Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Siyasət / Müxalifət xarici işlər nazirinin Moskva səfərindən razı qalıb

Müxalifət xarici işlər nazirinin Moskva səfərindən razı qalıb

Xarici işlər naziri Ceyhun Bayramovun ötən həftə Rusiya paytaxtı Moskvaya ilk rəsmi səfəri kifayət qədər həssaslıqla izlənildi. Hələ də səfərin yekunları müzakirə mövzusudur. Çünki iki qonşu ölkə arasında müzakirəsi və aydınlaşdırılması vacib olan çox ciddi məsələlər var. Yeni nazirin Rusiya səfəri bəzi şərhlərdə tanışlıq səfəri kimi qiymətləndirilsə də unutmaq olmaz ki, bu səfər Tovuz döyüşləri zamanı Rusiyanın Ermənistana hərbi yardım göndərməsindən və Azərbaycan prezidentinin rusiyalı həmkarına məsələ ilə bağlı şəxsən etiraz bildirməsindən sonraya təsadüf etdi. Bu baxımdan da nazirin səfərinin ciddi əhəmiyyəti var idi.

Bəs müxalifət bu səfəri necə qiymətləndirir?

Taliyət Əliyev: “Demokratik qüvvələrin qalibiyyəti üçün Qərbin dəstəyi  zəruridir”

Taliyət Əliyev

ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramovun Moskva səfərinin mahiyyəti daha çox rusiyalı həmkarı Lavrovla tanışlıq səfəri idi: “Məncə, yaxşı da tanış oldular. Bu səfərdən daha ciddi gözləntilərimiz yoxdur. Görüşlər zamanı və görüşlərin yekunu olaraq keçirilən mətbuat konfransında Ceyhun Bayramov Dağlıq Qarabağ problemi ilə bağlı danışdı. Ədalət naminə deməliyik ki, bu mövzuda öz sələfindən daha aydın və konkret danışdı. Lakin Dağlıq Qarabağ problemi ilə bağlı sülh danışıqlarının bərpa edilməsi ilə bağlı açıqlamaların isə bu problemin həll edilməsinə heç bir müsbət təsiri olmayacaq. Bu yalnız baş qatmaq, vaxt udmaq və nəticə etibarı ilə işğal altında olan Azərbaycan ərazilərinin passiv legitimləşdirilməsinə xidmət edəcək. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu sahədə daha çevik diplomatiya yürütməlidir”.

AĞ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli isə bildirdi ki, yeni nazirin Rusiya səfərini normal dəyərləndirir: “Nə xüsusi müsbət, böyük uğurlara imza atan səfər oldu,  nə də uğursuz adlandırılmalı səfər oldu. Rusiya böyük qonşu dövlətdir və bizim yeni nazirin ilk səfərlərindən biri oraya olmalı idi. Nazirimizi isti qarşıladılar. Rəsmi protokol qaydası ilə normal görüşləri oldu. Ancaq şübhəsiz ki, bu səfərin Rusiyanın Qarabağ məsələsində münasibətini dəyişəcəyini gözləmirdik. Belə də oldu”.

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının funksioneri, politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycanla Rusiya arasında diplomatik danışıqların yeni mərhələsini Ceyhun Bayramovun Moskva səfəri başladı: “Bu görüşdə Azərbaycan Rusiyaya öz milli maraqlarında daha da prinsipial və qəti olduğunu göstərdi. Məhz Tovuz döyüşlərindən sonra Rusiyanın Ermənistana hərbi yüklər daşıması rəsmi Bakını qəti addımlar atmağa sövq etdi. Bir tərəfdən Türkiyənin ölkəmizdə hərbi təlimləri və Ankaranın tam siyasi-hərbi dəstəyi Azərbaycanın əlini gücləndirdi. Nazirin mətbuat konfransındakı açıqlamalardan aydın oldu ki, proseslər Rusiyanın istədiyi kimi olmadı. Ona görə də bu səfəri yüksək qiymətləndirirəm. Burada aydın oldu ki, Azərbaycan Ermənistanla Rusiyanın istəyinə uyğun olaraq manipulyasiya danışıqlarına getməyəcək, Rusiyaya şərt qoydu ki, Ermənistan ərazilərdən çıxmalıdır. Həmçinin burada Rusiya ilə hərbi-texniki əməkdaşlıqda da Azərbaycan tələsmədi. Hesab edirəm ki, Moskva səfəri Ceyhun Bayramovun Lavrovla davaranışlarında da çox ciddi mesaj verdi. Elmar Məmmədyarovdan fərqli olaraq Bayramov bədən dili ilə Rusiyaya itaətkar jestlər etmədi. Bunu Elmar Məmmədyarov edirdi. Bundan sonra Azərbaycan Rusiya ilə Qarabağ məsələsində daha da prinsipial mövqe tutacaq”. Musavat.com

Həmçinin oxuyun

Prezidentin yerli televiziyalara müsahibəsi Türkiyə mediasında

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsi Türkiyənin aparıcı kütləvi informasiya …