Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Siyasət / Minsk Qrupundan imtina etməli, hücum mövqeyinə keçməliyik – ŞƏRH

Minsk Qrupundan imtina etməli, hücum mövqeyinə keçməliyik – ŞƏRH

“Torpaqları işğal altında olan millət heç bir halda əl-qolunu sallayıb hansısa beynəlxalq təşkilatın problemi sülh yolu ilə həll edəcəyinə ümidlənməməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə partiya üzvlərinin könüllü olaraq orduya yazılmasından danışarkən deyib. O bildirib ki, Azərbaycan dövləti olaraq artıq müdafiə mövqeyindən çıxış etmək siyasətinə son verərək hücum mövqeyinə keçməliyik: 

“İyulun 12-də təcavüzkar Ermənistan hərbi birləşmələrinin növbəti dəfə təxribat törədərək Azərbaycanın Tovuz rayonu istiqamətində yerləşən mövqelərimizi ələ keçirmək məqsədi ilə hücuma keçməsi barədə məlumat yayıldıqdan dərhal sonra AMİP olaraq bəyanatla çıxış etdik və hakimiyyəti təxirəsalınmadan bəyanat verərək işğalçı Ermənistanla bütün danışıqları dayandırmağa, işğal altında olan torpaqlarımızın təcavüzkarlardan təmizlənməsi üçün genişmiqyaslı hərbi əməliyyatların başlandığını elan etməyə çağırdıq. Eyni zamanda Azərbaycan hakimiyyətinin bununla bağlı verdiyi bütün qərarları və atılacaq addımlarını dəstəkləyəcəyimizi bəyan etdik. Düşmən tərəfdən belə təxribat halları qoşunlarımızın təmas xətti boyu mütəmadi olaraq baş verir və bundan sonra da baş verməyəcəyinə heç bir təminat yoxdur. Yaddan çıxarmamalıyıq ki, atəşkəs adlandırılan dövr ərzində erməni silahlı qüvvələri tərəfindən törədilən belə xaincəsinə hücumlar nəticəsində bəlkə də bir müharibədə verildiyindən daha artıq şəhid vermişik. Buna görə də hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun bu illər ərzində yarıtmaz fəaliyyəti xüsusi olaraq qeyd olunmaqla ondan imtina etməli, Azərbaycan dövləti olaraq artıq müdafiə mövqeyindən çıxış etmək siyasətinə son verərək hücum mövqeyinə keçməliyik. Mövqeyimiz qəti olaraq açıqlanmalı və beynəlxalq ictimaiyyət xəbərdar olunmalıdır ki, Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanaraq işğal altında olan torpaqlarını işğalçılardan və terrorçulardan azad etmək hüququndan istifadə edəcək. Bundan sonra isə ölkə daxilində bütün fəaliyyət buna istiqamətlənməlidir. Bildiyimiz kimi, cəbhə xəttində baş verən son hadisələrdən sonra könüllü olaraq ordu sıralarına yazılma kampaniyası başlayıb və artıq minlərlə vətəndaşımız səfərbərlik xidmətində qeydiyyatdan keçib. Məlumat üçün deyim ki, bu şəxslər arasında rəhbərlikdə təmsil olunan şəxslər də daxil olmaqla çox sayda AMİP üzvü də vardır. Eyni zamanda deyim ki, partiyamızda Qarabağ müharibəsi veteranları, eləcə də Əfqanıstan müharibəsindən keçmiş veteran döyüşçüləri və ehtiyatda olan zabitlər də az deyil. Bu arada onu da diqqətə çatdırmaq istəyirəm ki, mənim bu məsələyə baxışım bir qədər fərqlidir. Hesab edirəm ki, yalnız könüllülər deyil, hərbi xidmətə yararlı olan bütün mülki vətəndaşlarımız Müdafiə Nazirliyinin bilavasitə rəhbərliyi altında hər həftənin müəyyən günlərində sistemli şəkildə hərbi təlimlərə cəlb olunmalı və müharibə başlayacağı an üçün hərbi cəhətdən təşkilatlanmış durumda olmalıdır. Yəni, əli silah tuta bilən bir nəfər belə bu təlimlərdən kənarda qalmamalıdır. Ordu-xalqa çevrilməyin zamanıdır. Torpaqları işğal altında olan millət heç bir halda əl-qolunu sallayıb hansısa beynəlxalq təşkilatın problemi sülh yolu ilə həll edəcəyinə ümidlənməməlidir. Özümüzü aldatmayaq, dünya tarixində elə bir nümunə yoxdur ki, silah gücünə alınmış torpaqlar yalnız danışıqlar yolu ilə qaytarılsın. Düşmən yalnız o zaman bizi qane edən şərtlərlə danışıqlar masasına oturacaq ki, bizim həqiqi gücümüzü görəcək. Mövqeyimiz və şərtlərimiz isə bəllidir, vətənimizin bir qarış torpağı belə düşmən tapdağı altında qalmamalıdır”.
AĞ Partiya başqanı Tural Abbaslı: 
“Məndə olan məlumata əsasən, AĞ Partiya İdarə Heyətinin 80%-i könüllü xidmətə müraciət ediblər. Mən belə aksiyaları vətənpərvərlik nümayişi kimi dəyərləndirirəm. Çünki biz bilirik ki, ordumuzun hazırda könüllülərə, yəni insan resurslarına xüsusi bir ehtiyacı yoxdur. Bu gün Azərbaycan ordusu həm insan resursu, həm də maddi-texniki baza baxımından kifayət qədər təminatlıdır. Qarabağda müharibə başlasa, artıq küçədən avtobuslara yığıb orduya əsgər daşımağa ehtiyac olmayacaq. Yenə də qeyd edirəm, bu gün insanlarımızın küçələrə çıxması, hansısa qida məhsullarını maşınlarla döyüş bölgələrinə aparması və ya qan verməsi sırf xalqla ordunun birliyini və bütövlüyünü nümayiş etdirmək üçün lazımdır. Və mən də öz növbəmdə belə halı çox faydalı və lazımlı hesab edirəm. Döyüş anında ən vacib məsələ milli həmrəylikdir”. 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: 
“Bizim partiyadan da orduya yazılanlar var və insanlarımızın torpaqlarımızı işğaldan azad etmək üçün öz köməklərini təklif etmələrini, fədakarlıqlarını və təşəbbüskarlıqlarını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, biz illərlə torpaq itkisinə, ermənilərin və onların arxasında duranların aşağılamalarına dözməli deyilik. Hərbi yolla ərazilərimizi azad etməliyik. Ölkəmizin, ordumuzun potensialı və millətimizin iradəsi buna imkan verir”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc: 

“Bizim partiyada yüzlərlə istefada olan zabitlər, həqiqi döyüşçülər var. Döyüş başlasa iştirak edəcəyik”.

Həmçinin oxuyun

Parlamentdə koronavirus müzakirələri

Noyabrın 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirdi …