Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / Müsəlman düşməni Mladiç cəzalandı, qaldı Sərkisyan…

Müsəlman düşməni Mladiç cəzalandı, qaldı Sərkisyan…

8 min müsəlmanın qatilinə ömürlük həbs cəzası verildi, körpə qatilləri isə hələ də azadlıqdadır…

BMT-nin Haaqa müharibə cinayətləri tribunalı Bosniyanın sabiq serb ordu lideri Ratko Mladiçə hökm oxuyub. O, 1990-cı illərdə keçmiş Yuqoslaviyada baş verən münaqişə zamanı müharibə cinayətləri törətməkdə günahlandırılıb.

Məhkəmə Mladiçə qarşı irəli sürülən soyqırım, müharibə cinayətləri, təqib, deportasiya və insanlığa qarşı cinayət daxil olmaqla, 11 ittihamın 10-na görə hökm oxuyub. Ona ömürlük həbs cəzası verilib.

“Bosniyanın qəssabı” kimi tanınan Mladiç 1992-ci ildən 1995-ci ilədək davam edən Bosniya müharibəsi ilə əlaqəli olaraq başladılan məhkəmədə müharibə cinayəti ittihamları ilə üzləşən ən son keçmiş hərbi liderdir.

Mladiç Srebrenitsada 8 min müsəlmanın  öldürülməsində rol oynamaqda ittiham olunurdu.

Əməlləri Mladiçin etdiklərindən heç də geri qalmayan Ermənistanın prezidenti Serj Sərkisyan isə hələ də azadlıqdadır. Sərkisyan özü də cinayətkar olduğunu etiraf edib və bildirib ki, Qarabağda döyüşlərdə iştirak edərək, qanlar axıdıb. Xüsusilə də Sərkisyanın əli  Xocalı soyqırımı zamanı qətlə yetirilən soydaşlarımızın qanına batıb.

Bəs Azərbaycan bütün cəhdlərinə rəğmən cocuqlarımızın da qatili olan Sərkisyanı niyə Haaqa  məhkəməsində cəzalandıra bilmir?

Politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a bildirib ki, Sərkisyanın cəzasız qalmasının hüquqi səbəbi də var:“Ermənistan və Azərbaycan heç biri  Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu imzalamayıb. Sərkisyanı məhkəməyə verməyimiz üçün gərək hökmən Ermənistan Roma statutunun üzvü olsun. Ermənistanda Köçəryanın, Sərkisyanın və eləcə də indiki siyasətçilərin hansı cinayətlər törətdiklərini hər kəs yaxşı bilir. Ona görə də Ermənistan vacib olan beynəlxalq konvensiyalara qoşulmur. Bu ayrı məsələdir ki, hazırda dünyada və xüsusilə də Avropada yeni proseslər başlayıb. Separatizmin yeni anlayışları yaranır. Təhlil aparsalar görərlər ki, Dağlıq Qarabağda hakimiyyəti ələ keçirənlər yerli ermənilərin də başına olmazın oyunlar açıblar. Ermənistanda indiki hakimiyyəti işğal edənlər xeyli sayda ermənini də öldürüblər. Parlamentin rəhbərinə qədər terror edib, qətlə yetiriblər. Əsl terrorçu Bako Sahakyan, Robert Köçəryan, Sərkisyan və digərləri olublar. Onlar isə hazırda sərbəst şəkildə gəzirlər. Mladiçin ömürlük həbs cəzası alması Sərkisyanın törətdikləri cinayətləri yada salır. Ancaq Sərkisyanla bağlı müəyyən hüquqi əngəllər olsa da, Köçəryanı və digərlərini həbs etmək üçün heç bir maneə yoxdur. Azərbaycanın Baş Prokurorluğunun Bako Saakyanla bağlı müraciəti var. Bu müraciət əsasında Fransa onu həbs edib, Azərbaycana ekstradisiya etməlidir. Lakin bu, baş vermir. Bütün bunların hamısının ümumi səbəbi var ki, o da məsələnin mahiyyətində İslam-xristian faktorunun dayanmasıdır. Düşünürəm ki, Avropanın Moldovadakı və Gürcüstandakı münaqişələrlə Azərbaycandakı məsələlərə yanaşmasında olan fərqin kökündə o dayanır ki, Dağlıq Qarabağ, İslam və xristian mövqelərinin kəsişmə ərazisindədir. Ona görə də avropalılar çalışırlar ki, erməniləri ələ verməsinlər. Mladiçi də əlbəttə ki, Avropada müsəlmanları qırdığına görə həbs ediblər. Ancaq inanın ki, əgər Mladiç serb yox, məsələn, fransız olsaydı, onu həbs etməyəcəkdilər. Nəzərə almaq lazımdır ki, slavyanlar və digər Rusiyaya yaxın olan millətləri Avropa sevmir. Çalışırlar ki, onları hər yolla incidib, cəzalarını artıq versinlər. Ona görə də biz, qeyd etdiyim kimi, Dağlıq Qarabağ ərazisinin İslam-xristian sərhədində yerləşməsi məsələsini nəzərə almalıyıq. Eləcə də çalışmalıyıq ki, bizim bəzi qonşu müsəlman dövlətlərimiz başa düşsünlər ki, bu gün xristian dünyası Ermənistanın mənafeyini ona görə qurban vermirlər ki, sabah Ermənistan ərazisindən, məsələn,  İrana top atacaqlar”.

Politoloq onu da qeyd edib ki, Mladiçin həbsindən sonra biz Sərkisyan və digərlərinin cəzalanması məsələsini qaldırmalıyıq: “Götür-qoy etməliyik ki, Roma statutuna necə üzv olaq ki, Ermənistan bura üzv olmadığı halda belə Sərkisyanı, Köçəryanı beynəlxalq məhkəməyə verə bilək. Onları cəzalandırmağın yollarını axtarmalıyıq. Ən vacibi isə siyasi əsaslandırma olmalıdır. Bu işlə bağlı da hiss olunur ki, son zamanlar Azərbaycan hökuməti, Prezident Administrasiyası məqsədyönlü fəaliyyətə başlayıb”.

Həmçinin oxuyun

Deputat: “Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq”

Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. …