Ana səhifə / Siyasət / “Minsk” qrupu yenə də “oyundankənar” vəziyyətdə qaldı , yaxud, Ermənistana “Brüssel şoku”

“Minsk” qrupu yenə də “oyundankənar” vəziyyətdə qaldı , yaxud, Ermənistana “Brüssel şoku”


Ötən ilin noyabrında Soçidə keçirilən üçtərəfli görüşdə Ermənistanın ciddi müqavimətini qıran Azərbaycan prezidenti dövlətimizin maraqlarına xidmət edən qərarların qəbuluna nail oldu. İmzalanan bəyanatda ilin sonuna qədər delimitasiya üzrə ikitərəfli komissiyanın yaradılması nəzərdə tutulurdu. Lakin bir daha öz “şakərinə” sadiq qalan ermənilər razılaşmanın icrasına mane olmaq üçün sərhəddə təhlükəsizliklə bağlı yeni “ideyalar” ortaya qoydular. Qonşularımız delimitasiya komissiyasının yaradılması tələbinin yerinə yetirilməsini pozmaq üçün hərbi qüvvələrin durduqları yerdən “sinxron” çəkilməsi “təklifi”ni irəli sürdülər. Təbii ki, bu “təklif” Azərbaycan rəhbərliyi tərəfindən qəbul edilmədi və birmənalı şəkildə ifadə olundu ki, imzalanan bəyanata görə əvvəlcə komissiya yaradılmalıdır. Delimitasiya işlərini sürətləndirmək məqsədilə ikitərəfli komissiya qarşıya çıxan problemləri həll edə və ehtiyac olarsa, “sinxron çəkilmə” təklifinə də baxıla bilər. Qərbdəki havadarlarına güvənən ermənilər inad göstərməkdə və “Soçi bəyanatı”nın tələblərini pozmaqda davam etdilər. Nəticədə, komissiyanın yaradılması azı 4 ay gecikdi.
Ermənistanın mahiyyətini bütün dünyaya göstərmək və onun qeyri-konstruktiv mövqe tutduğunu hamıya sübut etmək üçün Azərbaycan diplomatiyası “hücum taktikası”nı davam etdirərək “sülh sazişi”nin imzalanmasını təmin etmək üçün beynəlxalq hüquqa və imzalanmış üçtərəfli bəyanatlara uyğun təkliflərini qarşı tərəfə təqdim etdi. Ermənistan əvvəlcə təkliflərdən imtina etmək istədi. Ancaq xaricdəki “başbilənləri” anlatdılar ki, bu təkliflərdən imtina etmək dünya birliyi tərəfindən beynəlxalq hüquqa və Ermənistanın öhdəliklərinə “sayqısızlıq” kimi qiymətləndirilər, erməniləri çətin vəziyyətə sala bilər. Bir neçə gün davam edən “məşvərət”dən sonra elan olundu ki, Ermənistan təklifləri qəbul edir və “sülh sazişi” üzərində işləməyə hazırdır. Ancaq təklif edir ki, sazişə “Dağlıq Qarabağın statusu” da salınsın və danışıqlar Minsk qrupu çərçivəsində aparılsın.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təklifini qəbul edən N.Paşinyan Brüssel danışıqlarına məhz bu şərtləri qəbul etdirmək ümidi ilə yola düşdü və növbəti dəfə “diplomatik uğursuzluq”la üzləşdi. “Güvəndiyi dağlara qar yağan” Ermənistan baş naziri yaxın günlərdə “delimitasiya komissiyası yaratmaq və “sülh sazişi”nin hazırlanması üçün xarici işlər nazirlərinə tapşırıq vermək” öhdəliklərini götürmək məcburiyyətində qaldı. Danışıqlarda 30 yaşı bu günlərdə tamam olan “Minsk qrupu”nu gündəmə gətirmək cəhdləri uğusuzluqla nəticələndi. Şarl Mişelin elan etdiyi bəyanatda münaqişəni nizamasalmanın “veteranı” yada salınmadı, ötən illər ərzində göstərdiyi “cahanşumul xidmətlərə” görə heç olmasa bir “molodes”ə belə layiq görülmədi. Əvəzində Azərbaycanın tələbləri Bəyanatda öz əksini tapdı və təklif etdiyimiz gündəlik Avropa İttifaqı tərəfindən bütünlüklə qəbul olundu.
Nəticədə, son illər dalbadal “şoklar” yaşamağa adət etmiş erməni cəmiyyəti növbəti “Brüssel fəlakəti”ni də yaşadı və “Azərbaycan “Minsk qrupu”nu güvəndiyimiz avropada torpağa gömdü”-qənaəti ilə sarsıldı. Prezident İlham Əliyev Ermənistanın əsas havadarlarının “meydanında” ciddi diplomatik uğura imza atdı. Qələbənin sevincini yaşamaq hər birimizin, ilk növbədə, diplomatiyamızın ən təbii haqqıdır. Ancaq qətiyyən arxayınlaşmaq, hər şeyin bitdiyini, bütün problemlərin arxada qaldığını düşünmək haqqımız yoxdur. Unutmamalıyıq ki, ermənilərin “Minsk qrupu”na süni nəfəs vermək, “status nağılları”nı yenidən dövriyyəyə buraxmaq cəhdləri hələ bitməyib və Yerevana qayıdan kimi hökumətin iclasını keçirən N.Paşinyan da bu barədə bəyanat verib. Həm erməni Baş nazirin söylədikləri, həm də ATƏT-in sədarətinin Brüssel danışıqlarında “sülh sazişi” hazırlanması prosesinin işə salınmasını alqışlaması və hər cür dəstək verməyə hazır olduğunu” bəyan etməsi göstərir ki, Minsk qrupu asanlıqla meydanı tərk etməyəcək və onun erməni maraqlarına xidmət göstərmək cəhdləri davam edəcək. Bu cəhdlərin qarşısını almaq üçün hamımız sayıq olmalı, milli birliyi təmin etməli və dövlət başçımıza əlimizdən gələn köməyi göstərməliyik.

Azərbaycan Naminə Alyans Partiyasının sədri,
Abutalıb Səmədov

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …