Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Siyasət / Müharibə başlaya bilərmi? – ŞƏRH

Müharibə başlaya bilərmi? – ŞƏRH

Noyabrın 14-dən başlayaraq, Azərbaycanla Ermənistanın dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində intensiv döyüş əməliyyatları davam edir. Dünən hər iki tərəf artilleriya və zirehli texnikadan istifadə edib. Günün sonunda isə Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olundu.

Hadisələri Pressklub.az-a şərh edən siyasi təhlilçi Rauf Mirqədirov xatırladıb ki, bu toqquşmalar ikinci Qarabağ müharibəsindən əvvəl də baş verirdi və indi də davam etdirilir. Onun sözlərinə görə, burada tərəflərin müxtəlif maraqları var:

“Ermənistan tərəfi sərhəd məsələsində kifayət qədər qətiyyət göstərməklə 44 günlük müharibədə düçar olduğu məğlubiyyəti cəmiyyətə unutdurmaq istəyir.

Azərbaycanın marağı isə ondan ibarətdir ki, ikinci müharibədən sonra imzalanan atəşkəsdən bir il ötsə də nə münaqişənin tam həlli, nə də münasibətlərin normallaşdırılması istiqamətində heç bir addım atılmayıb. Bunu deyərkən Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyasını, Ermənistanla sülh müqaviləsinin imzalanmasını nəzərdə tutur. İstisna deyil ki, hər iki tərəf sərhəd münaqişəsindən qeyd olunan maraqlarının həyata keçirilməsi üçün istifadə edirlər”.

R. Mirqədirov bu münaqişənin üçüncü tərəfinin Rusiya olduğunu xatırladır: “Sərhəddə baş verən hadisələr, gərginlik, hərbi toqquşmalar istənilən halda Rusiyanın maraqlarına cavab verir. Mən istisna etmirəm ki, Rusiya sərhəddə baş verən toqquşmadan istifadə edərək, iki ölkənin sərhədlərinə nəzarətə götürmək istəyir. Yəni hazırkı “sülhməramlı missiya” Azərbaycan-Ermənistan sərhədlərinə də şamil ediləcək. Nəticədə Rusiyanın hər iki münaqişə tərəfinə təsir imkanları artacaq. Eyni zamanda, regionu tam nəzarətə almaq perspektivini daha da gücləndirəcək. Unutmaq lazım deyil ki, Ermənistan ordusunda Rusiyanın təsirləri həddindən artıq çoxdur. Azərbaycan silahlı qüvvələrində də onların müəyyən təsir imkanları var, amma Ermənistandakı səviyyədə deyil. Erməni ordusundakı komanda heyətinin əksəriyyəti Rusiyada təhsil almış, bu ölkənin hərbi-siyasi elitasına inteqrasiya olunmuş insanlardı. Bu generallardan, zabit heyətindən ordunun təmizlənməsi asan məsələ deyil, ona illərlə vaxt lazımdır. Ermənilər, Azərbaycan və başqa postosvet ölkələrindən fərqli olaraq, öz uşaqlarını Rusiya hərbi məktəblərində oxudublar. Məlumdur ki, Azərbaycanda gənc zabitlərinin əhəmiyyətli hissəsi Türkiyədə təhsil alıb. Amma təəssüf ki, bu reallıq Rusiyanın təsirini o qədər də azaltmır. Müharibədən sonra cəmiyyətdə belə bir gözlənti vardı ki, Baş Qərargah rəisi Nəcməddin Sadıxovun yerinə Türkiyə təhsilli generallardan biri təyin olunacaq, amma bu baş vermədi. Hər halda Azərbaycan ordusunda NATO standartları ilə təhsil almış zabitlərin sayı qarşı tərəfdən dəfələrlə çoxdur”.

Baş verən hadisələr bölgədə yenidən uzun müddətli, tam miqyaslı yeni müharibəyə səbəb ola bilərmi?

R. Mirqədirov belə bir ehtimalın böyük olmadığını vurğulayıb: “Düşünmürəm ki, bölgədə, İran istisna olmaqla, heç bir qüvvəyə geniş miqyaslı hərbi əməliyyatlar lazımdır. Bu, heç Azərbaycan və Ermənistanın maraqlarına da cavab vermir. Hazırki toqquşmalar tam miqyaslı müharibəyə çevrilərsə, bu, iki dövlətin aparacağı müharibə olmayacaq. Region dövlətləri də bu müharibəyə qarışmaq məcburiyyətində qalacaq. Sözsüz ki, Azərbaycan və Ermənistanın resursları çox fərqlidir, Azərbaycan ordusu daha güclüdür, yaxşı təlim görüb, təminatı yaxşı səviyyədədir, iqtisadi resurslarımız da müharibəni uzun müddət davam etdirməyə imkan verir.

Amma unutmaq lazım deyil ki, Ermənistan Rusiyanın forpostu olaraq qalır və Cənubi Qafqazda strateji baxımdan Moskvanın əsas istinad sahəsidir. Eyni zamanda, məhz Ermənistandan bu regiona təsir imkanları daha böyükdür. Bundan başqa, Rusiya bu ölkədəki öz müttəfiqlərinin də tam olaraq ideoloji və siyasi baxımdan Paşinyanın qarşısında tərksilah edə bilməz. Ermənistanın siyasi palitrasına nəzər salarkən görürük ki, müxalifət Paşinyanı tənqid edərkən məhz onun Qərbyönlü olması hədəfə götürülür. Müxalifət, məğlubiyyətə baxmayaraq, daha Rusiyapərəstdir, daha çox onun maraqlarını ifadə edir. Ona görə də Rusiya belə bir müxalifəti tamamilə xalqın gözündən sala bilməz”.

Rauf Mirqədirov hesab edir ki, döyüşlər genişlənsə, Rusiyanın bu müharibəyə Ermənistan tərəfindən qarışmaq ehtimalı kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, belə bir addım atılarsa, biz Türkiyənin də müəyyən dərəcədə prosesə qoşulmasının şahidi ola bilərik:

“Lakin Türkiyənin hansı miqyasda, hansı resurslarla və haradan işə qarışacağı barədə indidən nəsə demək çətindir. Proseslərin bu ssenaridə inkişafı Rusiya-Türkiyə münasibətlərinə həddindən artıq ağır zərbə ola bilər. İki ölkənin münasibətlərindəki sabitliyə, proqnozlaşdırmaya, Qərbə qarşı birgə əməkdaşlığa son qoya bilər”.

Siyasi təhlilçi güman edir ki, qarşıdakı həftədə hərbi əməliyyatlar intensivləşəcək, nəticədə hər iki tərəfdən qurbanların sayı arta bilər. “Regiondakı aparıcı qüvvələrinin genişmiqyaslı müharibədə maraqlı olmadığını nəzərə alaraq, gərginliyin dayandırılacağı gözləniləndir. Ən təhlükəlisi odur ki, proses Azərbaycan-Ermənistan sərhədinə Rusiya qoşunlarının yerləşdirilməsi ilə nəticələnə bilər. Bunu istisna etmirəm”.

Həmçinin oxuyun

Azərbaycan – İran münasibətləri: hər şey əvvəlki kimi olacaqmı?

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi …