Bazar , Oktyabr 2 2022
Ana səhifə / Siyasət / Mirkazım Seyidov: “Bu əməkdaşlıq regional təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmağa, ticarət və investisiya imkanlarının möhkəmlənməsinə kömək edir”

Mirkazım Seyidov: “Bu əməkdaşlıq regional təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmağa, ticarət və investisiya imkanlarının möhkəmlənməsinə kömək edir”

Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycanla Qazaxıstan arasında mühüm  sənədlər imzalanıb.

“Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”ni Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.  Eyni zamanda, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı”, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”i və başqa sahələri əhatə edən mühüm sənədlər imzalanıb. Diqqət çəkən məqam odur ki, Türkiyə ilə Azərbaycan arasında imzalanan strateji müttəfiqlik sənədindən sonra Azərbaycanla bənzər sənədi türk əsilli Mərkəzi Asiya respublikaları da imzalayıb. Oxşar məzmunlu  sənədi bu yaxınlarda Özbəkistan və Qırğızıstan da Azərbaycanla imzalayıb. Mərkəzi Asiya ölkələrinin Azərbaycanla strateji müttəfiqlik səviyyəsinə qədər dərinləşən münasibətlərinin nə kimi hədəfləri var?

Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda dünyada olduqca ciddi proseslər gedir: “Supergüclər nisbətən xırda ölkələri öz orbitinə çəkmək istəyir. Belə olan təqdirdə Azərbaycan da öz yönünü müəyyən edir. Xüsusilə də 44 günlük müharibədən sonra Azərbaycanın önəmi və rolu daha da artıb. Təbiidir ki, biz öz soykökümüzün daşıyıcısı olan müstəqil ölkələrlə yaxından əməkdaşlığa böyük önəm veririk. Bununla yanaşı, Azərbaycan Ermənistan istisna olmaqla  bütün yaxın qonşuları ilə balanslı siyasət yürüdür. Türkiyə ilə aramızda Şuşa Bəyannaməsi kimi mühüm bir sənəd imzalanıb. Bu sənəd həm də Azərbaycanın təhlükəsizliyini qarant altına alır. Bunun davamı olaraq, Azərbaycan və Türkiyə Orta Asiya ölkələri ilə də yaxından əməkdaşlıq edir. Artıq bizim  həmin arealdakı ölkələrlə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Görünən budur ki, türkdilli dövlətlər arasında münasibətlər hər keçən gün daha da inkişaf edir. Son 10 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçib və ölkələrimiz arasında əlaqələr konkret mexanizmlər əsasında inkişaf etdirilir. Əvvəl ölkələrimizin liderləri müntəzəm olaraq bir araya gəlib əməkdaşlığın əsas prioritet və istiqamətlərini müzakirə ediblər. Lakin o dövrdə həmin Zirvə toplantıları daha çox məsləhətləşmə funksiyasını daşıyırdı və əməkdaşlığın daimi platformasını  formalaşmırdı. İllər keçdikcə, ölkələr arasında həm iqtisadi, həm mədəni, həm də siyasi münasibətlər sürətlə inkişaf etdi. TÜRKSOY-un yaradılması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) təsis edilməsi məhz bu zərurətdən irəli gəlib. Qeyd olunan qurumların yaradılması regionda türkdilli ölkələrin hərtərəfli qarşılıqlı fəaliyyəti və əməkdaşlığına önəmli təkan verib. Qeyd edilən qurumların yaradılmasından sonra türkdilli ölkələr arasında olan əməkdaşlıq yeni təşkilati mərhələyə daxil olub. Beləliklə, türkdilli dövlətlərin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaratmış oldular. Bu prosesdə Azərbaycanın çox əhəmiyyətli rola malik olduğunu ayrıca qeyd etmək lazımdır. Türkdilli ölkələr arasında əlaqələr hər keçən gün inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bununla yanaşı, türkdilli dövlətlər coğrafi-strateji baxımdan dünyanın əhəmiyyətli bölgəsində yerləşir. Bu əməkdaşlıq regional təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmağa,  ticarət və investisiya imkanlarının möhkəmlənməsinə kömək edir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Azərbaycanı təslimçiliyə çəkən kimlərdir?

Yenə də bir qrup şəxs “sarı simə” toxunub, “yurdda sülh, cahanda sülh” yalanı ilə insanları …