iş olduğunu birərbirər cəmiyyətə çatdırmağın ekvivalenti idi. Silinməyib, çıxışlarımıza göstərilən reaksiyalar sosial şəbəkə hesablarında qalıb. Tamaşaçı və dinləyici bizi, təqdim etdiyimiz seçki mühitini xoş ovqatla qarşılayırdı. DSK- da göstərdiyimiz mədəniyyət və niyyət də nümunə idi. Ətrafı ağuşuna alan müsbət enerjili auranı texniki xətaların qurbanı etməzlər, 45 saylı DSK-nın sədri olan, ay Dilşad xanım. İcazə verin, yazının bu yerinə bayram axşamı yazdığım statusu da əlavə edim: Pis oldu.

DSK namizədliyimi qeydə almadı. Rəsmi cavab: İmza verənlərin qeyd etdiyi tarixdə rəqəmlər qaralanıb, sənəddə gəlirlərimi göstərməmişəm. Gəlirim layihə çərçivəsində bir il ərzində 4 ay müddətinə hər ay aldığım 270 manat olub. Dedim, verin əlavə edim, axı məqsədim gəliri gizlətmək deyil və seçkiyə də işsiz kimi qatılmışam. Cəmi 10 imza vərəqi vermişdilər, halbuki MSK sədri Məzahir Pənahov daha çox imza vərəqi verilməsini tövsiyə edib. Dedim, əlavə imza vərəqi verin – vaxta var-qaralama olanları düzəldim. İnsanlar namizədliyinə dizlərində imza atıblar, qaralama necə, niyə olmasın ki? Qaralama da çox səliqəliydi. Çox dedim, az eşitdilər. İmza atanın qoyduğu tarixin qaralanmasını böyük qəbahət kimi qələmə verdilər. İnsan seçilməyi ilə deyil, seçimi ilə tanınar. Mən ali düçüncəni, demokratik ölkəni, özünü buraxmayanları seçirəm. Onu da deyim, ürəyimdə qalmasın: mən niyyətim və əməlimlə həmişə abşeronluların deputatı-vəkili olmuşam. 2020-dən gözlədiyim: elə bir ölkə quraq ki, deputat mərhəmətinə ehtiyacımız olmasın. 90-nı geri qaytarmaq istəyənlərin dilində bir “ağsaqqal’ sözü bitib. 45-in namizədlərindən birini – idmançı qardaşımızı qəsəbə nümayəndəliyinə çağırıb, “ağsaqqal gəlir, yoldan çəkilin” deyiblər, etiraz ruhlu cavabdan sonra onun da namizədliyi qeydə alınmadı.

Eh, biz görmüşük ağsaqqalın gəlişi sevinc gətirər, ey köhnəlmiş məmur, adam da ağsaqqalı “xoxan” kimi təqdim edər? Bəlkə də bu münasibətinlə dövlətə ayı xidməti göstərdiyini unudursan. Hörmətli Dilşad xanım, məgər siz bizimlə söhbətdə hansı mədəniyyətə, hansı sevgiyə, hansı xarakterə sahib olduğunuzu hiss etmədiniz? Yəni zövqünüz ağsaqqalcasına korlanıb? Yazı suallarla doludur. Sual təəccübün məhsuludur. Prezidentin və Burinci-vitse prezidentin siyasi düşüncəsini dərk etmədən onların mübarək əməllərini nöqtə boyda qara düşən imza vərəqində kölgələmək birinci sevgisizliyin, ikinci səbatsızlığın, üçüncü dövlətçilik prinsiplərindən uzaq düşməyin məhsuludur. Biz zatən yolda tıxac yaradanların “ölüb qallam burda mən” mahnısını kobudca, duyumsuz oxumalarından 9 fevral nəticəsini proqnozlaşdırmışdıq. Sonda ən azı bizim üçün işıq yoxdur, bilirdik. Bəs niyə gedirdik? Özümüz yoxuq, dövlətimiz var prinsipidir bizi sabahdan sabaha qürurla aparan.

Sizinlə yolumuz ayrılmalıydı, həyatını ömrünə hesablayanlar ömrünü dövlətinə qurban verənlərlə bir yolda addımlaya bilməzlər. Hər məqamda bizi çiyninizlə itələyib uçruma ata bilərsiz. Özünüzə nahaq əziyyət verməyin, biz ölkəmizi elə uçurumları ilə sevirik. Müəllimləri ərazinin məktəblərinə çağırıb ağsaqqala imza atdıranlar qapı-qapı düşüb gül üzlü seçicilərdən imza almağın ləzzətini yaşamaqdan məhrum olublar. Seçkimizi urvatdan salanlar sinifinə daxil olan ibtidai-yabanı bitkilər qədər belə xeyri olmayanlar, biz hər addımda qazanır, siz hər addmda itirirsiniz. Biz gələcəyə gedirik, siz keçmişə dönürsüz. Ağsaqqal, ağsaqqal deyib, dil boğaza qoymayanlar, siz “Qobusnamə”ni oxumamısınız. Oxusaydınız bilərsiz: “Dala dönən daşa dönər”.

Ceyhun MUSAOĞLU

Həmçinin oxuyun

Putin: “Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”

“Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”. APA-nın Moskva müxbirinin …