Müsavat Partiyasının növbəti qurultayına hazırlıq işləri davam edir. 24 nəfərlik Təşkilat Komitəsi qurultayın bu ilin sonu, ən gec gələn ilin əvvəlində keçirilməsi üçün səyləri artırıb.
Yenisabah.az xatırladır ki, hazırkı başqan Arif Hacılının səlahiyyət müddəti başa çatıb. Ard-arda iki dəfə Müsavat başqanı seçilən və üst-üstə 8 il partiyaya rəhbərlik edən Hacılının üçüncü dəfə namizədliyini irəli sürməsi mümkün deyil. Nizamnamənin bu tələbinin pozulmayacağına partiyada hər kəs əmindir.
Müsavatın yeni başqanı kim olacaq?
Partiyanın aparıcı funksionerlərindən birinin saytımıza bildirdiyinə görə, Arif Hacılını əvəzləməyə iki müsavatçının daha çox şansı var. Bunlar sabiq millət vəkili Arzu Səmədbəyli və Müsavat Məclisinin sədri Nüşabə Sadıqlıdır.
Müsahibimiz deyib ki, Səmədbəylinin Müsavat başqanı olmasını istəyənlər əsasən Qərbi Azərbaycandan olan partiya üzvləri və güclü cinsi təmsil edən müsavatçılardır. Onların fikrincə, 5 il deputat olmuş Arzu Səmədbəylinin Müsavat sükanının arxasına keçməsi partiyanı hakimiyyətlə qarşıdurmadan yayındıracaq və növbəti mərhələdə inkişafı stimullaşdıracaq.
Amma Səmədbəylinin namizədliyinə qarşı çıxan partiyadaxili qüvvələr də var. Həmin adamlar hesab edirlər ki, hakimiyyətə loyal münasibətilə seçilən və İsa Qəmbərin başqanlıqdan getməsindən sonra “kölgəyə” çəkilən Arzu bəyin Müsavatda birinci adam olmağı partiyada inkişafı tormozlayacaq və Müsavatı tədricən “avtobus müxalifəti”nə çevirəcək.
Qeyd edək ki, Müsavat başqanlığına əsas namizədlər sırasında hazırkı Məclis sədri Nüşabə Sadıqlının da adı hallanır. Hətta xanım müsavatçının başqanlıq yarışında rəqibindən daha şanslı olduğu bildirilir. Müsavat dəhlizlərində hesab edirlər ki, Arzu Səmədbəylidən fərqli olaraq, çətin günlərdə Müsavat Məclisinin sədri olmaqla çiyinlərini kifayət qədər ağır və məsuliyyətli yükün altına vermiş Nüşabə xanımın Arif Hacılını əvəzləməyə daha çox haqqı çatır.
BDU-nun dosenti olan Nüşabə Sadıqlının başqanlıq yarışında şansını artıran başqa faktorlar da var. Məsələn, hələ də partiyada əsas söz sahibi olan İsa Qəmbərin Sadıqlının namizədliyinə isti yanaşdığı deyilir. Müsavat başqanı Arif Hacılı da postunu Nüşabə xanıma təhvil verməkdə maraqlı görünür. Hacılı bu yolla həm də partiya üzərində nəzarəti davam etdirəcəyini düşünür.
Məlumatlara görə, 8 il əvvəl Arif Hacılının Müsavat başqanı seçilməsindən sonra mərhum Vurğun Əyyub və Qubad İbadoğlu ilə birlikdə partiyadan ayrılan adamlar da Nüşabə Sadıqlının Müsavat başqanı seçilməsini arzulayırlar. Onlar simpatiya bəslədikləri xanım Sadıqlının Müsavat başqanı seçiləcəyi təqdirdə yenidən doğma partiyaya qayıtmağa hazır olduqlarını bildiriblər.
Hadisələrin inkişafı Müsavat tarixində ilk dəfə bir qadının başqan seçilə biləcəyini göstərir. Növbəti 4 ildə Müsavata kimin rəhbərlik edəcəyi isə payızda bəlli olacaq. Azərbaycanlılar payızda cücəni sayırlar, müsavatçılar isə səsləri sayacaq…