Ana səhifə / Siyasət / “Minsk Qrupunun bu formatda davam edəcəyini düşünmürəm”

“Minsk Qrupunun bu formatda davam edəcəyini düşünmürəm”

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin Cənubi Qafqaza mümkün təsirləri, Minsk Qrupunun gələcəyi və Ukraynadakı böhran fonunda ABŞ-Azərbaycan münasibətlərindən danışıb.

Amerikanın Səsi: Səfir Kazlariç, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi artıq dördüncü həftəsinə qədəm qoyub və belə görünür ki, Rusiya qüvvələri gözlədikləri heç bir böyük irəliləyişə nail ola bilməyiblər. Bunu nəzərə aldıqda, Ukraynaya hərbi müdaxilənin Cənubi Qafqaza, ələlxüsus Azərbaycana təsiri nə ola bilər?

Riçard Kazlariç: Bu çox yaxşı sualdır. Məncə bunu sualı Qərbi Balkanlar kimi dünyanın digər hissələri əhatə edəcək daha geniş bir şəkildə soruşmalısınız. Çünki Rusiya ABŞ-a və bizim NATO mütəfiqlərimizə dünyanın birgə fəaliyyət göstərdiyimiz hissələrində təzyiq göstərməyə davam etmək istəsə diqqətini Cənubi Qafqaz kimi Qərbi Balkanlara da yönəldə bilər. Ona görə də düşünürəm ki, döyüşlərin davam etməsi faktı hər kəsi narahat etməlidir və bunun Cənubi Qafqaza təsiri olması riski də çox realdır. Biz son günlərdə Ermənistanla Azərbaycan qüvvələri arasında təmas xəttində insidentlərin artdığını müşahidə edirik. Mən Moskvadan Rusiyanın sülhməramlı qüvvələrinin nümayəndəsi ilə Azərbaycanın müdafiə naziri arasında görüşün olduğunu gördüm. Yəni Ukraynada döyüşlər davam etsə və insanların diqqəti digər problemlərdən yayınsa çox şey pisləşə bilər.

Amerikanın Səsi: Rusiya Cənubi Qafqaz ölkələrindəki münaqişələrdən regionda nüfuzunu qorumaq üçün sui-istifadə edib. ABŞ Rusiyanın bölgədəki nüfuzuna necə qarşı çıxa bilər?

Riçard Kazlariç: Bilirsiniz, məncə bu 30 illik bir sualdır. Mən xatırlayıram ki, Strob Talbottla işlədiyim zaman “Belə görünür ki, Rusiya ABŞ-la müqayisədə daha böyük üstünlüyə sahibdir. Biz nə edə bilərik?” sualı aktual idi.

Bununla da müəyyən mənada əməkdaşlıq imkanlarının axtarışına başlandı. Və məncə də Minsk Qrupu prosesi də belə başladı. Biz Rusiya ilə Ermənistanla Azərbaycan arasında münaqişəni həll etməyə yardım etmək üçün əməkdaşlıq etmək fürsəti gördük. Aydındır ki, bu uzun zaman baş vermədi. İndi isə bilmirəm. Məncə Putin Urkaynaya hərbi müdaxilə etməklə özünü keçmişdəki və, əlbəttə ki, gələcəkdəki normal diplomatik səylərdən o qədər kənarlaşdırıb ki, Birləşmiş Ştatların Rusiya ilə necə əməkdaşlıq edəcəyini təsəvvür etmək belə çətindir.

Bununla belə mən düşünürmürəm ki, ABŞ administrasiyası Rusiya ilə, belə desək, rəqabət aparacaq başqa bir yer axtarmır. Ona görə də mən Birləşmiş Ştatların Cənubi Qafqazda Rusiyanı əvəz etməyə çalışmaqda maraqlı olmadığını düşünürəm. Amma mən bilmirəm ki, biz Rusiyanın Cənubi Qafqazda maraqlarının olduğunu bilib, amma daha geniş sülh məqsədinə və təkcə Azərbaycan və Ermənistan arasında deyil, həm də Gürcüstanda 2008-ci ildən bəri davam edən münaqişələrdə sülhə nail olmaq üçün əməkdaşlıq etməyə hazır olduğumuz köhnə modelə necə geri dönə bilərik.

Ona görə də, mən sadəcə olaraq hazırda müsbət bir şey etmək fürsəti görmürəm, amma, açıqcası, eyni zamanda ABŞ-ın Rusiya ilə qarşıdurma yarada biləcək bir şey etməkdə maraqlı olduğunu da düşünmürəm.

Amerikanın Səsi: Rusiyaya tətbiq olunan sanksiyaları və Qərb ölkələri ilə Rusiya arasındakı gərginliyi nəzərə aldıqda, Minsk Qrupunu gələcəkdə nə gözləyir?

Riçard Kazlariç: Bu çox gözəl sualdır, çünki mən Prezident Əliyevin Prezident Baydenin Novruz bayramı münasibətilə yazdığı məktuba cavab olaraq göndəriiyi məktubu oxudum və həmin məktubda Prezident Əliyev ABŞ-ın sülh sazişinin hazırlanmasında iştirakını arzuladığını qeyd edib. Məncə onun bununla nə demək istədiyini araşdırmaq lazımdır.

Dediyim kimi, mən Minsk Qrupunun Ukraynaya hərbi müdaxilədən öncəki halda necə davam edə biləcəyini bilmirəm. Məncə Rusiya öz hərəkətləri ilə onu məhv edib. Bəs başqa bir şey ola bilərmi? ATƏT-in himayəsi altında, ABŞ və bəlkə də Ermənistanla əlaqələrinin açılması səbəbilə Türkiyənin iştirakı ilə nə isə ola bilər və məncə bu dəstəklənməlidir.

Amma Türkiyə, bir növ beynəlxalq çərçivədə daha çox neytral rol oynamalıdır. Amma yenə də məncə Azərbaycan və Ermənistanın birbaşa danışıq apara biləcəkləri bir çərçivə olmalıdır.

Mən Minsk Qrupunun bildiyimiz formatda davam edəcəyini düşünmürəm, ancaq bənzər formatda davam edə bilər. Sadəcə olaraq hazırkı şəraitdə Rusiyanın onda rol oynayacağını təsvir etmək mümkün deyil.

Amerikanın Səsi: Sizin də qeyd etdiyiniz kimi, ABŞ Prezidenti Co Bayden və Azərbaycan Prezidenti İlham Əliyev arasında Novruz bayramı münasibətilə məktub mübadiləsi baş tutub. Bayden öz məktubunda deyib ki, onun administrasiyası Cənubi Qafqazda demokratiya, sülh və firavanlığı dəstəkləməyə davam edəcək. Əliyev isə Birləşmiş Ştatlar və Azərbaycanın bir çox sahədə, o cümlədən enerji təhlükəsizliyi və beynəlxalq təhlükəsizlik məsələlərində əməkdaşlıq etməyə davam edəcəklərinə ümid bəslədiyini ifadə edib. Sizcə bu iki ölkə necə əməkdaşlıq edə bilər?

Riçard Kazlariç: Hazırkı durumda bu ən çətin məsələdə – Ukrayna məsələsində olacaq. Mən həqiqətən də düşünürəm ki, Azərbaycan çox çətin vəziyyətdədir. Mən bunu başa düşürəm. Amma Ukraynada baş verənləri görəndə, mülki vətəndaşlar arasında ölüm halları və müharibənin davam etdiyini görəndə, kənardan izləmək çətindir. Mənim gözləntim odur ki, bu məsələdə davamlı əlaqə olacaq, xüsusilə də sanksiyalar daha da genişləndirilsə. Sanksiyaların hamısı çox kəskindir və onların Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələrinə təsirləri ola bilər. Amma əgər enerji sahəsinə də sanksiyalar qoyulsa, və mən bunun olub-olmayacağından əmin deyiləm, çünki bilirəm ki, Avropa ölkələri hələ ki, ABŞ və Biriyaniya Krallığı kimi Rusiyadan enerji ixlanını dayandırmayıblar. Amma etsələr, məncə bu, Azərbaycanı daha çətin vəziyyətdə qoyacaq.

Zənnimcə ruslar qonşu ölkələrə hazırda onlara tətbiq olunan maliyyə və başqa sanksiyaları yan keçməyə yardım etmək üçün təzyiq göstərirlər.

Ona görə də Azərbaycan çətin vəziyyətdədir. Amma mən düşünürəm ki, ABŞ və bizim müttəfiqlərimiz ölkələrin müharibə daham etdyi müddətdə Rusiyanı təcrid etmək üçün daha çox iş görmələrini təkid etməyə davam edəcəklər.

Həmçinin oxuyun

Rəşad Nəbiyevin yeni müavinlərinin cavabdeh olacağı sahələr müəyyənləşib

Rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni təyin edilmiş müavinlər – Fərid Əhmədov və …