Ana səhifə / Siyasət / Milli Şuranın mitinqinə gedənləri nə gözləyir?

Milli Şuranın mitinqinə gedənləri nə gözləyir?


Yanvar ayının 19-da Milli Şura eyni şüar və plakatlarla keçmiş “Məhsul” stadionunda yenidən mitinq keçirəcək.
Milli Şuranın hansı məqsədlə mitinq keçirəcəyi hər kəsə bəllidir. Əli Kərimli ətrafına yığdığı işsiz-gücsüz, “söyüş makinası” rolunda çıxış edən gənclərin və 26 ilin “əqidə daşıyıcı”ları qarşısında çıxış edəcək, vətənpərvərlikdən danışacaq. Amma ətrafındakılardan heç kim ondan soruşmayacaq: oğlun – Türkel Kərimli haradadır, o, nə üçün hərbi xidmətə getmədi, onun təhsil haqqı olan 35 min avro pulu Bristol Universitetinə hardan köçürürdün, bu gün Türkelin İngiltərədə iştirak etdiyi və fotolarla, videolarla təsdiqini tapmış eyş-işrət məcslislərini hansı pulla təşkil edirsən, bu qədər nəhəng idinsə, nə üçün hakimiyyəti əlinizdə saxlaya bilmədin, ümumiyyətlə, hakimiyyətə etiraz etmək üçün elə həmin hakimiyyətin özündən icazə alıb mitinq keçirmək nə dərəcədə doğrudur və s. Həmçinin, deputat olduğu müddətdə kitablarında, çıxışlarında hakimiyyəti eninə-boluna tərifləyən Cəmil Həsənliyə 10 il öncəki fəaliyyəti haqqında sual verən olmayacaq. Belələri gözünü yumub, ağzını açıb qaranlığa doğru gedənlərdirlər. Ancaq nəticə ağır olur!
Heç şübhəsiz ki, hakimiyyət Milli Şuranın mitinqində iştirak edən insanlara bu dəfə də güzəştə getməyəcək: stadionun qapısında üztanıma kameralarından tutmuş, xüsusi proqramlarla təchiz edilmiş və insanların kimliklərini aşkarlayan texniki avadanlıqlar quraşdırılacaq. Təsadüfi deyil ki, mitinqdən dərhal sonra iştirakçıların işlədiyi dövlət və özəl qurumların rəhbərlərinə bu barədə foto və video sübutlar təqdim olunur. Yadınızdadırsa, 2017-2018-ci illərdə Milli Şuranının keçirdiyi mitinqlərdə iştirak edən şəxslərlə bağlı hökumət çox sərt cəza tədbirləri həyata keçirmişdi. Mitinqdə iştirak edən tələbələr, mədəniyyət sahəsində çalışanlar, dövlət və özəl qurumlarda işləyənlər, tibb işçiləri, müəllimlər, sahibkarlar  və s. cəzalandırılmışdılar. Təkcə özlərinə qarşı deyil, mitinqdə iştirak edən şəxslərin qohum-əqrəbalarının da iş yerlərinə foto və videolar göndərilmiş, onlar da işdən qovulmuşdular.
Milli Şura mitinq təşkilatçılığı ilə bağlı hansı işləri görürsə, hakimiyyət də bir neçə gün öncədən tədbirlər həyata keçirir. Məsələn, əvvəlki mitinqdə iştirak edən şəxslərin hazırkı yeri və fəaliyyəti dəqiqləşdirilir, mitinqdə iştirak etmək ehtimalı olan istənilən şəxs müxtəlif  üsullarla yoxlanılır. Nəzər alsaq ki, Milli Şuranın mitinqində 1000-1500 nəfər adam iştirak edir, o zaman ən müasir texniki avadanlıqlarla təchiz edilmiş və peşəkar şəxslərin çalışdığı hüquq-mühafizə orqanları üçün mitinqdə iştirak edən hər bir şəxsin ayrı-ayrılıqda müəyyənləşdirilərək cəzalandırılması da elə çətin deyil. Ortada əvvəlki nümunələr var. Mitinqdə iştirak edən onlarla, yüzlərlə insan və onların qohumları işdən qovulub, müxtəlif təzyiqlərə məruz qalıblar.
Ötən il tələbə yoldaşım vatsapla mənə ünvanladığı məktubda göstərirdi ki, Milli Şuranın mitinqində işitrak etdiyinə görə, rayonda həkim işləyən atası artıq işdən qovulub, rabitə sahəsində çalışan qardaşının ərizəsi alınıb, özünə də işlədiyi dərman firmasının müdiri zəng edərək aralarında bağlanan müqavilənin başa çatdığını bildirib. Halbuki müqavilənin vaxtının bitməsinə 3 aydan artıq vaxt var imiş.
Milli Şuranının ötən il, sonuncu mitinqində özüm şahidi oldum ki, cəmi 10-15 dəqiqədir “Məhsul” stadionuna daxil olan 55-60 yaşlı bir kişiyə iki nəfər mülki geyimli şəxs yaxınlaşdı. Aralarında cəmi 4-5 dəqiqə söhbət oldu və istəmədən qulaq şahidi oldum. Həmin kişi müəllim imiş, oğlu da dövlət qurumlarından birində işləyirmiş. Mülki geyimli şəxslər telefonla oğluna zəng edib həmin bu müəllimlə danışdırdılar. Müəllim bəlkə on dəfə “səhv etmişəm” deyərək oranı tərk etdi. Həmin mülki şəxslərlə bundan sonra ünsiyyət yaratdım, məlum oldu ki, artıq həmin müəllimin oğlunun işdən qovulma ilə bağlı əmri hazırdır və bir gün sonra imzalanacaq. Bu o demək idi ki, istənilən şəxsin kimliyini cəmi 10-15 dəqiqəyə müəyyənləşdirə bilirlər. Təkcə bu deyil, mitinqdən dərhal sonra orada iştirak edən tələbələr oxuduğu ali məktəblərin rəhbərləri tərəfindən çağrıldı, mitinqdə iştirak etdikləri onlara fotolarla sübut olundu, qovulan qovuldu, şiddətli töhmət alan da töhmətini aldı… Sual olunur, dəyərmi?
İndinin 60-70 yaşlı cəbhəçiləri bu “yol”a çıxanda cavan oğlan idilər, 30 ildir siyasətdə tutduqları bu yol onlara qələbə, uğur gətirməyibsə, deməli, səhv yoldur və siyasi mübarizədə “Məhsul” stadionunda təkrar şüarlarla mitinq keçirmək heç nəyi dəyişməyəcək.
Nəticə çıxarmaq ağıllı adamlara xas xüsusiyyətdir! Başa düşürük, bizim ölkəmizdə də həll olunası problemlər var, bu bütün dövlətlərdə belədir. Ancaq sadəcə “müxalifətçilik” etmək xatirinə mitinqə getmək yaxşı heç nə vəd etmir, insan karyerasını, gələcəyini düşünməlidir. Axı kimə, nəyə görə bu yol? Əli Kərimliyə görəmi? Ən azından gərək orada iştirak edənlər özləri ayırd edə bilsinlər. Milli Şura hər dəfə bəyan edir ki, guya mitinqdə 10-15 min adam iştirak edib. Axı yalandır! “Məhsul” stadionunun tutumu 22 min nəfərdir. İndi stadionun ortasında dayanan bir qrup mitinqçinin sayını, durduqları sahəni satadionun ümumi sahəsi ilə müqayisə edin. Şuraçıların dediyi ilə razılaşsaq, stadionun 80-90%-i dolmalı idi.
Hər halda, Milli Şuranın bu dəfəki mitinqi də uğursuzluqla nəticələnəcək. əgər olacaqsa, orada iştirak edən özəl və dövlət qurumlarının əməkdaşları da cəzalanacaqlar. Bu şəksizdir! İndi dövlətlərin imkanları çox böyükdür. İnanın, bəlkə də Milli Şuranının mitinqində iştrak edən adamların dəqiq sayı və onların hər biri ayrı-ayrılıqda hüquq-mühafizə orqanlarına bəllidir. Özü də siyahı şəklində və dosyelərlə!

Samir FEYRUZOV

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …