Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / Moskva Brüssel prosesinə qarşı – Bakının taktiki gedişi nə olacaq?

Moskva Brüssel prosesinə qarşı – Bakının taktiki gedişi nə olacaq?

Aprel ayının bitməsinə bir həftə qaldı. Brüsseldə üçtərəfli son görüşdə qərara alınmışdı ki, ayın axırınadək Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi və sülh müqaviləsinə hazırlıq üzrə ortaq işçi qrupları yaradılacaq. Hətta Paşinyan Brüsseldən qayıtdıqdan sonra sülh sazişini tezləşdirməyin zəruriliyini bildirmişdi. Lakin ay bitmək üzrə olsa da, bu yöndə ciddi tərpəniş yoxdur.

Görəsən erməni tərəfi yenə vədinə xilaf çıxa, “ikili oyun” oynaya bilərmi? Xüsusən də Paşinyan Moskvada Putinlə görüşdükdən sonra. Yada salaq ki, Rusiya səfərinə saatlar qalmış o, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefonla danışmışdı.

Bu arada  Rusiya XİN sözçüsü Mariya Zaxarova Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin tezliklə Bakıya gələcəyini deyib. “Xovayevin əsas vəzifələrindən biri sülh sazişinin hazırlanmasında azərbaycanlı və erməni tərəfdaşlara kömək etməkdir. Xüsusi nümayəndə artıq bu işə fəal qoşulub, İrəvanda faydalı məsləhətləşmələr aparıb. Onun Bakıya səfəri Rusiya parlamentində razılaşdırılıb”, – Zaxarova qeyd edib.

Xovayev Rusiyanın Minsk Qrupundakı axırıncı həmsədri olub. Bəs onun xüsusi nümayəndə kimi missiyası uğurlu olacaqmı? Belə fikir var ki, Rusiya əslində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini əngəlləməkdə maraqlıdır, nəinki prosesi irəli aparmaqda. Çünki iki qonşu ölkə – Azərbaycan və Ermənistan barışsa, regionda rusluq bir şey qalmaz. Avropa Birliyi, Brüssel isə əksinə, məhz barışıqda maraqlıdır, onun Rusiya kimi bir dərdi yox. Bu mənada Moskvanın son diplomatik aktivliyinin arxasında həm də Brüsselin sülh təşəbbüsünü tormozlamaq istəyi dayanırmı? Bakı hansı taktikanı seçməlidir? Bölgədə Qərblə Rusiyanın maraqlarının toqquşması ermənilərin xeyrinədirmi?

Qabil Hüseynli geri addım atdı: “Dünənki emosional sözlərimdən imtina  edirəm” | KONKRET

 Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli bildirdi ki, Minsk Qrupu artıq yoxdur: “Çünki onların yeni vəzifələri ATƏT vasitəçiliyini də yada salmır. Onlar öz strukturları daxilində hansısa bir mövzuya aid kənar bir ölkənin nümayəndəsi kimi qələmə verilir. Görünən odur ki, bu mövzu ətrafında Fransa və ABŞ ayrı-ayrılıqda fəaliyyət imkanları sərgiləmək niyyətindədir. Rusiya isə bu məsələdə tərəflərdən heç birini qəbul etmək istəmir. Formal olaraq ATƏT-in Minsk Qrupu ləğv edilmiş bir təşkilatdır. Onlar faktiki olaraq vasitəçilikdən imtina ediblər”.

Politoloq qeyd etdi ki, Ermənistan Rusiya ilə Avropa İttifaqı arasındakı rəqabətdən yararlanmağa cəhdlər edir və ikili oyun oynayır: “Bunu da Kreml görür. Moskvanın Paşinyana tam etibar etmədiyi də məlumdur. Avropa İttifaqının vasitəçiliyinin, onun təsir imkanlarının indiki halda Rusiyadan müəyyən qədər fərqli olduğu bəllidir. Avropa İttifaqı məsələnin  Rusiyanın hər hansı şəkildə Qarabağda hərbi iştirakı qalmadan həll edilməsini istəyirsə, Rusiya bütün gücü ilə çalışır ki, əvvəla, Qarabağ məsələsi həll olunmamış qalsın, həll olunması qaçılmaz olacağı halda Rusiya hərbi qüvvələri hansısa ad altında bölgədə daimi qalsın. Ermənilərə sonuncu variant daha çox sərf edir. Onlar rus hərbçiləri olmadan özlərinin Qarabağda varlıqlarını təsəvvür etmirlər. Ancaq Nikol Paşinyan hakimiyyəti Avropa İttifaqı ilə də sıx əlaqələrə malikdir və böyük maliyyə dəstəyi alır. Ona görə də Paşinyan Avropa İttifaqının dəstəyindən də məhrum olmaq istəmir.

Əslində bu iki məsələdə Qarabağdakı separatçı ermənilərlə Paşinyan arasında müəyyən fikir ayrılığı mövcuddur. Separatçılar iddia edirlər ki, Qarabağda olan erməni əsilli vətəndaşların təhlükəsizliyi məsələsi Brüssel gündəliyində yer almayıb. Məqsədləri odur ki, bu ərazidə sülhməramlılarla yanaşı, onların öz hərbçiləri qalsın. Təbii ki, bu da Rusiyanın özünün də imza atdığı 10 noyabr 2020-ci il razılaşmasına ziddir. Paralel olaraq da Azərbaycan daimi olaraq vasitəçiyə bu istiqamətdə təzyiqlər edir. Əminik ki, Türkiyədən də təzyiqlər davam edir. İndiki mərhələdə isə Moskvada bu mövzuya diqqət yetirilməsi onu göstərir ki, Rusiya hadisələri idarə etmək imkanlarını əlində saxlamaq istəyir. Ermənilərin indiki mərhələdə niyyəti danışıqlar görüntüsü yaratmaqdan ibarətdir. Bu baxımdan formal olaraq Azərbaycanın ərazi bütövlüyünü bəyan edib tanımaqla, onlar siyasətini dəyişmək istəmirlər”.

Q.Hüseynli hesab edir ki, Bakı Minsk Qrupunun dirildilməsinə və ya başqa ad altında fəaliyyətə başlamasına qətiyyən razı olmamalıdır: “Məsələnin 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarında göstərildiyi və Brüssel görüşlərində əldə olunan razılıqlar əsasında sürətli həlli üzərində israr etməlidir”.

Akif Nağı — Vikipediya

 Akif Nağı 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, sülh danışıqları, delimitasiya və sair məsələlər vaxt uzatmaq üçün bir vasitədir: “Ermənistanın nə sülh müqaviləsi, nə də delimitasiya sənədi imzalamaq fikri var. Bu işdə Rusiya da, Qərb də ermənilərin yanındadır. Zaman-zaman belə qərarlar veriləcək, amma heç bir nəticəsi olmayacaq. Ona görə də Azərbaycan hər şeydən öncə ”Xankəndi məsələsi”ni həll etməli, yəni Xankəndi və digər ərazilərdə öz hakimiyyətini bərpa etməlidir. Buna nəyin bahasına olursa-olsun, həmçinin güc tətbiq etməklə nail olmalıyıq. Ondan sonra nə qədər deyirlər, sülh və başqa danışıqlarla məşğul ola bilərik. Qoy komissiyaların yaradılmasını, danışıqları nə qədər uzadırlar uzatsınlar.

İndiki şəraitdə Rusiya daha fəal görünür, Rusiya xüsusi nümayəndəsi İqor Xovayevi Bakıya göndərməyə hazırlaşır. Onun səfəri ilə bağlı xeyli vaxtdır anons verilib, amma hələ də gəlib çıxmayıb. Görünür, Bakı onun səfərinə o qədər də maraq göstərmir. ABŞ da olmadığı dərəcədə fəallaşıb, xüsusi nümayəndə də təyin edib, onun da regiona gəlməsinə dair xəbər yaylmışdı. Amma hələ gəlməyib. Belə qənaətə gəlmək olar ki, Azərbaycan həmsədrlərin “xüsusi nümayəndə” cildinə çevrilməsi prosesinə şübhə ilə yanaşır, ona görə də hələ ki, sakitlik hökm sürür. “Qərbin sülh istəməsi, Rusiyanın sülhü pozması” tezisinə də ehtiyatla yanaşmalıyıq. Rusiyanın mənfur rolu məlumdur, amma Qərbin “sülh göyərçini olacağı” ilə bağlı da özümüzü aldatmalı deyilik. İstənilən halda ortada Türkiyə amili, Azərbaycanla Türkiyənin birgə gücü amili olmalıdır. İkinci Qarabağ müharibəsində qələbəmizi təmin edən əsas şərtlərdən kənara çıxmamalıyıq. Uğur formulumuz bu şərtlərlə mümükündür”. Musavat.com

Həmçinin oxuyun

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev …