Cümə , Avqust 23 2019
Ana səhifə / Siyasət / Milli Şura fiaskosu – müxalifət xalqı niyə meydanlara gətirə bilmir?

Milli Şura fiaskosu – müxalifət xalqı niyə meydanlara gətirə bilmir?

“Nə qədər təbliğat aparılsa da, xalq küçələrə çıxmayacaq, çünki…”

Son illərdə Azərbaycan müxalifətinin keçirdiyi icazəli aksiyaları belə xalqın boykot etdiyinin şahidi olmaqdayıq. Müxalifətin mitinqlərindəki iştirakçıların sayı hətta əvvəldən müəyyən edilir, ən yaxşı halda 2 minə yaxın etirazçının olacağı deyilir və mitinq günü bunun şahidi oluruq.

Bu hal Milli Şuranın aprelin 8-də “Məhsul” stadionunda keçirdiyi icazəli aksiyada bir daha özünü göstərdi. Şəhərin mərkəzində, “İnşaatçılar” metro stansiyasının yaxınlığında, əvvəlcədən təhlükələrin olmayacağı bilindiyi halda aksiyaya 2 minə yaxın insan gəldi. İddialara görə, həmin insanların böyük bir hissəsi də mitinqə xaricə qaçıb getmək üçün şəkil çəkdirməyə gələnlərdir. İqtisadi böhranın getdikcə dərinləşdiyi, xalqın problemlərinin başından aşdığı bir zamanda vətəndaşların, narazı kəsimin belə aksiyaya qatılmaması müxalifətin fiaskosu idi. Mitinq uğursuzluğunu tək bir siyasi qurumun üzərində fokslaşdırmaq da əslində düzgün deyil. Belə ki, indiki şəraitdə heç bir müxalif qurumun xalqı kütləvi şəkildə meydanlara toplamağa gücü yetmir. Müxalifət vahid şəkildə birləşib seçkilərdə iştirak etdiyi 2013-cü ildə belə meydana 5 mindən artıq etirazçı toplaya bilmədiyinin şahidi olmuşuq.
Müxalifətin uğursuzluğu ilə bağlı ən müxtəlif fikirlər var. Çoxları buna görə müxalif düşərgənin özünü günahkar hesab etsə də, bunun əksini düşünüb, xalqı öz problemlərinə biganəlikdə günahlandıranlar da var.

Related image
Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, mitinqə aparan yollar fərqli olmalıdır: “Görünür, yeni taktikalar, yanaşmalar ortaya çıxarmaq lazımdır. Xalq müxalifətin bir yerdə olmasını istəyir, ayrı-ayrı qüvvələrin nəsə edə biləcəyi qənaətində deyil. Hamının bir yerdə ola biləcəyi və ondan doğan kütləviliyin marağındadır. Xalqın müxalifətdən qaçma anlayışı doğru deyil. Sadəcə olaraq müxalifət doğru taktika sərgiləmir. Bu artıq bizim qəbahətdir. Amma istənilən halda xalqın müxalifətlə bir yerdə olması üçün kifayət qədər səbəblər var. Burada yeganə çıxış yolu birlik deyil, başqa səbəblər də var. Bunu mətbuat vasitəsilə danışmaq fikrində deyiləm. Çoxsaylı variantların olmasını deyə bilərəm. O variantlar üzərində müxalifət doğru-dürüst düşünməlidir. Hər kəs fikirləşməlidir ki, kütləviliyə gedən yolun fərqli sistemi olmalıdır. Bunlar olmadığı sürəcdə ya orta, ya da orta səviyyədən aşağı aksiyalar olacaq”.

Image result for ADP sədri Sərdar Cəlaloğlu
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, mitinqlərə gəlməməyə səbəb xalqın özündədir: “Xalq bu dəqiqə siyasi fəallıq nümayiş etdirmir. Bunun da çox ciddi səbəbi var. Xalqı müəyyən proseslərə cəlb edən kollektiv şüurdur. O çox dərinlikdədir və biz onu bilmirik. Xalqın şüurunda belə bir fikir formalaşır ki, indiki halda kütləvi iştirak onun xeyrinə ola bilməz. Ona görə də nə qədər təbliğat aparırsansa apar, xalq küçələrə çıxmayacaq. Əgər başqa zamanda xalq şüurunda aktiv iştirakın səmərəliyini anlayacaqsa, o zaman müxalifətə ehtiyac olmayacaq. Xalqın özü meydanlara çıxacaq. Bu baxımdan indiki halda mitinqlərdə iştirakçıların sayını o amillə əlaqələndirmək lazımdır ki, xalq aktivliyin onun maraqlarını təmin etməyəcəyini görür və buna görə aksiyalara gəlmir.

Düşünürlər ki, bu mitinqlər müxalifətin özünün fərdi maraqlarına xidmət edir. Bunun elmi izahı budur. Xalq iştirak etməməsini müxtəlif səbəblərdən izah edə bilər. Amma o insanın deməyindən asılı olmayaraq, bilmək lazımdır ki, kollektiv şüuru ona deyir ki, iştirakın xeyri yoxdur. İnsan da istəyinə həmişə meyllidir. İndi insanlar şüurlu şəkildə proseslərə gəlmirlər. Niyə gəlmədiyini dəqiq bilmədiyinə görə, müxtəlif səbəblər deyir. Gah müxalifətin nüfuzdan düşdüyünü, gah da qorxduğunu deyir. Əslində bunlar onun fəaliyyətsizliyinin yalançı səbəbləridir. Həqiqi səbəb şüurunun ona doğru yol göstərməsidir ki, bu mitinqlərlə gözlədiyin heç bir nailiyyət qazana bilməyəcəksən”.

Image result for VİP sədri Əli Əliyev
VİP sədri Əli Əliyev iştirakçıların sayının az olmasına bir çox faktorların təsir göstərdiyini düşünür: “Xəstənin tələsməsi ilə armud yetişmir. Azərbaycanda ictimaiyyət kütləvi şəkildə siyasi fəaliyyət göstərməyə meylli deyil. İndiki situasiya 90-cı illər və XXI əsrin əvvəllərindəkindən xeyli fərqlidir. İctimaiyyət hələ ki hakimiyyətin diktəsi ilə fəaliyyət göstərir. Hakimiyyət hələ nəzarət rıçaqlarını əlindən verməyib. Mitinqlər hökumətin nəzarəti ilə keçirilir, insanların fotoları çəkilir. Bu baxımdan insanlar proseslərdən qaçırlar. İqtidar da proseslərə təsir göstərir. Məsələn, son mitinqin zamanının aprelin 9-dan 8-ə keçirilməsi proseslərə təsir göstərən amil oldu. 15 saylı Seçki Dairəsindən iki dəfə namizəd olmuşam. Orada xeyli sayda tərəfdarım var. Maraq xatirinə mitinq günü orada bir neçə nəfərlə görüşdüm. Təsəvvür edin ki, insanların çoxu ayın 9-da mitinqi gözləyirdi. Amma mənə elə gəlir ki, tək hakimiyyəti günahlandırıb, çox şeyi cəmiyyətin üstünə yıxmaq yanlışdır. Müxalifətdə də çatışmazlıqlar var. Müxalifətdaxili süni rəqabəti misal çəkmək olar. Kimlərsə önə çıxmağa çalışır. Bunlar yanlış siyasətdir. Meydana gələnlərin çoxu Milli Şuranın üzvləri deyildi, heç də AXCP-yə aidiyyəti olmayan şəxslər idi. Müxalifət mütəşəkkillik nümayiş etdirməyi bacarmalıdır. Ölkəmizə təsir edən beynəlxalq amilləri də unutmaq olmaz. Barak Obama dövründə Azərbaycan tipli ölkələrlə bağlı yumşaq siyasət yürüdülürdü. Nəticədə Rusiya və İran kimi dövlətlərin təsiri ilə hakimiyyət cəmiyyəti daha çox özündən asılı sayırdı. Amma Donald Tramp dövrünün fərqli olacağını, onun siyasətinin Azərbaycana da ciddi təsir edəcəyini düşünürəm”.

musavat.com

Həmçinin oxuyun

Ərdoğanın partiyasının 18 yaşı tamam oldu – Bakıdan iki fərqli baxış

Həftə sonu Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının 18 ilini təntənəli qeyd …

Bir cavab yazın