Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Siyasət / Mirkazım Seyidov: “Erməni separatçıları anlayırlar ki, Ağdam-Xankəndi yolu bir yük maşını üçün açılarsa, digərlərinin qarşısını ala bilməyəcəklər”

Mirkazım Seyidov: “Erməni separatçıları anlayırlar ki, Ağdam-Xankəndi yolu bir yük maşını üçün açılarsa, digərlərinin qarşısını ala bilməyəcəklər”

İki gündür keçidi ləngidlən Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub.

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib.

Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam-Əsgəran-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunundan keçərək Xankəndinə gedib. Rusiyanın yardımının bu şəkildə buraxılması Moskva və Bakının hansı maraqlarına cavab verir? Bu hadisə Xankəndidəki separatçıların hansı planlarını alt-üst edir? Bundan sonra Azərbaycanın da göndərdiyi humanitar yardımların da Xankəndiyə buraxılma ehtimalı olacaqmı? Laçın yolunda olan humanitar yardımların da həmin yolla gəlişi təmin oluna bilərmi?

Müstəqil siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi tır alternativ yolun olduğunu hər kəsə göstərdi: “Artıq həmin yardımın qəbul edilib-edilməməsi heç nəyi dəyişmir. Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi tır bütün əsassız təbliğatı alt-üst və ifşa etdi. Məhz buna görə də bəzi ölkələr narahat olaraq hər vəchlə indi Ağdam yolunda olan tırlara mane olmaq üçün əllərindən gələni edirlər. Azərbaycan bütün “humanitar böhran şousu” dövründə istifadə üçün təkidlə Ağdam yolunu göstərirdi. Ermənistan tərəfi isə bunu qətiyyətlə rədd edirdi. Onun havadarları da Qarabağa getmək üçün Ağdam və digər yolların mövcudluğu faktını riyakarcasına görməzlikdən gəlirlər. Sual yaranır: axı nə üçün digərləri də eyni qayda ilə Ağdam yolundan istifadə edərək humanitar yardım göndərə bilmirlər? Azərbaycanın tam suveren ərazisi olan Ağdam və ya Laçın yolunun istifadəsi ilə bağlı ölkəmizə heç kim  diktə edə bilməz. Təbiidir ki, Rusiyaya məxsus yardımın buraxılması Azərbaycanın maraqlarına cavab verir. Biz sübut etdik ki, Xankəndiyə aparan  yalnız bir yol deyil. Bütün alternativ yollarla da ora getmək mümkündür. Laçın yolu isə insanların gediş gəlişi üçün açıq olacaq. İndi də bu istiqamətdə fəaliyyətini davam etdirir.

Əgər məsələyə Azərbaycanın suveren hüquqları kontekstindən yanaşsaq, o zaman yük istisnasız olaraq, Ağdam-Xankəndi yolu ilə daşınmalıdır. Bəs hansı səbəblərdən Beynəlxalq Qızıl Xaç və ondan siyasi alət kimi istifadə edən Qərb dairələri bunu istəmir? Səbəb odur ki, Ermənistanı bölgədə təfriqə mərkəzi kimi istifadə edən Qərb dairələri Azərbaycanı öz suveren hüquqlarından geri çəkilməyə məcbur etmək istəyir. Erməni separatçıları anlayırlar ki, Ağdam-Xankəndi yolu bir yük maşını üçün açılarsa, digərlərinin bu yolla daşınmasının qarşısını ala bilməyəcəklər. Digər tərəfdən “yol mövzusunda” təşəbbüsün Rusiyanın əlinə keçməsi və Ağdam-Xankəndi istiqamətinin reallaşması bu məsələdə Fransanın, ABŞ-daki ermənipərəst dairələrin və Qırmızı Xaç Komitəsinin arxa plana keçməsini şərtləndirəcək ki, separatçılar adları sadalananların dəstəyindən məhrum olacaqlarından narahatdırlar”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir” – Hikmət Hacıyev

“Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin …