Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Muzeydə çəkiliş qadağası: Müdirin xanım müavini məşğulmuş – REPORTAJ, FOTOLAR

Muzeydə çəkiliş qadağası: Müdirin xanım müavini məşğulmuş – REPORTAJ, FOTOLAR

Redaktorumuz günlük planlaşmada mənə, “Bakıdakı muzeylərə get. Onlardan fotoreportaj hazırla. Muzey haqqında yaz ki, camaatın muzeylərə marağı artsın, məlumatlansın. Həm də turistlərin diqqətini çəksin, tariximizlə tanış olsunlar” deyərək, tapşırıq verdi. “Tamam” deyib, yola düşdüm.
Qərara aldım ki, ilk olaraq İçəri Şəhərdə yerləşən Miniatür Kitab Muzeyinə baş çəkim. Özümü təqdim edib, heç bir ödəniş etmədən (giriş hər kəsə pulsuzdur) muzeyi dolaşdım. Miniatür kitabların fotolarını çəkməyə başladım. Bu muzey, 2002-ci il aprel ayının 2-dən Bakı şəhərində fəaliyyət göstərir və dünyada ilk özəl miniatür kitab muzeyidir.
Muzeyin ekspozisiyası 27 vitrində yerləşdirilib. Vitrinlərə 60 ölkədə nəşr edilmiş 3750 miniatür kitab düzülüb. Muzeyin kitab fondunda isə 5300-dən çox miniatür nəşr var. Bunları muzeyin yaradıcısı olan Zərifə Salahova iyirmi ildən artıq müddətdə toplayıb.
Ekspozisiyanın “Azərbaycanda nəşr olunmuş miniatür kitablar”, “Nadir miniatür kitablar”, “Dini ədəbiyyat miniatür kitablarda”, A.S.Puşkinin sağlığında 1837-ci ildə Sankt-Peterburqda işıq üzü görmüş “Evgeni Onegin” poemasının da daxil olduğu “Puşkiniana” kimi bölmələri böyük maraq doğurur. Onların arasında “Əsrin müqaviləsi” kimi 1998-ci ildə Bakıda nəfis tərtibatda nəşr olunmuş kitab, habelə 1815-ci ildə Londonda buraxılmış “İngiltərə tarixi” və digər nadir nüsxələr diqqəti xüsusilə cəlb edir.
Muzeyə gələnlər Azərbaycan, Rusiyada, ABŞ, Yaponiya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Kuba, İsveçrə və keçmiş SSRİ respublikalarında nəşr edilmiş miniatür kitablarla tanış ola bilərlər.
Dünyanın 62 ölkəsində çap olunan, olduqca rəngarəng kitablar qonaqlara təqdim olunur. Kitabların əksəriyyəti ingilis dilində çap olunanlardır. Onların ölçüsü 2 millimetrdən 10 millimetrə qədərdir. Kolleksiyadakı ən kiçik kitab isə Yaponiyada çap edilən 3 mikrokitabdır.
Muzeydən onu da öyrəndik ki, buraya gələn turistlərin böyük hissəsini ərəblər və ruslar təşkil edir. Muzeydə olduğumuz yarım saat ərzində bunun canlı şahidi olduq.
Buradan xoş xatirələrlə ayrılıb, Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq-muzeyinə yola düşdük. Qapıda bizi qarşılayan kassir xanım bildirdi ki, Azərbaycan vətəndaşlarına 2 manat, xarici vətəndaşlar üçün isə giriş 4 manatdır. Çəkiliş üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən icazə almalı olduğumuzu söylədi.
Buradan ayrılıb, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə yollandıq. Burada da çəkiliş üçün direktordan icazə almalı olduğumuzu bildirdilər. Lakin direktorla görüşə bilmədik. Çünki, ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, professor, akademik, deputat, Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədri olan Rafael Hüseynov 3 gündür ki, Kürdəmirə gedib. Nə vaxt vəzifə borcunu yerinə yetirmək üçün muzeyə qayıdacağı da bilinmir.
Onun müavini olan xanım isə, “İşim var, aşağı düşə bilmərəm” deyib, bizimlə görüşmək belə, istəmədi. Deməli, biz muzeydən reportaj hazırlamaq üçün ya Rafael Hüseynovun Kürdəmirdən gəlməsini gözləməliyik, ya da onun müavininin kefinin düzəlməsini…
Oradan heç də xoş olmayan xatirələrlə ayrılıb, Qız Qalasına yollandıq. Qız Qalasında da oxşar cavabı aldıq:“Çəkiliş üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən icazə almalısınız”.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə də getdik. Orada bizi qarşılayan mühafizə və idarə işçiləri, çəkiliş üçün icazəni Elmi-mədəni mərkəzdən ala biləcəyimizi dedilər. Oraya da getdik. Elmi-mədəni mərkəzdən isə bildirdilər ki, çəkiliş üçün icazəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən almalıyıq. Yenidən qoruğa qayıdanda isə, bizə rəsmi saytları vasitəsilə qeydiyyatdan keçməyi məsləhət gördülər.
Beləcə, adınızı çəkdiyimiz muzeylər haqqında məlumat xarakterli reportaj hazırlamaq istəyimiz baş tutmadı. Şükür edək ki, bu gediş-gəliş zamanı bizdən qovluq dolu sənəd və ya xüsusi viza tələb etmədilər. Axı, muzey strateji obyektdir. Orada atom silahı saxlanılır. Hər kəs girə bilməz.
















Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın