Bazar , Fevral 25 2024
Ana səhifə / Gündəm / Mübariz Əhmədoğlu: “Burada Türkiyənin 5-ci kalonu kimi formalaşmış ictimaiyyət nümayəndələrinin də cavabı sərt verilməlidir”

Mübariz Əhmədoğlu: “Burada Türkiyənin 5-ci kalonu kimi formalaşmış ictimaiyyət nümayəndələrinin də cavabı sərt verilməlidir”

Azərbaycanın erməni işğalında olan ərazilərinə qanunsuz səfər edərək Bakını heçə sayan, Xankəndidə və Xocalıda ermənilərin maraqlarına cavab verən bəyanatlar səsləndirən, sonra da mətbuat konfransı keçirərək Dağlıq Qarabağı “Artsax” adlandıran, qondarma “erməni soyqırımı”nın Ankara tərəfindən rəsmən tanınmasının “labüd” olduğunu vurğulayan Türkiyə vətəndaşları ilə bağlı rəsmi Ankara təəssüflər olsun ki, heç bir addım atmır.
Həmin adamlarla bağlı Azərbaycan ictimaiyyətinin Türkiyə hakimiyyətindən gözləntiləri tamamilə başqa idi. Ən azından, Azərbaycan ictimaiyyəti Türkiyədən Belarus prezidentinin etdiyi qədər bir jest gözləyirdi. Məlumdur ki, Lukaşenko bütün təzyiqlərə baxmayaraq, analoji addımları atan bloger Lapşini Azərbaycana təhvil verdi. Bundan əlavə, Türkiyədə baş verən hərbi qiyam zamanı istər Azərbaycan ictimaiyyəti, istərsə də rəsmi qurumlar Türkiyəyə əsl qardaş münasibətini sərgiləyiblər. Hətta bu mövzuda etdiyi bir yanlışlığa görə ölkənin nüfuzlu telekanallarından birinin fəaliyyəti qanunvericiliklə qadağan edildi.
Bəllidir ki, həmin türk vətəndaşları beynəlxalq hüququn prinsiplərini və normalarını kobud şəkildə pozublar, Azərbaycan qanunvericiliyinə görə cinayətkar sayılırlar və ən başlıcası, Azərbaycanla Türkiyə, bu iki qardaş ölkə arasındakı münasibətlərə kölgə salmağa yönəlmiş addım atıblar.
Bu azmış kimi, Qarabağa səfər edən Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlu hazırda Türkiyə qəzet və saytlarına qanunsuz səfərləri və səfər təəssüratları haqqında geniş müsahibələr verir, televiziya proqramlarında nümayişkaranə şəkildə Qarabağ ermənilərinin qonaqpərvərliyindən, mövcud durumlarından pozitiv danışırlar.

Bakının çağırışlarına biganə qalan Türkiyə hökumətinin bu cür davranışı Azərbaycanın ictimai rəyində Türkiyənin nüfuzuna necə təsir edəcək?

Politoloq Mübariz Əhmədoğlu “Bakı-Xəbər”ə  bildirdi ki, bu hadisədən dərin təəssüf hissi keçirir:

“Hazırda Türkiyədə həmin adamlar barədə nə hüquqi addımlar atılır, nə də onlar ictimai qınağa çəkilir, əksinə, onlardan bir qəhrəman obrazı yaradırlar. Onlar hər gün Türkiyənin populyar telekanallarına dəvət olunurlar. Hətta Azərbaycanı tənqid edən fikirlər belə səsləndirirlər. Mən qardaş ölkədən bu münasibəti, daha doğrusu, bu sifəti görmək istəməzdim. Nə Azərbaycan ictimaiyyəti, nə də dövləti Türkiyə ilə bağlı məsələdə bu cür davranış nümayiş etdirməyiblər. Hər zaman Türkiyənin müdafiəsində olublar. Onların bu addımı həm də Azərbaycanı pis vəziyyətə salır. Təsəvvür edin ki, indi İran və Rusiya politoloqları, jurnalistləri bu hadisə ilə bağlı hansı şərhləri verəcəklər. Haqlı olaraq bizi aşırı Türkiyəpərəstlikdə suçlayacaqlar. Bu məsələdə bizim üzərimizə ağır yük düşür. Bütün ictimaiyyət məsələyə sərt reaksiya verməlidir. Yeri gəlsə, burada Türkiyənin 5-ci kalonu kimi formalaşmış ictimaiyyət nümayəndələrinin də cavabı sərt verilməlidir. Bundan artıq hörmətsizlik ola bilməz. Mən bir daha xatırladıram ki, həmin adamlar barəsində tədbir görməməklə yanaşı, həm də bizi qıcıqlandıran addımlar atırlar. Mən Respublika Prokurorluğunu da bu məsələdə daha prinsipial olmağa çağırıram. Bütün qanuni prosedurlar həyata keçirilsin. Həmin adamlar İnterpol xəttilə beynəlxalq axtarışa verilsin. Türkiyə onlar barədə ölçü götürmək istəmirsə, başqa ölkələr onları tutub bizə təhvil verə bilərlər. Bütün bu yaşananlar təbii ki, Türkiyənin imicinə Azərbaycanın ictimai rəyində mənfi təsir edir və edəcək”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Siyasi Şuranın iclası keçirildi AMİP seçkilərə start verdi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə …