Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / Müslüm Maqomayev xaricə buraxılmayanda Heydər Əliyev nə edib

Müslüm Maqomayev xaricə buraxılmayanda Heydər Əliyev nə edib

İncə belli qadınlara və zərif qədəhlərə aludə olan mərhum müğənniyə təklif edilib ki, Avropaya gedə bilməsi üçün adını dəyişdirsin…

Dahi müğənni Müslüm Maqomayevin şəxsi adı – “Müslüm”, istər Avropada, istər Amerikada “müsəlman” mənasında işlədilir. Xarici qastrol səfərlərinədək müğənni öz adına bir o qədər fikir verməzdi. Ağlına belə gətirə bilməzdi ki, bir gün həmin ad öz sahibinə Avropada başağrısı gətirə bilər.

Bakıdakı bütün siyasi “süzgəcləri” birnəfəsə keçən Müslüm Moskvda bərk ilişir.

***

Moskvadakı rahat bir kabinetdə Müslümə yavaşcana deyirlər: “Qastrol afişalarında ”Müslüm” adı söz-söhbətə səbəb olacaq. Opera-estrada müğənnisinin bu ad altında çıxışları mümkün deyil müasir Avropada. Müsəlman hara, opera sənəti, estrada hara? Afişalardakı “Müslüm” adı müştərilərimizi qaçırdacaq”.

Gənc Müslümin başına bir vedrə soyuq su tökürlər elə bil. Müğənninin lal etirazı, iri həriflərlə sanki sifətinə yazılır.
“Adınızı dəyişin təcili. Gələn il bu gün bu saatda sizi kabinetimdə salamlamağa indidən hazıram” – deyirlər ona.

***

Suyu süzülə-süzülə Bakıya qayıdan müğənninin başağrısı tezliklə yerli partiya rəhbərliyinə, şəxsən Heydər Əliyevə gəlib çatır. Partiya bonzaları – yəni rəhbər işçilər təklifi qəbul edirlər əvvəlcə. Tezbazar istəyirlər hətta Müslümə təzə qondarma bir ad da versinlər. Müzakirəyə Heydər Əliyev qarışanda vəziyyət kökündən dəyişir:

“Bizim müsəlmanlar… siz dediyiniz kimi, ”müslüm”lər, görünür, xaricdəkilərdən dəfələrlə ağıllı, istedadlıdırlar. Opera, estradada ən tanınmış Avropa sənətkarını belə yerində otuzdurarlar. Afişalardakı “Müslüm” adını görən bütün müsəlmanlar Maqomayevi özününkü bilib dərhal bilet alacaq bu konsertlərə. Bizdəki xalqlar dostluğuna heyran qalacaq, inanın”.

***

Təhlükə uğurla birdəfəlik dəf edilir. Müslüm nə öz adını dəyişir, nə də ki dinini. Üzərində “Müslüm” kəlməsi parlayan çılğın afişalar bütün Avropa küçələrini bürüyür. İrqçiləri diksindirir bərk. Opera-konsert saraylarının bilet kassaları önündə ilk dəfə müsəlmanlar səliqə ilə növbəyə düzülürlər. Növbənin bir ucu başlayır Parisdəki “Olimpiya” konsert zalından. Qurtarır Sena çayı sahillərində. Avropa qəzetləri ilk dəfə “müslüm” kəlməsini müsbət mənada öz manşetlərinə çıxarırlar.

“Olimpiya” konsert zalının direktoru Brüno Kokatrik nə gözlərinə inanır əvvəlcə o vaxt, nə də ki, qulaqlarına. Əlləri, səsi titrəyə-titrəyə bu “müslüm”ə təklif edir aralarındakı bir illik kontrakta imzasını atsın.

Müslüm masa üstündəki qələmə həsrətlə baxır… baxır… Başını bulayıb:

“SSRİ-də məni çox vacib dövlət tədbirləri gözləyir. İki il sonrakı konsert proqramlarında adım var. Bağışlayın…”

***

DOSYE: Müslüm Maqomayev. Opera-estrada artisti.

DOĞUM TARİXİ: 17 avqust 1942, Bakı.

ULDUZ BÜRCÜ: ŞİR.

HOBBİSİ: Uşaqlığından Polad Bülbüloğlu ilə birgə astronomiya azarına tutulub. O vaxt dostlar əldəqayırma bir durbindən Bakı səmalarındakı ulduzları bir-bir nəzərdən keçiriblər. Sinifdəki divar qəzetinin bir ucunu həmişə Polad divara yapışdırıb, digərini Müslüm. “Nizami” kinoteatrı səhnəsində “Tarzan” filminə baxdıqdan sonra hər iki dostun səsi açılıb. Tarzan nərələri Müslümün ifasında bütün Bakını titrədirmiş. Poladın ifasında isə yalnız divarın o biri tərəfindəki xəstə qonşuları. Dostlar arasındakı ilk çat məhz bu vaxt yaranıb axırda – 2004-cü ildə qalxıb lap kəlləçarxa.
***

SEHİRLİ ÜZÜK: Bu Tarzan nəriltisinin sorağı bir gün gedir çatır qonşu İrana. Şahənşah ailəsinin şəxsi dəvəti ilə Müslüm şah sarayına dəvət alır. Tehrana qara qəpiksiz yola düşən Müslüm Tehranın Mehabad aeroportunda çətin duruma düşür. Məcbur qalır çamadanlarını daşıyan hambalların xəcalətindən çantasındakı araqla çıxsın.

Screenshot_3.jpg (10 KB)

Rəhmətlik Rafiq Babayevin musiqi müşayiəti ilə sarayda bir-iki konsert verən Müslüm gör kimin – İran şahının… bəli, İran şahının həm şəxsi sevgisini qazanır, həm də…

Həm də qiymətli hədiyyələrini. Hədiyyənin sırasına qol saatı, ağzı kip qapalı nadir mücrü, nəhəng İran xalısı daxil imiş. Müslümün dediyinə görə, o, Şahbanu ilə öz aralarında Azərbaycan türkcəsində danışırdı.

***

Vətənə geri dönərkən Müslümə Moskva aeroportundakı gömrükçülər bərk ilişirlər. Deyirlər, mücrünü aç. Mücrüdəki ağır qızıl üzük gömrükçüləri çaşdırır. Biri deyir, üzüyü müsadirə edək bəlkə? Digəri, cavabında uzun-uzadı susur.
Yaxşı ki, aeroportda Müslümü qarşılayanlardan biri İran səfirliyinin nümayəndəsi olur. O, söhbətə qarışıb gömrükçülərə öz iradını, təəssüfünü bildirəndə, hə… məmurların, necə deyərlər, fısı yatır. Axır Müslüm məcbur qalır üzüyü mücrüdən çıxarıb adsız barmağına taxsın.
Sonra o, bu üzüyündən heç vaxt ayrılmır.

MÜSLÜMÜN MUZEYİ: Vəfatından sonra üzük müğənninin digər şəxsi əmanətləri ilə birgə düşür dostu Araz Ağalarovun şəxsi kolleksiyasına. “Crocus City Holl”un ikinci mərtəbəsində Müslümün şəxsi muzeyini yaradarkən o, həmin üzüyü unutmur. Götürüb qoyur muzey eksponatlarının düz göbəyinə. Sonralar Emin Ağalarovun 35 illik yubileyi zaman Tamara Sinyavskaya bu əmanəti yubilyara hədiyyə edir.

***

Screenshot_4.jpg (24 KB)

Müslüm kosmosdakı uzaq fəzalara, sayrışan ulduzlara çox aludə idi. Gecələr əlində sıxdığı uzun durbinlə ulduzlu səmaları saatlarla müşahidə etmək, həəə, müğənninin sevimli məşğuliyyəti idi. Astral müşahidələrinin ləzzətini o, ən yaxın dostları ilə bölüşməkdən əsla doymazmış. Əvvəllər Poladla paylaşarmış o bu sevincini. Sonra…

Sonra müğənni əlində uzun durbin, tək qalır Bakı, Moskva mənzillərinin kimsəsiz damlarında. Görür, kimsə day paylaşmır onun bu ulduz sevdasını. Polad, telefon zənglərinə cavab vermir. Digərləri yoxa çıxıblar gör nə vaxtdı…

Fırça ustası olsam, Müslümün portretini bax bu cür çəkərdim. Səhnədəki Müslümün yox… bir də yox… damdakı o Müslümün sifət cizgilərini, iti baxışlarını, bir sözlə sifət dramaturgiyasını köçürərdim ağ kətan üzərinə.

Rəssamlardan Tahir Salahov, Nikas Safronov çəkməyinə çəkiblər ey Müslümün portretlərini. Ancaq məncə, müğənninin uzaq ulduzlara olan bu gizli sevdasını bilmədən, barəsində düz-əməlli, dürüst bir fikir söyləmək əbəsdi. Belə portretlər, inanın tam olmayacaq.
Yəni bu opera-estrada ulduzu ilə, göydəki səma cisimləri arasında sanki əlaqə, rabitə telləri olub. Dünya astronomları deyirsiz elə-belə, boş yerə Günəş sistemindəki kiçik bir planeti 1997-ci ildə “4980Maqomayev” adına layiq görüblər? Yox… Məncə, yox…
Parisin məşhur Olimpiya zirvəsində – “Olimpiya” konsert zalında, düz iki dəfə – 1966-69-cu illərdə solo konsertlərdə çıxış edib, əsl anşlaq yaradan Müslüm, bəli, səmadakı ulduzlardan əsla seçilmirdi. İstedadı da kosmik miqyasda idi. Dünya ölçülərində deyil. O, üzü dənizə, üzü küləyə, uçurumların dərinliklərinə, nəhayət, kosmosa ünvanlayırdı öz ifasını. Yəni o, öz istedadının ayağını yerdən çoxdan üzmüşdü. Belələrini isə…

Belələrini isə yer sakinləri, adi ifaçılar əsla sevmirlər.

Screenshot_1.jpg (55 KB)

***

“Qərarı qoy dostlar versin” 

Ancaq onun sevgi dairəsi elə təkcə göy cisimləri ilə məhdudlaşmırdı. Lazım gələndə o, yer sakinlərini də eyni dərəcədə sevirdi. Öz ilk yer sevgisini o, Ofelya adlı bir Şərq gözəli ilə bölüşür. Atalığı, həm də əmisi Camal Müslimoviç Maqomayev, nənəsi Baydigül bunu bir gənclik şıltaqlığı bilirlər əvvəlcə. Ancaq görəndə yox ey… məsələ ciddiləşir, 18 yaşlı Müslüm öz sevgilisini Bakıdakı Səadət Sarayına apara bilər, həə, keçirlər əks tədbirlərə. Bığ yeri təzəcə tərləmiş Müslümün pasportunu götürüb gizləyirlər. Ötürürlər bu pasportu qonşuluqdakı Olqa Kasparovna Çarskayaya.

Ancaq Müslüm tezliklə gedib bu sənədinin yerini aşkarlayır. Sübut edir ki, canında təkcə müğənni yox, kriminalist, müstəntiq istedadı da var.
Onun həm pasportunu, həm saqqızını oğurlayan bir başı papaqlı tapılır, nəhayət. Kim olsa yaxşıdı bu başı papaqlı? Rəssam Tahir Salahov! O, bir gün Müslümlə Tamara Sinyavskayanın pasportlarını götürüb basır cibinə. İkisini də Səadət Sarayına dartıb sürükləyir. Sevgi cütlüyünü, nəhayət, evləndirir. T.Salahov xatirələrində yazır: “Müslüm bərk həyəcanlı idi o an. Sakitləşə bilmirdi. Bunun bircə əlacı vardı – Müslümü molbert önündə əyləşdirib sakitləşdirmək. Ad qoymaq buna ki, guya portretini çəkirəm”.

Gördüyümüz kimi, o, bəzi vacib qərarlarını bilə-bilə özü vermirdi. İstəyirdi əvəzinə bunu çevrəsindəki ən yaxın dostu etsin. Bununla da öz sədaqətini, dostluğunu hamıya, ilk növbədə Müslümə nümayiş etdirsin.

Mərhum Heydər Əliyev – Müslümün bir saylı himayədarı, bu vəzifəsinin öhdəsindən həmişə uğurla gəlirmiş. Lazımi saatda, lazımi yerdə Müslümün əvəzinə qərar verməkdən çəkinmirmiş. Heydər Əliyev Moskvadan qatarla Bakıya ayrılarkən, Tamara-Müslüm cütlüyü onu Tulaya qədər müşayiət edərmiş adətən.

Screenshot_5.jpg (22 KB)

Mənzərə gözünüzdə canlansın: Xüsusi dövlət qatarı… qazdan ayıq mühafizəçilər arasından maneəsiz ötən Müslüm qatara daxil olub qapını taqqıldadır. Gümüş stəkanaltılarda gətirilmiş çayı dostlar bir müddət unudub Tulayadək şirin söhbətə qapılırlar…

***

Qəribəlikləri çoxdu rəhmətliyin. Beli incə qadınları, qədəhləri çox sevirdi o, Məşhur müğənni Edata Pyexa ilə o dodaqlarını çox cütləyib Bakıda. Əri Mixail Broneveskini daim məcbur edib arvadının çarpayısı altına baxsın. İndiki Bülbül xiyabanına baxan eyvandan küçəyə çox qədəhlər tolazlayıb. Pul yağdırıb aşağıdakı piyadaların başına.

Screenshot_6.jpg (88 KB)

“Azərbaycan” nidasını Müslüm kimi hayqıran, tələffüz edən ikinci bir estrada müğənnisi tanımıram bu dünyada.

Musiqi hissiyyatının dəqiq ölçülərini Müslümdən öyrənmişəm mən.

Deyəsən, yanılmamışam.

Həmçinin oxuyun

Daniyelyan: “Mnatsakanyanın cavab verə bilmədiyi suallar…”

“Zöhrab Mnatsakanyanın müsahibəsini diqqətlə oxuyun, daha dəqiq desəm, onun cavab verə bilmədiyi KİV-in suallarını oxuyun”. …

Bir cavab yazın