Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Siyasət / “Nəcməddin Sadıkovla bağlı məsələni şişirdirlər”- DEPUTAT

“Nəcməddin Sadıkovla bağlı məsələni şişirdirlər”- DEPUTAT

Ötən gün Azərbaycan Ordusunda yeni təyinatlar həyata keçirildi. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Müdafiə Nazirliyinin bəzi hərbi qulluqçuları ali vəzifələrə təyin edildi. 

Bunlar arasında ən mühüm təyinat isə Kərim Vəliyevlə bağlıdır. Çünki general-leytenant uzun müddət əsgərin əsas düşməni kimi ad çıxaran və müharibə dövründə müəmmalı şəkildə ordu sıralarında uzaqlaşdırılan Nəcməddin Sadıkovu əvəzləyərək Baş Qərargah rəisi vəzifəsini icra edəcək. 

Bildirək ki, həm Kərim Vəliyev, həm də yeni postlara təyinat alan digər hərbçilər müharibə generallarıdır. Kabinet generalı dövrünün bitməsi cəmiyyətdə böyük ruh yüksəkliyi yaratsa da, məsələyə fərqli aspektdən yanaşanlar da var. Məsələn, ordudaki yeniliklərə münasibət bildirən Milli Məclis deputatı Fazil Mustafa adamların bir çox hallarda olduğundan artıq şişirdildiyini düşünür.

Millət vəkili ilk əvvəl Nəcməddin Sadıkovla bağlı toplumda formalaşan fikrə münasibət bildirib:

“Uzun illər Azərbaycan ordusunun Baş Qərargah rəisi işləmiş Nəcməddin Sadıkov da ictimai rəydə bu cür qalıb: hər şeyə qadir, böyük bir şəbəkəsi olan və bu millətə düşmənçilik edən, torpaqların itiriməsində rolu olan adam. 

Ancaq məsələ şişirdildiyi kimi deyil. Yaxın qonşuların xüsusi xidmət orqanları ilə bağlılığı olan bir sıra tanınmış şəxslər var ki, qabiliyyətcə bəsit bir krossvordu belə həll edəcək qafaya sahib deyillər. Sadəcə arxasında duran şəbəkə elə bir maddi və lojistik dəstək verir ki, adam özü cəmiyyətin gözündə böyüməyə başlayır. 

Xalq Cəbhəsi dövründə də bunu dəfələrlə müşahidə etmişik. Ən qorxaq adam gedib Rusiyanın hərbi bazasından guya silah, texnika oğurlayırdı və bu qabiliyyətinə görə hər kəs bir kənara durub yerini ona verirdi. Sonra da bu adamlar əhəmiyyətli postları tutub dövlətin yıpranmasını təmin edirdilər. Yəni bu günədək ordumuzdakı bu kimi ünsürlərin arxasında duran xarici şəbəkə onu hərtərəfli qoruyurdu və toxunulmaz adam imici yaranmışdı. Lakin 44 günlük savaşda bıçaq sümüyə dayandığında düşmənin içimizdəki mogikanlarından bəziləri ilə birtəhər üzülüşmək mümkün oldu. İndi isə bu posta general Kərim Vəliyev təyin olundu”.

Kərim Vəliyevin Baş Qərargah rəisi təyin edilməsi barədə də danışan deputat, generalı peşəkar hərbçi, mədəni insan, kommunikativ məmur kimi xarakterizə edib:

“2001-ci ildə yenidən qanunsuz olaraq döyüş bölgəsinə zabit kimi hərbi xidmətə aparılarkən göndərildiyim korpusun komandiri idi. Orduda xüsusi islahatçı keyfiyyəti ilə seçilməsə də, əsgər və zabitlərlə mədəni davranan, adı korrupsiyada hallanmayan az sayda yuxarı ranq zabitlərdən idi. Xidmətə davam etdiyim müddətdə Kərim Vəliyevi Bakıya apardılar və yerinə Qabil Məmmədovu təyin etdilər. 

Sonra üzərindən illər keçəndən sonra bir deputat kimi Müdafiə Nazirliyində normal təmas saxlayacağım səlahiyyətli şəxslərdən, bəlkə də, birincisi Kərim Vəliyev idi və müraciət olunan hər məsələyə xüsusi həssaslıqla yanaşdığını müşahidə edirdim. Yəni peşəkar hərbçi, mədəni insan, kommunikativ məmur kimi xarakterizə oluna bilər. Bu səbəbdən də hazırda məhz onun bu cür məsul vəzifəyə gətirilməsini məqbul sayıram. Bununla belə ordu ilə bağlı gözləntilərim fərqlidir”.

Fazil Mustafa ordunun problemlərindən də söhbət açıb və ən ciddi problemin korrupsiya olduğunu vurğulayıb:

“Bütün qeyri-peşəkarlığın, nizamnamədənkənar davranışların mənbəyi buradan başlayır. Ölkə prezidentinin ən çox diqqət ayırdığı sahənin ordu quruculuğu olduğunu sadəcə ayrılan illik büdcə vəsaitlərindəki rəqəmlərə baxmaqla anlamaq mümkündür. 

Doğrudur, biz 44 günlük savaşda ancaq müsbət cəhətlərə diqqət yetirdik, ancaq yetərincə neqativ hallar oldu ki, bunları qapalı auditoriyalarda hökmən müzakirə etməliydik. Çünki ordu hər birimizin canıyla, qanıyla bağlı olduğu bir qurumdur, onu sağlam təməl üzərində görmək hamımızın arzusudur. Ancaq bir savaş göstərdi ki, bu qələbə ölkə prezidentinin dəyanətli duruşu və diplomatik manevrləri, Azərbaycan əsgər, gizir və zabitlərinin rəşadəti və qardaş Türkiyənin mənəvi və başqa xarakterli dəstəyi ilə qazanıldı. 

İmtahandan kəsilənlər də az olmadı. Generallardan tutmuş əsgərə, texniki personala qədər. Ona görə də yeni təyin olunan Baş Qərargah rəisinin ilk addımı orduda islahatların həyata keçirilməsi ilə bağlı təkliflər olmalıdır. Fikrimcə, bir sıra əhəmiyyətli postlara müqavilə əsasında Türkiyədən təcrübəli mütəxəssislər gətirilməlidir ki, tezliklə tam şəkildə NATO standartlarına keçə bilək. Durum 5 il, hətta 1 il əvvəlki deyil. Kimsə Türkiyə personalının ordumuzda yer almasına qarşı maneçilik yarada bilməz. Bu, birinci növbədə korrupsiyaya qarşı mübarizə üçün vacibdir. 

Orduda təmiz, vicdanlı insanlarımız yetərincədir, lakin hamı hamı ilə bu və ya digər formada bağlı olduğundan bir-birini yola verməklə çox zaman işlərini bitmiş hesab edirlər. Qardaş ölkənin ordusunun ən böyük silahı intizam olduğundan, burada belə bir çətin problemi də həll edəcəklərinə şübhə yoxdur. Sözümün canı budur ki, rəsmi olaraq tanınan Azərbaycan ordusunu mənəvi olaraq təm şəkildə Türk ordusuna çevirmək, həm də qısa müddətə bunu etmək həyati əhəmiyyət daşıyır. Elə bir bölgədəyik ki, hər an müharibə risqi ilə üz-üzə qala bilərik. Ordumuz saat mexanizmi kimi işləməlidir”.

Siyasətçi təəssüflə ordu və təhlükəsizlik orqanları üzərində parlament nəzarəti mexanizminin olmaması məsələsinə də toxunub:

“Bu isə həmin qurumlarla konstruktiv əməkdaşlığa imkan vermir və baş verən neqativ hallar barədə deputatlar da vaxtında müzakirə apara bilmirlər. Halbuki ATƏT-ə üzv olan bütün ölkələrdə bu müxanizm sabit formada işləyir və sağlam parlament-ordu münasibətləri mövcuddur.

44 günlük savaş hər birimizdə ordumuzun, onun əsgər və zabitinin dəyərini daha dərindən anlamağa imkan verdi. Bu dəyəri uca saxlamağa cəmiyyətimizin insanlarından daha artıq ordu mənsubları səy göstərməlidirlər. Köklü islahatlar da məhz bu nüfuzun qorunmasına yönəlməlidir”.

Həmçinin oxuyun

Əli İnsanovun da partiyası QEYDİYYATA ALINDI – AÇIQLAMA

Azərbaycanda daha bir partiya – Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.Bununla bağlı partiyanın sədri …