Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Siyasət / Nərgiz Babayeva: “Bütün xalqımız 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin fərəhini yaşayır”

Nərgiz Babayeva: “Bütün xalqımız 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin fərəhini yaşayır”

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xeyli az itki iləböyük Zəfərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağ- dakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. 

Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabr ayının 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi.

“Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir” söyləyən cənab İlham Əliyev əminliklə dedi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra N.Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək “kapitulyasiya aktı”na imza atmağa məcbur oldu.

Ölkəmizin Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Tarixin ən müxtəlif dövrlərində  azərbaycanlıların iştirak etdikləri müharibə və yürüşlərdə qazanılmış qələbələrdən heç birində Azərbaycan faktoru indiki qədər mühüm yer tutmamış, ümummilli əhəmiyyət kəsb etməyib.

Qarabağ və ətraf rayonlarda qazanılmış böyük Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəridir.

Dünyanın istənilən ölkəsi ilə müqayisədə Azərbaycan Respublikasında yaranmış çox möhkəm xalq-iqtidar birliyi də Böyük Zəfərə təminat verdi. 

Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin ən böyük dayağı məhz Azərbaycan xalqı oldu. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, əlli milyondan çox Azərbaycan xalqı Vətən müharibəsində birmənalı şəkildə Prezident İlham Əliyevi  tam olaraq dəstəklədi. Bu məqamda Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi, diaspor təşkilatlarının yaradılması və fəaliyyətinə dövlət səviyyəsində dəstək verilməsi etibarlı təməl rolunu oynayıb.

Çoxmilyonlu Azərbaycan xalqının lideri kimi İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırdı. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə və tarixi Zəfərdən sonra Azərbaycan xalqına etdiyi müraciətlərdə, dünyanın müxtəlif ölkələrinin otuza yaxın aparıcı xəbər agentliklərinə Azərbaycan, türk, rus və ingilis dillərində verdiyi müsahibələrdə ifadə olunan aydın məntiq, sərrast cavablar, xalqımıza, ordumuza sarsılmaz inam bəxş etmiş oldu. Ali Baş Komandan kimi İlham Əliyev həm siyasi-ideoloji cəbhədə və informasiya müharibəsində, həm də birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində qeyri-adi dərəcədə istedad və bacarıq nümayiş etdirdi. 

Bu Qələbə 200 illik erməni təxribatlarına verilən ən layiqli cavabdır. Son 200 ildə ermənilər tərəfindən azərbaycanlılara, türklərə qarşı çoxsaylı təxribatlar, terror aktları, cinayətlər həyata keçirilib. Uşaq, qadın demədən xalqımıza qarşı soyqırımı gerçəkləşdirilib. Xocalı və mart soyqırımları buna nümunədir. Lakin bu 200 ilin yekununda ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşmənə elə bir zərbə vurdu ki, son 200 ilin qisasını düşməndən aldı. Ermənistan məcburiyyət qarşısında kapitulyasiyaya imza atmağa məcbur oldu. Buna görə də 8 noyabr tarixi çox böyük bayramdır və hər zaman böyük qürur və sevinc hissi ilə qeyd ediləcək.

Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Bu gün bütün xalqımız 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin fərəhini yaşayır.

Zəfəri mübarək olsun, Azərbaycan!

Nərgiz Babayeva, 

Bakı Gənclər Mərkəzinin direktoru

Həmçinin oxuyun

İşdən çıxarılan nazir müavini: “Prezidentimizin quluyam…”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə …