Ana səhifə / Siyasət / “Müharibə başlasa, o, qaçacaq” – Generala ağır ittihamlar

“Müharibə başlasa, o, qaçacaq” – Generala ağır ittihamlar

Ölkədə aparılan struktur dəyişiklikləri ilə əlaqədar bir çox xidmət və qurumların ləğvi məsələsi gündəmdədir. Onlar arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də var. Məlumata görə, xidmətin Müdafiə Nazirliyinə birləşdirilməsi ilə bağlı artıq danışıqlar başlayıb. Lakin hələ ki heç bir qurum bu məsələyə rəsmi münasibət bildirməyib.

AzNews.az-ın əməkdaşı Səfərbərlik xidmətinin nazirliyə birləşdirilməsinin nə dərəcədə real və düzgün addım olduğunu öyrənmək üçün hərbi ekspert Üzeyir Cəfərovla söhbətləşib. Ü.Cəfərov bildirib ki, ümumiyyətlə, bu qurumun yaradılmasına lüzum yox idi: “Fikrimcə, bu gün o boyda qurumun saxlanılmasına ehtiyac yoxdur. Ümumiyyətlə, Azərbaycanda xeyli sayda güc strukturları ixtisara salınmalıdır. Burada söhbət güc strukturlarında olan əlavə ştatlardan gedir.

Səfərbərlik xidmətinə gələndə isə, mən bu qurumun işindən hər zaman narazı olmuşam. Çünki orada səfərbərlikdən və hərbi xidmətdən çox-çox uzaq olan şəxslər var ki, onlar bu gün Azərbaycan üçün taleyüklü məsələ olan səfərbərliklə məşğul olmalıdırlar. Lakin onların səfərbərliklə bağlı heç vaxt geniş təsəvvürləri və təcrübəsi olmayıb. Hər halda ləğv olunub, Müdafiə Nazirliyinə birləşdirilməsini alqışlayaram.

Bu xidmət əvvəl Müdafiə Nazirliyinin tabeliyində olsa da, səfərbərlik məsələləri ilə bağlı xeyli işlər görülürdü. Nöqsanlar var idi, sadəcə bəzi lazımi işləri görmək lazım idi. Lakin bəzi məmurlar kimlərəsə görə qurum yaratdılar. Azərbaycanın dövlət büdcəsindən xeyli vəsaitlər lazımsız yerə xərcləndi və hazırda da xərclənməyə davam edir. Düşünürəm ki, bununla bağlı çox ciddi ölçülər götürülməlidir”.

Ekspert xidmətin rəisi, general-leytenant Arzu Rəhimovun da işinə toxunub və onu səfərbərlik xidmətinə heç bir aidiyyəti olmayan şəxs adlandırıb:”A.Rəhimov səfərbərlikdən çox uzaq olan bir şəxsdir. Onun səfərbərliklə hansı əlaqəsi ola bilər, onu başa düşmürəm. Onun bu quruma namizədliyini irəli sürüb, dövlət başçısına təklif edən adamlar bu gün A.Rəhimovla bağlı bəzi məsələlərə aydınlıq gətirməlidir. Kimsə general-leytenant da ola bilər, general-polkovnik də… Lakin rütbə hələ bu adamın iş göstəricisi demək deyil. O, yerində olmayan kadrlardan biridir.

Sabah müharibə başlasa, Arzu Rəhimov kim bilir hara qaçıb gedəcək. Bu adamın ümumiyyətlə, müharibədən anlayışı yoxdur. Müharibə başlasa güc, yük bizim üzərimizə düşəcək. Müharibə keçmiş peşəkarların üzərinə düşəcək. Arzu Rəhimov “yaxşı oğlan” ola bilər, lakin “yaxşı oğlan” olmaq dövlətin yaxşı müdafiəçisi, dövləti istəyən şəxs demək deyil.

Misal üçün bir şeyi deyim. A.Rəhimovun sürücüsü Namiq Cəfərov 500 min manat rüşvətə görə həbs edildi və bu məsələ nədənsə mətbuatın gündəmindən də qaçdı. Xidmət rəisinin sürücüsü kim idi ki, hansısa məsələləri həll edirdi?

Bundan əlavə, həmin qurumun zabiti, polkovnik-leytenant Ağa Fəttahovun ölkə başçısına yazdığı müraciətlər də nədənsə hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qaldı. Mən hesab edirəm ki, o məsələlərə də ciddi yanaşılmalı və araşdırılmalıdır. Çünki burada ciddi faktlar var”.

Hərbi ekspert bildirib ki, Səfərbərlik xidməti üzərinə düşən vəzifələri anlaya bilmir:”Bu xidmət vəzifələrini nə anlaya bilir, nə də yerinə yetirə… Bunu sizə misallarla deyəcəyəm. Mən ehtiyatda olan zabitəm. 10 ildən artıqdır ki, ehtiyata buraxılmışam, müharibə keçmişəm, peşəkar zabitəm. Amma bir dəfə də olsun Səfərbərlik xidməti mənim kimi minlərlə, bəlkə də 10 minlərlə peşəkarla təlimlər keçirməyib. Bunun nəyi səfərbərlik oldu?”

Ü.Cəfərovun sözlərinə görə, bu məsələdə prezidentin aidiyyəti üzrə köməkçiləri də diqqətli olmalıdır:”Onlar ehtiyatlı olmalıdırlar, həssas yanaşmalıdırlar ki, təqdim olunan kadrlar keyfiyyətlərinə görə seçilsinlər. Bəzi hallarda dost, yoldaş, qohumluq əlaqələrinə görə təqdim etməsinlər. Bu, dövlətçiliyə xeyli ziyan gətirən məqamlardır”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın