Şənbə , İyun 19 2021
Ana səhifə / Siyasət / Müxalifət qiymət artımından yararlana bilərmi – Açıqlama

Müxalifət qiymət artımından yararlana bilərmi – Açıqlama

Benzinin, dizel yanacağının ardınca suyun qiymətinin artırılması sosial narazılıq yaradıb. Sosial şəbəkələrdə bunu görməmək mümkün deyil.

Bəzi ekspertlər isə qeyd edir ki, bahalaşma müxalifət partiyalarına hakimiyyətə qarşı istifadə etmək üçün fürsət yaradır. Müxalifətin sosial narazılıq artarsa, bundan rəqibinə qarşı yararlana biləcəyi iddia olunur. Hətta hökumət daxilində bunu bilərəkdən edən qüvvələrin olmasından da söz açılır.

Bununla hökumət müxalifətin “çörəyinin üstünə yağ sürtürmü?” Onların bu prosesdən faydalanmaq fikirləri varmı?

AĞ Partiya başqanı Tural Abbaslı indiki məqamda bahalaşmadan iqtidara qarşı istifadə cəhdlərinin əleyhinədir: “Narazı elektoratın sayının artması normal hallarda bütün dünyada müxalifətin maraqlarına cavab verir. İndiki halda isə nəzərə alaq ki, biz müharibədən təzə çıxmışıq, müharibənin siyasi nəticələri hələ tam aydın deyil.  Belə bir şəraitdə düşünürəm ki, iqtidar-müxalifət savaşı aparmaq doğru deyil. Həmçinin xalqı da narazı salmaq doğru deyil. Hazırda bizə milli həmrəylik və birlik lazımdır ki, bizim haqqımızı tapdalayan beynəlxalq güclərin qarşısında vahid güc kimi durmağı bacaraq. Amma təəssüflə qeyd etməliyik ki, son zamanlar iqtisadi baxımdan əsaslandırılmamış, ancaq ali rəhbərliyə xoş gəlmək üçün atılan addımlar, guya büdcəyə daxil olan vəsaitlərin artırılmasına edilən cəhdlər xalqın böyük əksəriyyətini narazı salıb. Dolayısı ilə həmrəyliyi pozub.

Tural Abbaslı: “Biz artıq belə səhnələrə öyrəşmişik”

Tural Abbaslı: “Nəzərə alaq ki, biz müharibədən təzə çıxmışıq, müharibənin siyasi nəticələri hələ tam aydın deyil”

Biz qiymət artımına ciddi bir məcburiyyətin olmadığını düşünürük. Bununla belə, AĞ Partiya olaraq yaranmış situasiyadan öz maraqlarımız üçün istifadə etmək niyyətində deyilik. Sadəcə olaraq, hakimiyyəti belə bir yanlış addımlar atmamağa çağırırıq. Bu yanlışlıqlar düzəldilməlidir. İndiki məqamda xalqı narazı salmağın doğru olmadığını düşünürəm. Nəzərə alaq ki, hazırda kifayət qədər oliqarxlar, korrupsionerlər var ki, əslində bu qiymət artımları onların büdcədən oğurladıqları pulların yerini doldurmağa hesablanıb. Adamlar 256 milyon manata özlərinə bina tikdirirlər, amma suyun qiymətini qaldırırlar. Belə halları müxalifət olaraq qabartmağımızın əsas səbəblərindən biri bu çatışmazlıqların aradan qaldırılması, Vətən, millət naminə müsbət işlərin görülməsidir. Yoxsa bundan istifadə edib siyasi divident toplamaq, yaxud xalqın xoşuna gəlmək üçün nələrsə etmək niyyətində deyilik. Təki hakimiyyət xalqı qəzəbləndirən bu addımları aradan qaldırsın. Əsas məsələ xalqın narazı salınmamasıdır”.

Baxar.az | Xəbər portalı

Fuad Əliyev: “Əhaliyə verilən sosial yardımlar artmalıdır”

ALDP rəhbəri Fuad Əliyev qiymət artımının qaz və elektrik enerjisinə şamil oluna biləcəyini ehtimal edir: “İlin əvvəlindən benzinin qiymətinin qalxmasının zəncirvari olaraq ərzaq, istehlak mallarının və digər xidmətlərin bahalaşmasına gətirib çıxaracağı proqnozunu vermişdim. Hesab edirəm ki, bundan sonra əhaliyə verilən qazın və elektrik enerjisinin də qiyməti qalxacaq. Suyun qiymətinin qalxmasına əsassız və məntiqsiz bir fikir səsləndirdilər ki, abunəçilərin sayı 200 min artıb. Belə olan halda əksinə olmalıdır. Çünki abunəçilərin sayı artdıqca suyun maya dəyəri aşağı düşür. Bunu bilmək üçün iqtisadçı olmaq lazım deyil. Düzdür, bir neçə il bundan qabaq binaların üstündən bakların yığışdırılmasından sonra bəzi rayon və kəndlər istisna olmaqla, suyun daimi, yəni 24 saat verilməsinin şahidiyik. Belə olan halda boruların daha tez yenilənməsinə ehtiyac yaranır. Ona görə də yeni tarifə keçmək lazım idi. Sadəcə, bunu vətəndaşların hesabına deyil, tikilən yeni binanın hesabına etmək vacib idi. Aidiyyəti qurumun rəhbərliyinin tikdirdiyi villaların hesabına, yaxud xərclədikləri vəsaitlə azından 10 il suyun qiymətini köhnə səviyyədə saxlamaq olardı. Ona görə düşünürəm ki, gözlədiyimiz qazın və elektrik enerjisinin qiymətinin artmasına görə qabaqlayıcı addımlar atmaq lazımdır. Əhaliyə verilən sosial yardımlar artmalıdır, xüsusilə pandemiya dövründə”.

Əli Orucov: “Söyüş müxalifətin acizliyinin və cılızlığının əlamətdir”

Əli Orucov: “Prezident proseslərə sərt müdaxilə etməli, dəmir yumruğunu işə salmalıdır”

AMİP Siyasi Şurasının üzvü Əli Orucov: “Kommunal xidmətlərin və yanacağın qiymətlərinin qaldırılması və bunun da fonunda ölkədə sürətli bahalaşma cəmiyyətdə ciddi narazılıq doğurub. Doğrudur, həmin narazılıq insanların etiraz olaraq sərt təpki göstərməsinə gətirib çıxarmayıb. Yəni bu bahalaşma və hökumətin son qiymət siyasəti ictimai etiraz xarakteri almayıb və fərdidir. İnsanlar ayrı-ayrılıqda narazıdır. Amma hökumətə təzyiq baxımından passivdir. Lakin bu heç də o demək deyil ki, hökumət arxayın olub xalqın əleyhinə istədiyi qərarı verə bilər. Dövlətin konstitusiyada göstərildiyi kimi, ali vəzifəsi vətəndaşların rifah halını daimi yüksək tutmaqdır. Verilən qərarlar isə əksinə, günü-gündən sosial vəziyyəti pisləşdirir. Etiraf etmək lazımdır ki, siyasi partiyaların ictimai və siyasi proseslərə təsiri çox azdır. Ona görə də bu bahalaşma müxalifətin çörəyinə yağ sürtməyəcək. Amma iqtidar – xalq münasibətlərini daha da pisləşdirəcək və inamı azaldacaq. Mən deyərdim ki, hətta 44 günlük müharibədə reytinqi kifayət qədər yüksələn iqtidarın da imicinə zərər gətirəcək. Bu tendensiya artıq başlayıb. Dəfələrlə sübut olunub ki, xalq müxalifətsiz qısa müddətdə böyük kütləvi axın yarada bilir və bunun da qarşısını almaq çətin olur. Müxalifət düşərgəsi olaraq biz də ölkədə sosial partlayışın və xaosun olmasını, xalq-iqtidar ziddiyyətlərinin dərinləşməsini istəmirik. Çünki bu, dövlətimiz üçün fəlakətlə nəticələnə bilər. Hesab edirəm ki, Prezident tezliklə proseslərə sərt müdaxilə etməli, dəmir yumruğunu işə salmalıdır. Xalqın umu-küsüsü də, gözləntiləri də Prezident İlham Əliyevədir. Qalib milləti rəzil və çətin duruma salmaq qətiyyən olmaz”. Muavat.com

Həmçinin oxuyun

Ərdoğanın Bakıdakı mətbuat konfransının TAM MƏTNİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra Türkiyə jurnalistlərinin suallarıana cavab verib. Son günlərdə …