Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / Müsavat Partiyasında 300 min avroluq maxinasiya söhbətləri cinayət təqibinin predmeti ola bilərmi…

Müsavat Partiyasında 300 min avroluq maxinasiya söhbətləri cinayət təqibinin predmeti ola bilərmi…

Müsavat Partiyasının çox fəal üzvlərindən olan hüquq müdafiəçisi Taleh Xasməmmədov partiya sıralarından çıxarılmasına qəzetimiz vasitəsilə aydınlıq gətirib. Qəzetimizin dünənki sayında bu barədə ətraflı məlumat verilib. T.Xasməmmədov iddia edir ki, ona qarşı partiya rəhbərliyinin belə mövqe tutmasına səbəb Müsavatın mühacir biznesində adının hallanmasını ictimailəşdirməsi olub. 

Müsavat fəalı deyir ki, sosial şəbəkələrdə kifayət qədər əsaslı sənədlər yayılsa da, nədənsə, Müsavat Partiyası bununla bağlı hərəkətə keçmək istəmir. Partiya fəalı bildirib ki, saxta sənədlər əsasında mühacirətə gedənlərdən əldə olunan gəlir fantastik rəqəmlərlə ölçülür: “…Amma indi necə olursa, Avropada hər yoldan keçən birinin cibindən Müsavat üzvü olduğunu təsdiq edən vəsiqə çıxır? Belə hallarda işi çətinə düşən kimi partiya rəhbərliyi  “saxtadır” deyib məlumatları təkzib edir. Bəli, doğrudan da saxtadır, çünki Müsavatın o qədər üzvü heç vaxt olmayıb, amma “saxta” olaraq onlara üzvlük vəsiqəsi verilib. Bundan əlavə, qeyd edim ki, bu cür faktiki sənədlərə istinad edilmiş ittihamlar hansı partiyaya yönəlsəydi, həmin partiya rəhbərliyi ya məhkəmə qaydasında “nüfuz” davası açardı, ya da ki, hüquq-mühafizə orqanlarına müraciət edilərək cinayət əməli törətmiş şəxslərin məsuliyyətə cəlb olunması tələb olunardı. Amma heç bir tələb edilmir, edilməyəcək də. “Qara bazar” elə bazardır, yararlananlar və yaradanlar üçün. Təəssüf ki, mənə çatanda “arxiv arayışı” tapa bilmirdilər”.

Göründüyü kimi, T.Xasməmmədov ortada kifayət qədər sübut və dəlillərin olduğunu əsas gətirərək bildirir ki, partiya bu detalların araşdırılmasında maraqlı deyil, məhz bu səbəbdən də əlaqədar qurumlara şikayət etmir. Söhbət kifayət qədər ciddi cinayət əməlindən gedir. Partiya fəalının sözlərindən belə çıxır ki, bu işdə mütəşəkkil dəstə fəaliyyət göstərir. Artıq bu cinayət həm də transmilli xarakter alıb. Çünki şəbəkənin xaricdə də üzvləri mövcuddur. Belə olan təqdirdə, Müsavatın bu məsələdə marağının olub-olmamasından asılı olmayaraq, hüquq-mühafizə orqanları bu işi araşdırmalıdırlarmı?

Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Müsavat Partiyasının keçmiş üzvünün kütləvi informasiya vasitələrində Müsavat Partiyası rəhbərliyini korrupsiya faktlarında ittiham etməsi son dərəcə ciddi məsələdir: “Bu səbəbdən də hesab edirəm ki, hüquq-mühafizə orqanlarının Azərbaycan Respublikası CPM-in 46.2-ci maddəsinə istinad edərək faktla bağlı cinayət işinin başlanması üçün əllərində tam əsas var. Yaxud məlumat gedən kütləvi informasiya vasitəsi baş prokurora da müraciət edə bilər. Yəni siz xüsusi məktubla bunu cənab Zakir Qaralova ünvanlaya bilərsiniz ki, araşdırılsın. Çünki qanunvericiliyin tələbində deyilir ki, KİV-də dərc edilən və ya yayılan məlumatlar cinayət işinin başlanması üçün birbaşa əsas ola bilər. Bu halda ortada kifayət qədər ciddi ittiham var, konkret rəqəmlər səslənir. Partiya fəalı deyir ki, lazım olsa, partiya adından verilən saxta sənədləri də təqdim edə bilər. Bundan əlavə, Xasməmmədov bu işləri mütəşəkkil dəstənin gördüyünü, hətta prosesə xarici vəkillərin də qarışdığını deyirsə, deməli, törədilən cinayətin miqyası daha genişdir. Burada transmilli cinayətkar şəbəkədən söhbət gedir.

Cinayətin dairəsini əhatə edən ölkələr də bu məsələnin araşdırılmasında maraqlı olacaqlar. Çünki Avropa ölkələrində saxta mühacir biznesi ilə bağlı qaydalar daha sərtdir. Bizim hüquq-mühafizə orqanları yəqin ki, məsələnin siyasi çalar ala biləcəyindən ehtiyat edirlər. Amma burada söhbət konkret cinayət əməlindən gedir, heç bir siyasi motiv yoxdur. Hesab edirəm ki, hüquq-mühafizə orqanlarının hərəkətə keçməsi üçün tam əsaslar mövcuddur”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Türkiyə səfirliyindən şəhidlərimizlə bağlı paylaşım

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş 2783 qardaşımızı rəhmətlə anırıq. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin …