Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Müəllimi döydüyü iddiası ilə işdən çıxarılan direktordan sərt ittihamlar – QALMAQAL

Müəllimi döydüyü iddiası ilə işdən çıxarılan direktordan sərt ittihamlar – QALMAQAL

Sahib Babayev: “Rayon rəhbərliyində olan şəxslərin burada əli var”

Noyabrın 11-də Gədəbəydə müəllimi döydüyü iddia olunan Çobankənd orta məktəbinin direktoru Sahib Babayev işdən çıxarılıb. Hadisə ilə bağlı tərtib olunan aktda məktəbin müəllimləri direktoru müdafiə etsələr də, bu, onun vəzifədə saxlanılmasına yetərli olmayıb.
Bu barədə musavat.com-a məlumat verən S.Babayev rayon rəhbərliyinin ünvanına və hadisəni təşkil edənlərlə bağlı sərt ittihamlar səsləndirib: “Baş verən həmin hadisə ilə bağlı heç bir əsas olmadan məni müvəqqəti işdən çıxardılar. Ortada məktəb kollektivinin aktı var idi, onlar mənim otağıma edilən hücumun şahidi olublar. Amma bunların heç birinə məhəl qoyulmadı. Hadisəni təşkil edən Şahdağ orta məktəbinin direktoru Ramiz Əliyev mənimlə olan nəsil ədavətini sona qədər apardı. Mətbuata verdiyim ilk açıqlamada bu ədavətin nədən yarandığını deməmişdim, çünki etik deyildi. Amma məni tanıyanlar hər şeyi yaxşı bilir. Təsəvvür edin ki, otağıma Qəhrəman Əliyev hücum edir, həmin vaxt polis işçiləri məktəbin yanında olurlar və dərhal məktəbə daxil olub, hadisəni aktlaşdırırlar. Bu qədər təsadüf olarmı?
Qəhrəman Əliyev guya mənim tərəfimdən aldığı xəsarətlərlə yerləşdirildiyi Şəmkir rayon xəstəxanasından sağlamlığı ilə bağlı saxta rəy alır. Ekspertiza ona saxta rəy veribsə, demək, başqa yerlərin bu məsələdə əli var. Dəfələrlə rayon icra başçısı Ramiz Yediyarovun qəbuluna düşmək istədim, lakin açıq şəkildə imkan verilmədi. Hadisə baş verəndən bu günə qədər mənim nalayiq ifadələr işlətdiyimlə bağlı bir söz belə, yox idi. Amma vəzifədən çıxarılmağımla bağlı sənədə baxıram ki, orada guya ağır söyüşlər söydüyüm yazılıb. Açıq şəkildə şər-böhtan kampaniyasına start veriblər. Əslində mənə qarşı təzyiqlər 6 ay öncədən başlamışdı. İcra başçısı rəhbərlik etdiyim məktəbi tərifləmiş və onunla söhbətim olmuşdu. Bu da rayon rəhbərliyində bəzi şəxslərin xoşuna gəlmədi ki, niyə icra başçısı sizin məktəbi bu qədər tərifləyir və sən onunla niyə təklikdə söhbət etdin. Bu sözləri dəfələrlə eşitdim. İstəmirdim ki, bu məsələləri mətbuat səviyyəsində yayam, hadisənin  yerli orqanlar tərəfindən ədalətli araşdırılacağına ümid edirdim. Amma görürəm ki, burada ədalətsizlik ən pik nöqtəyə çatır. İcra başçısı bu hadisəni nəzarətə götürüb araşdırsa, o zaman görəcək ki, nələr baş verib və kimlər bunu edib. Hadisə tam araşdırılmamış nəyə görə vəzifəmdən azad olunuram?
Bunların addımları o mənaya gəlir ki, mən döyülməli və özümü müdafiə belə, etməməli idim. Bir müəllimin direktora hücum çəkməsi, görün Gədəbəy rayon rəhbərliyi tərəfindən necə adi qarşılanır. Əslində o müəllimə qarşı cinayət işi açılmalı idi. Heç bir şahid yoxdur, müəllimi vurmağımla bağlı… Amma hadisənin şahidi olub, həqiqətləri demək istəyən kifayət qədər şəxslər var ki, onları dinləyən belə, yoxdur. Bütün bunlardan sonra o nəticəyə gəlirəm ki, bu hadisədə Ramiz Əliyev kiçik bir fiqurdur, əslində rayon rəhbərliyində olan şəxslərin burada əlləri var. Bütün mətbuatdan xahiş  edirəm ki, bu məsələni diqqətdə saxlasınlar, nə zaman mənimlə əlaqə saxlamaq istəsələr, hər zaman hazıram. Bütün həqiqətləri deyəcəm. Vəzifəmdən çıxarılmağım deyil, bir qrup şəxsin əli ilə şəxsimə olan ədalətsizliklə barışan deyiləm, sona qədər öz haqlı mübarizəmi aparacam”.
Xatırladaq ki, hadisə noyabrın 11-də səhər saatlarında baş verib. Çobankənd orta məktəbinin fizika müəllimi Qəhrəman Əliyevlə direktor arasında yaranmış mübahisə əlbəyaxa döyüş həddinə çatıb. Bundan sonra şəkər xəstəsi olan Q.Əliyev Şəmkir xəstəxanasına aparılıb və hələ də orada müalicə alır.

Həmçinin oxuyun

Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycan Prezidenti İlham Əliyevə …

Bir cavab yazın