Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Azərbaycanın bölgələri içərisində yalnız Naxçıvan müasir tariximizdə muxtar qurum kimi ayrılıb. Bunun əsas səbəbi Naxçıvan diyarının 1918-1920-ci illərdə düşdüyü hərbi-siyasi vəziyyətdir. Muxtariyyət statusunu rəsmiləşdirən isə Moskva müqaviləsidir. Moskva müqaviləsi 1921-ci il martın 16-da “Dostluq və qardaşlıq müqaviləsi” adı ilə Türkiyə ilə Rusiya arasında bağlanıb.Əhalinin müqaviməti, görkəmli siyasi xadimlərin fəaliyyəti sayəsində Naxçıvanın ermənilərəverilməsinin qarşısı alınıb

Naxçıvan Türk dünyasını bir-birinə bağlayan yeganə körpüdür. Məhz bu baxımdan XX əsrin əvvəllərində “Türk qapısı”nı aradan qaldırmağa çalışan böyük güclər ermənilərə hərtərəfli hərbi və maddi yardım göstərərək bölgədəki türk izlərini silməyə çalışıblar.

XX əsrin əvvəllərində Rusiyanın, İngiltərənin və ABŞ-ın Cənubi Qafqazda öz geosiyasi maraqlarını həyata keçirməsində başlıca rol oynayan amillərdən biri məhz ermənilər idi. Qeyd etmək lazımdır ki, ermənilər bu dövlətlərin geosiyasi maraqlarının icraçısına çevrilsələr də, öz növbəsində, dünyanın bu böyük güclərindən gələcəkdə qurulması planlaşdırılan “Ermənistan dövləti” üçün öhdəliklər tələb etmişdilər. Müxtəlif dövrlərdə ermənilərdən faydalanaraq qarşılıqlı əməkdaşlıq çərçivəsində formalaşan böyük güclərin siyasətləri Qafqazdakı Azərbaycan türkləri, o cümlədən naxçıvanlılar üçün fəlakət mənbəyi olaraq ortaya çıxıb və minlərlə azərbaycanlının ermənilər tərəfindən soyqırımına məruz qalmalarına səbəb olub. Hətta Naxçıvan bu dövlətlərin təhriki və dəstəyi sayəsində ermənilərə peşkəş də edilmişdi. Lakin əhalinin əzmli müqaviməti, görkəmli siyasi xadimlərin fəaliyyəti sayəsində Naxçıvanın ermənilərə verilməsinin qarşısı alınıb.

Rusiya-Türkiyə yaxınlaşması və düşmən narahatlığı

Həmin dövrdə beynəlxalq münasibətlərdə və dünyada yaranmış şəraitlə əlaqədar Rusiya ilə Türkiyənin yaxınlaşmasına, onlar arasında isti münasibətlərin və son nəticədə, bu dövlətlər arasında müəyyən müqavilələrin baş tutmasına gətirib çıxardı. Əslində, bir sıra dövlətlər Rusiya-Türkiyə yaxınlaşmasını istəmirdilər. Çünki Birinci Dünya müharibəsində qalib gəlmiş böyük dövlətlər bir tərəfdən Türkiyəni məğlub edib, özlərindən asılı vəziyyətə salmaq, digər tərəfdən isə Rusiyada bolşevik hökumətini devirmək, inqilabi Türkiyənin köməyi ilə çevrilişlə Azərbaycanda hakimiyyətə gəlmiş bolşevik hökuməti ilə yaxınlaşmasına yol verməməyə çalışırdılar.

Bu illərdə Azərbaycanda, eləcə də Naxçıvan diyarında baş verən hadisələr çox mürəkkəb, ziddiyyətli və çətin olub. Azərbaycanın düşdüyü daxili, qarşılaşdığı beynəlxalq vəziyyət elə ağır idi ki, bir sıra hallarda Naxçıvan bölgəsinə lazımi səviyyədə kömək göstərə bilmirdi. Bundan istifadə edən məkrli düşmənlərimiz hələ XX əsrin əvvəllərində Naxçıvan bölgəsini ələ keçirərək həm geniş münbit torpaqlara sahib olmaq, həm də Türkiyənin Azərbaycan və dolayısıyla Mərkəzi Asiya ilə əlaqəsini gücləndirən yeganə koridoru bağlamaq istəyirdilər. Ancaq Türk Milli mübarizəsinin liderləri Mustafa Kamal Paşa və Kazım Qarabəkir Paşa Naxçıvanın strateji əhəmiyyətini çox gözəl anlayırdılar. Kazım Qarabəkir Paşaya görə, Naxçıvan “Şərqin qapısı”, Mustafa Kamal Paşaya görə isə “Türk qapısı” idi. Naxçıvanın Türkiyə baxımından digər bir əhəmiyyəti isə, Ermənistana qarşı təşkil ediləcək hücumda strateji bir mövqe xarakteri daşıması idi. Eyni zamanda, Naxçıvan sovet Rusiyası ilə münasibətlərdə bir mərkəz halına gətirilmişdi.

Nəriman Nərimanova məktub: “Naxçıvan diyarı özünü Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi hesab etmişdir”

Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra da daşnak silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində Naxçıvan diyarında gərginlik davam edirdi. 1920-ci ilin iyulunda Naxçıvan, Culfa və Ordubad əhalisi N.Nərimanova, S.Orconikidzeyə məktubla müraciət etdi. Müraciətdə deyilirdi: “Yerli əhali öz qüvvəsi ilə daşnaklardan müdafiə olunur. Qızıl ordunun köməyi ilə bizim diyarı azad etməyi və Azərbaycanla birləşdirməyi təmin etməyi təvəqqe edirik”.

XI Ordunun köməyi ilə 1920-ci il iyulun 28-də Naxçıvan diyarında sovet hakimiyyəti quruldu və Naxçıvan SSR elan edildi, respublikanın ali hakimiyyət orqanı – Naxçıvan İnqilab Komitəsi yaradıldı. Avqustun 10-da Naxçıvan İnqilab Komitəsi Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova məktub göndərdi. Məktubda deyilirdi: “Naxçıvan camaatının çox böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi hesab etmişdir”.

Bolşeviklər dəfələrlə Naxçıvanı Ermənistana verməyə cəhd göstəriblər

Rusiya rəhbərlərinə gəldikdə isə onlar Türkiyə ilə diplomatik münasibətlər yaratmaq istəsələr də, Ermənistandan Türkiyəyə qarşı bir vasitə kimi də istifadə etməyə çalışırdılar. Ermənistan, Azərbaycan və Türkiyənin qarşılıqlı münasibətləri məsələlərinin həllində İ.Stalin Rusiyanın mənafelərindən çıxış edərək həmişə Ermənistanın mövqeyini müdafiə edirdi. 1920-ci il noyabrın 9-da Bakıdakı çıxışında İ.Stalin demişdi: “Əgər bilmək istəyirlərsə ki, Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, sovet hökuməti olanda vermək olar”. İ.Stalinin bu çıxışından 20 gün sonra – noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti quruldu. Bu o demək idi ki, İ.Stalin və Rusiya rəhbərliyi də Zəngəzur və Naxçıvanı Ermənistana vermək istəyirdi. Ermənistan bolşeviklərin nəzarətinə keçən kimi Azərbaycan Hərbi İnqilab Komitəsinin sədri 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. Həmin bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və “iki sovet respublikası arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafelərinə zidd şəkildə həll edilməsinə yönəlmişdi, yəni Zəngəzur və Naxçıvan Ermənistana verilirdi.Həmin dövrdə Türkiyə Azərbaycanın ərazi bütövlüyününqorunması üçün diplomatik fəallığı artırıb

Məlum Bəyanatdan sonra Naxçıvan bölgəsində daxili vəziyyət xeyli mürəkkəbləşib, onun üstündə mübahisə və münaqişələr səngiməkdənsə, xeyli kəskinləşib. Naxçıvan məsələsi Rusiya-Ermənistan və Türkiyə-Ermənistan danışıqlarında mühüm yer tuturdu. Ermənistan Rusiya və Türkiyə arasında siyasi manevrlər edərək onların münasibətlərindən və yaranmış şəraitdən istifadə etməyə çalışırdı. Rusiyaya gəldikdə isə o, Türkiyə ilə yaxınlaşmaq xəttini yeritsə də, erməniləri də müdafiə etməsini gizlətmirdi. Ermənistan isə Naxçıvan və başqa ərazilərlə bağlı niyyətlərini həyata keçirmək üçün ən çox Rusiyaya ümid bəsləyirdi. Ermənistan 1920-ci il dekabrın 2-də həm Rusiya, həm də Türkiyə ilə müqavilə bağladı. RSFSR ilə Sovet Ermənistanı arasında bağlanan hərbi-siyasi sazişə görə keçmiş İrəvan quberniyasının Ermənistanın tərkibinə daxil olmasının Sovet hökuməti tərəfindən mübahisəsiz tanınması qəbul edilirdi. Türkiyə ilə Ermənistan arasında bağlanan Gümrü (Aleksandropol) müqaviləsi Rusiya və onun təhriki ilə Ermənistan tərəfindən qəbul edilmədi. Lakin bununla belə, bu müqaviləyə görə, Naxçıvan bölgəsinin düşmən əlinə keçməməsi üçün “həmin ərazidə hələlik Türkiyənin himayəsində yerli hökumət yaradılması” qərara alınmışdı.

1920-ci il dekabrın 28-də Ermənistan SSR Hərbi İnqilab Komitəsi bəyanat ilə çıxış edərək Naxçıvan əhalisinə öz müqəddəratını azad surətdə təyin etmək hüququ verildiyini bildirdi. Lakin 1921-ci ilin əvvəllərindən başlayaraq heç bir bəyanat verməmiş kimi, yenə də Naxçıvana qarşı haqsız ərazi iddiaları irəli sürdü.

1920-ci il aprelin 26-da Türkiyə Böyük Millət Məclisi V.İ.Leninə müraciət etdi. Həmin ilin yayından başlayaraq Türkiyə hökuməti Rusiya ilə diplomatik münasibətlər qurmaq və iki ölkə arasında dostluq müqaviləsi imzalamaq üçün fəallığını artırdı və bunun üçün Bəkir Sami bəyin başçılığı ilə nümayəndə heyəti Moskvaya gəldi. Danışıqlar nəticəsində sovet-türk müqaviləsinin layihəsi hazırlandı. RSFSR Xalq Xarici İşlər komissarı G.Çiçerin danışıqlara Azərbaycanı və Ermənistanı da qatmaq istəyirdi. Burada onun məqsədi bu dövlətlərin xarici siyasətini öz əlində cəmləşdirmək və Türkiyəyə qarşı qoymaq, həm də gələcəkdə Güney Qafqazdakı niyyətlərini həyata keçirmək üçün zəmin hazırlamaqdı. Türkiyə bu təkliflə razılaşmadı və bildirdi ki, onların Azərbaycanla heç bir mübahisəli məsələsi yoxdur. Mübahisələr danışıqları dayandırdı.

İosif Stalindən maraqlı sual: “Naхçıvan üzərində nə üçün bu qədər israr edirsiniz?”

1921-ci ilin fevral ayında Ankara hökumətinin yeni Xarici İşlər naziri Yusif Kamal bəyin başçılığı ilə Əli Fuad və doktor Rza Nurdan ibarət diplomatik nümayəndə heyəti Moskvaya gələrək yeni danışıqlara başladı. Danışıqlarda Rusiya tərəfindən Xalq Xarici İşlər komissarı G.Çiçerin və RSFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü C.Qorxmazov iştirak edirdi. Müzakirələr çox gərgin keçmiş və hətta danışıqlar bəzən pozulmaq həddinə çatmışdı. Bir sıra məsələlərlə yanaşı, danışıqlarda Naxçıvan məsələsinə də xüsusi əhəmiyyət verilmişdi. Türkiyənin bu məsələyə böyük önəm verməsi bölgənin strateji və geosiyasi mövqeyi ilə yanaşı, həm də Naxçıvanın Türkiyə-Azərbaycan əlaqələrində ən yaxın məsafədə yerləşməsi idi. Buna görə də Mustafa Kamal Paşa Yusif Kamal bəyə Naxçıvanın “Türk qapısı” olduğunu xatırlatmış və buna görə hərəkət edilməsini bildirmişdi. Y.Kamalın xatirələrindən bəlli olur ki, danışıqlarda Naхçıvana dair müzakirələr хeyli uzanıb, İ.Stalin “Naхçıvan üzərində nə üçün bu qədər israr edirsiniz?” sualına da “orası türk qapısıdır, ondan” cavabını almışdı.

Behbud ağa Şahtaхtinski təşəbbüsü RSFSR-Türkiyə müqaviləsində öz əksini tapıb

Moskva danışıqlarının bəzi iclaslarında Azərbaycanın Rusiyadakı səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaхtinski də iştirak edib və uğurlu nəticənin əldə edilməsində onun mühüm xidməti olub. Belə ki, o, 1921-ci il martın 1-də V.İ.Leninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırıb, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə edib, Güney Qafqazda sərhəd məsələləri və xüsusilə də Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər verib. Lenin bunlarla tanış olduqdan sonra onu Siyasi Büroya göndərib. B.Şahtaxtinskinin məktubu martın 16-da Stalinin, Çiçerinin və başqalarının iştirakı ilə baxılıb, təkliflər nəzərə alınmaqla Azərbaycanın himayəsində Naxçıvana muxtariyyət statusu verilməsi haqqında qərar qəbul olunub.

Bütün bunlar Moskva müqaviləsinə öz təsirini göstərib. Bir aya yaxın davam etmiş danışıqların yekunu 1921-ci il martın 16-da imzalanmış “Dostluq və qardaşlıq haqqında” RSFSR-Türkiyə müqaviləsində öz əksini tapıb.

Naxçıvan məsələsində “mart gərginliyi”

Moskva danışıqlarında Naxçıvanla bağlı əsas məsələlər danışıqların 10, 12 və 14 mart tarixli iclaslarında gərgin müzakirə olunub. Danışıqların martın 12-də keçirilən iclasında, əsasən, Naxçıvan dairəsi və Ermənistan arasında müəyyənləşdirilən sərhədlər ətrafında müzakirə aparılıb. Türkiyənin təkidindən sonra Şərur-Dərələyəz dairəsinin Naxçıvana keçməsi və İrəvan dairəsinin mübahisəli hissələrində sərhədin Kömürlü dağ (6930) və Saray Bulaq (8071) dağlarından, Ararat stansiyasından başlaması barədə razılığa gəlinib və bütün bu məsələlərin Azərbaycan, Ermənistan və Türkiyə nümayəndələrindən ibarət qarışıq komissiyanın razılaşdırılmasına verilməsi qərara alınıb.

Danışıqların martın 14-də keçirilən iclasında Naxçıvanın statusu tam olaraq müəyyənləşdirilib. Türk nümayəndələri göstərdiyi ciddi səylər nəticəsində Moskva konfransında Azərbaycanın ərazi bütövlüyünün qismən də olsa, qorunmasına nail oluna bilib, Naxçıvanın heç bir dövlətə güzəştə gedilməməsi şərtilə Azərbaycanın tərkibində saxlanılması razılaşdırılıb.

Naxçıvanın müqavilə ilə müəyyənləşdirilən əraziləri

Müqaviləni Rusiya tərəfindən Georgi Çiçerin və Cəlal Qorxmazov, Türkiyə tərəfindən isə Yusif Kamal, Rza Nur və Əli Fuad Cəbəsoy imzalayıblar. 16 maddə və 3 əlavədən ibarət olan “Dostluq və qardaşlıq” haqqında RSFSR-Türkiyə müqaviləsinin üçüncü maddəsində Naxçıvan məsələsinin həlli aşağıdakı kimi təsbit edilib: “Müqaviləni imzalayan tərəflər bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlər daxilindəki Naxçıvan bölgəsinin, sahib olacağı himayə haqqını üçüncü bir dövlətə heç bir zaman güzəştə getməmək şərtilə, Azərbaycanın himayəsində muxtar bir ərazi təşkil etməsi ilə bağlı razılığa gəlirlər”. “Naxçıvan ərazisi” adlı I (C) əlavəsində isə bölgənin sərhədləri müəyyənləşdirilib: “Ararat stansiyası – Saray Bulaq dağı (8071) – Kömürlü dağ (6839) – (6930) – (3080) – Sayat dağ (7868) – Qurdqulaq kəndi – Həməsür dağı (8160) – Yüksəklik (8022) – Küküdağ (10282) və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqi.

Beləliklə, Rusiya hökumətinin ermənipərəst mövqeyinə baxmayaraq, Naxçıvan əhalisinin qətiyyətli, dönməz iradəsi, Türkiyənin prinsipial və ədalətli mövqeyi və Behbud ağa Şahtaxtinski kimi milli mənafelərdən çıxış edən siyasi xadimlərin səyləri ilə Naxçıvan Azərbaycanın tərkibində saxlanılıb.

Moskva beynəlxalq müqaviləsi Azərbaycanın ərazi bütövlüyünü qoruyub

Moskva müqaviləsi Azərbaycanın ərazi bütövlüyünü qoruyub və Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirib. Bu müqaviləyə görə, qədim türk-oğuz yurdu olan Naxçıvana muxtariyyət statusu verilməklə Azərbaycanın himayəsində qalıb. Bütün bunlarla bərabər, erməni daşnakları XX əsr boyu Naxçıvan iddialarından əl çəkməyib, 90-cı illərin əvvəllərində buraya silahlı basqınlar edib, Moskva və Qars müqavilələrinin ləğv edilməsi üçün xeyli fəallaşıblar. Son illərdə isə onlar bu barədə bir sıra dövlətlərə və beynəlxalq təşkilatlara müraciət ediblər.

Naxçıvan Muxtar Respublikasına erməni iddialarının artdığı indiki zamanda Moskva beynəlxalq müqaviləsinin əhəmiyyəti daha aydın şəkildə nəzərə çarpır və Naxçıvanın muxtariyyətinin qorunmasında əvəzsiz rol oynayır. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev 1992-ci ilin mart ayında Türkiyə Cümhuriyyətində olarkən Moskva və Qars müqavilələrini müzakirə edib, bir sıra məsələləri dərindən açıqlayıb və bu müqavilələrin xalqımızın həyatındakı tarixi rolunu yüksək qiymətləndirib.

Naxçıvanın statusunun bu müqavilədə əks olunması o dövrdə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi dəyərləndirilməlidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də qeyd etdiyi kimi: “Əgər Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının, yəni Zəngəzur mahalının vaxtilə Ermənistana verilməsi olmasaydı, bəlkə də heç Naxçıvanın muxtariyyəti də lazım deyildi. Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.

Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsi beynəlxalq Moskva müqaviləsi ilə rəsmiləşdirilib. Özü də müddətsiz dövr üçün. Bu müqavilənin müddətsiz bağlanması onun tarixi əhəmiyyətini daha da artırmış olur. Dövlətlərarası münasibətlər baxımından bu növ müqavilələr daimilik xarakterinə malikdir.

AZƏRTAC –ın Naxçıvan bürosu

Həmçinin oxuyun

“Azərbaycan az itkilər hesabına qələbəyə nail olub” – İqor Korotçenko

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların …