Ana səhifə / Siyasət / MTN-də “peşəkarlar ovu” bitdi

MTN-də “peşəkarlar ovu” bitdi

Arzu Nağıyev: “Təyinatları tam dəstəkləyirəm”
“Çünki orada iş həddən artıq çoxdur”

MTN-in öz kadr siyasətində əsasən polisin OBXSS və cinayət-axtarış bölmələri əməkdaşlarına üstünlük vermiş əvvəlki rəhbərliyinin istefasından sonra nazirliyin yeni rəhbərliyi köklü kadr dəyişikliklərinə başlayıb.
Bütün şüurlu həyatı boyu OBXSS rəhbəri işləyən və polis nazirliyinin iqtisadi cinayətkarlıqla mübarizə aparan bu qurumunun əksər iş metodlarını və ənənələrini özü ilə MTN-ə gətirən sabiq nazir Eldar Mahmudov tərəfindən işdən azad olunmuş peşəkar çekistlər yenidən MTN-ə qaytarılır.
Azərbaycanda azad sahibkarlığın və biznesin inkişafı qarşısında əsas maneələrdən birinə çevrilmiş MTN rəhbərliyi neytrallaşdırılandan sonra təcrübəli və peşəkar çekistlər, uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət keçmiş şəxslər yenidən xüsusi xidmət orqanlarına işə qayıtmağa başlayıb.
Əldə etdiyimiz məlumata görə, polkovnik İsmayıl Bağırov milli təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edən general-leytenant Mədət Quliyevin imzaladığı əmrlə MTN Əks-Kəşfiyyat İdarəsinin rəisi təyin edilib. General Quliyevin digər əmri ilə isə polkovnik Sahib Nağıyev nazirliyin aparat rəhbəri təyin olunub.
Mədət Quliyevin əmri ilə daha bir peşəkar çekist – Ceyhun Şadlinski MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Keçmiş polis işçiləri – MTN-in İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev və MTN əməkdaşı Elşad Mahmudov isə tutduqları vəzifədən azad olunublar.
MTN-dəki kadr islahatları davam edir.
MTN-in sabiq əməkdaşı, təhlükəsizlik məslələri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bu təyinatları yüksək qiymətləndirdiyini dedi: “Çox müsbət haldır. Təyinatları tam dəstəkləyirəm. Təbii ki, onlara bu gün çox ağır bir missiya yerinə yetirmək səlahiyyəti verirlir. Çünki orada iş həddən artıq çoxdur. Təyin olunan şəxslərin hər biri vətəninə sədaqətli, peşəkar əməkdaşlardır. Onlar peşəkar olduqları üçün, işlərini layiqincə yerinə yetirəcəklər və bu da öz müsbət bəhrəsini verəcək. Bütün peşəkar kadrlara uğurlar arzulayıram”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın