Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Siyasət / Müharibəni uzatmağın reaktiv siyasəti – ŞƏRH

Müharibəni uzatmağın reaktiv siyasəti – ŞƏRH

ABŞ-ın hərbi yardımları çərçivəsində Ukraynaya 4 ədəd HİMARS reaktiv yaylım atəşi sistemi çatdırılıb, daha bir neçə ədədin veriləcəyi də bildirilir. Bu sistemlər Ukraynaya gələr-gəlməz döyüşlərə aktiv şəkildə qoşulub, cəbhədə Rusiyaya aid idarəetmə məntəqələrinə, silah-sursat bazalarına, hərbi kolonlarına uzaqdan dəqiq zərbələr endiriblər.

Bu sistemlərin Ukraynaya göndərilməsi rus ictimaiyyətində ciddi qıcıq oyatsa da, aydındır ki, Xarkovdan Xersona qədər uzunluğu 2.5 min km-ə yaxın böyük cəbhə xətti üçün 4 sistem olduqca azdır. Bəs ABŞ niyə Ukraynaya bu qədər az sayda RYAS göndərib? Axı həmin sistemlərin sayı çox olsaydı, cəbhədə vəziyyət köklü şəkildə dəyişə bilərdi. Onu da vurğulamaq yerinə düşər ki, Ukraynaya atəş uzaqlığı 500 km.-ə qədər olan HİMARS-ların ən az məsafəli (80 km) modelləri çatdırılıb.


Məsələni AzVision.az -a şərh edən hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Rusiyanın Ukraynaya müdaxilə edəcəyi neçə il idi ki, heç kəsdə şübhə doğurmurdu və böyük dövlətlər istəsəydilər, Ukraynanı müharibəyə daha möhkəm formada hazırlaya bilərdilər, lakin bunu etmədilər: “ Görünən odur ki, hissə-hissə silahlar göndərməklə Ukraynanın məğlub, Rusiyanın isə qalib olmamasına çalışırlar. Nəzərə alsaq ki, Rus-Ukrayna cəbhəsinin uzunluğu 2500 km-dir, 4 ədəd HİMARS-ı bu xəttə yerləşdirəsi olsaq, hər 500 km-ə bir ədəd RYAS düşəcək. Bununla nə etmək mümkündür ki?! Ortadakı boşluqlar nə ilə bağlanacaq?!


Halbuki, ABŞ silahlarının Rusiya silahları üzərindəki üstünlüyü aşkardır. Bu gün ABŞ rusların Ukraynaya hücumlarını dayandırmaq istəyirsə, heç olmasa 60 ədəd HİMARS və buna müvafiq sursat Ukraynaya çatdırılmalıdır”.

Ekspert deyir ki, məsələn, 50 yox, 40 ədəd HİMARS verilərsə, Rusiyanın hücumunun tempi azalar, itkiləri artar. Yox əgər, 20 ədəd verilərsə, rus qoşunları itkilər verməklə yanaşı, yenə də irəliləyərlər. İyirmi ədəddən az verilən HİMARS isə Rusiyanı itkilərə məruz qoysa da, irəliləməsininin qarşısını ala bilməz. Ukraynanın əks-hucuma keçib rusları qovması üçün hətta HİMARS da kifayət etmir, havadan müdafiə və müasir aviasiya vasitələri də verilməlidir.
– Dolayısıyla demək olar ki, Ukraynaya silah verənlər bu müharibənin mümkün qədər çox uzanmasını və hər iki tərəfin mümkün qədər zəifləməsini istəyirlər ,- deyə ekspert fikirlərini yekunlaşdırıb.

Həmçinin oxuyun

David Babayan Azərbaycana təşəkkür etdi

Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” David Babayan Azərbaycana təşəkkür edib. Bu barədə o, “Facebook” …