Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Milli Şura Azərbaycan xalqını təhqir edir”

“Milli Şura Azərbaycan xalqını təhqir edir”

Qüdrət Həsənquliyev: “Ordakı insanlara üzümü tutub deyirəm ki, öz ləyaqətinizi qoruyun və başınızı qaldırıb baxın, görün kimin ətrafındasınız?”
“Azərbaycan xalqı başa düşür ki, bunlar öz davalarını aparırlar, bunların davası xalq davası deyil”
Bu gün Milli Məclisin yaz sessiyasını sonuncu plenar iclası keçirilib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında bir sıra məsələlərə öz münasibətini bildirib, irad və təkliflərini dilə gətirib.
Millət vəkili öncə xatırladıb ki, iki həftədən sonra Azərbaycanda Avropa oyunları başlayır və bu istiqamətdə görülən işlərin işlərin əhəmiyyətini vurğulayıb: “Bu münasibətlə bütün xalqımızı təbrik edirəm, idmançılarımıza uğurlar arzulayıram. Mən əminəm ki, Azərbaycanda keçirilən I Avropa Oyunları bundan sonra keçiriləcək bu tipli oyunlar üçün bir etalon olacaq. Hökumətin fəaliyyətini xüsusi qeyd etməliyik ki, qısa müddətdə çox böyük işlər görülüb. Mən Təşkilat Komitəsinin sədri, bizim həmkarımız Mehriban xanıma, həmin komitənin bütün üzvlərinə öz minnətdarlığımı bildirirəm ki, oyunlara bu cür yüksək səviyyədə hazırlıq görülüb”.
Daha sonra qanun layihəsi ilə bağlı danışan Qüdrət Həsənquliyev 2014-cü il dövlət büdcəsinin icrası ilə bağlı bir sıra məqamlara diqqət yönəldib: “Bizim sosial həyatın ən vacib istiqamətləri olan elmə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də daxil olmaq şərtilə büdcədən cəmi 0.7 faiz, təhsilə 10.4 faiz, səhiyyəyə 4.5 faiz vəsait ayrılır. Hər dəfə burda bizim millət vəkillərinin böyük bir qismi büdcənin müzakirəsi zamanı xahiş edirlər ki, bu xərclər artırılsın. Ona görə ki, bu xərclərlə həmin sahələrdə çox ciddi dönüşə nail olmaq mümkün deyil. Çox təəssüf ki, onsuz da bu sahələrə ayrılmış az vəsaitdən elm üzrə cəmi 95.6 faizi, təhsil üzrə 91.5 faizi, səhiyyə üzrə 91 faizi xərclənib, yəni tam istifadə olunmayıb”.
Millət vəkili Naxçıvan Muxtar Respublikası ilə bağlı məsələyə də diqqət yönəlib: “Burada hörmətli həmkarım Fazil Mistafa söylədi ki, Türkiyədə 2500-ə qədər azərbaycanlı uşaq təhsildən kənarda qalıb. Onların bir qismi də Naxçıvandan Türkiyəyə miqrasiya etmiş, iş dalınca getmiş ailələrin övladlarıdır. Mən həm də Naxçıvan Muxtar Respublikasından seçilmiş millət vəkili kimi söyləyirəm ki, Naxçıvana blokadada olduğuna görə ora xüsusi diqqət göstərilməlidir. Burada hörmətli Samir Şərifov söylədi ki, Naxçıvana əsaslı dövlət vəsait qoyuluşundan 51.8 milyon manat vəsait ayrılıb. Azərbaycan Respublikasının Prezidenti də sağ olsun ki, Naxçıvana diqqət göstərərək özünün ehtiyat fondundan Mərkəzi Xəstəxanaya avadanlıqlar alınmasına 9 milyon, Arpaçay SES də daxil olmaqla 2 elektrik stansiyasının tikintisinə 4 milyon manat vəsait ayırıb. Ümumən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 366.2 milyon manat xərclənib. Dövlət büdcəsinin ehtiyat fondundan isə 330.9 milyon vəsait xərclənib ki, ondan heç 1 manat da Naxçıvan üçün ayrılmayıb. Halbuki Naxçıvan blokadada olduğuna görə orada iş yerlərinin açılması, istehsal müəssisələrinin yaradılması vacibdir və ora bu baxımdan ora xüsusi diqqət lazımdır.  Son 2 il ərzində Naxçıvana əsaslı vəsait qoyuluşu təqribən 5 dəfə azaldılıb.
Mən düşünürəm ki, bu yolverilməzdir və bu məsələni hökumət xüsusilə diqqətdə saxlamalıdır.  Məsələn, mənim seçildiyim Ordubad rayonu ilə Culfa rayonunu birləşdirən rayonlararası yolun yenidən qurulmasına çox böyük ehtiyac var. Amma çox təəssüf ki, vəsait olmadığına görə bu yol yenidən qurulmur və  mən bunu da hörmətli maliyyə nazirinin diqqətinə çatdırıram ki, növbəti ilin büdcəsi ilə bağlı işlərə qısa müddətdən sonra başlanacaq, bu məsələ də diqqətdə saxlanılsın. Həm də ona görə ki, Naxçıvan blokada vəziyyətində olması ilə yanaşı, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bir bölgədir”.
Qüdrət Həsənquliyev sonda Milli Şuranın mitinqi ilə bağlı çağırışlarla bağlı fikirlərini bildirib: “Mən “Azadlıq” qəzetinin saytında həmin çağırışlarla bağlı oxudum. Milli Şura adlanan qurum mitinq təyin edib, mitinqə çağırışlarda insanlar aşıq formada təhqir olunurlar. Bildirirlər ki, onlar mitinqə qatılmasalar, qorxaqdırlar, öz qürurlarını qorumaq imkanlarına malik deyillər. Mən hesab edirəm ki, insanların ləyaqətlərinin belə alçaldılması yolverilməzdir, bu pislənilməlidir.
İnsanları şantaj etməklə zorla mitinqə çıxarmaq olmaz. Əlbəttə, hər bir faciəli hadisə Azərbaycanın hər bir vətəndaşını incidir, o cümlədən də baş vermiş yanğın hadisəsi.
Bu adamlar bəyan edirlər ki, azərbaycanlı olduqları üçün utanırlar. Onlar utana bilərlər, amma Azərbaycan insanını təhqir edə bilməzlər. Əvvəla, ona görə utansınlar ki, özlərinin “lider” dedikləri insalanlara və onların ətraflarına baxsınlar. Cəmil Həsənli bizim deputat həmkarımız olub. Bilirsiniz ki, deputat olduğu dövrdə hər il – mərhum prezident Heydər Əliyevin həm doğum, həm də dünyasını dəyişdiyi günlərdə qəbrini ziyarət edib, onun məzarı önünə baş əyərək gül dəstələri qoyub.
Yazdığı kitabların da birini bu gün lənətlədiyi hökumətin üzvü Elmar Məmmədyarovun sifarişi ilə yazıb və orda mərhum Heydər Əliyevi ümummilli lider adlandırıb, İlham Əliyevin liderliyi ilə Azərbaycanın regionun lider dövləti olmasını xüsusi qeyd edib. İkinci bir kitabını prezidentin qohumu, ölkə başçısının sərəncamı ilə vəzifəyə təyin olunmuş Hafiz Paşayevin sifarişi və maliyyə vəsaiti ilə yazıb. Orda da həm İlham Əliyevdən, həm də mərhum prezident Heydər Əliyevdən sitatlar gətirib. Yəni bunu ona görə söyləyirəm ki, deputat seçilməyəndən sonra isə ağlına və ağzına gələni danışmağa başlayıb. Belə adamların çağırışı ilə niyə insanlar küçələrə çıxmalıdırlar? Axı Azərbaycan xalqı başa düşür ki, bunlar öz davalarını aparırlar, bunların davası xalq davası deyil.
Yaxud, Əli Kərimli vaxtilə dövlət katibi kimi güc strukturlarını kurasiya edirdi. Gəncədə Surətin qiyamı başlayan kimi güc strukturları demoralizasiya olundu. İcra başçılarını da Surətin adamları gələn kimi “Jiquli”yə qoyub üzüqara qadınlar kimi götürüb aparırdılar. Xalq indi niyə bu insanlara dəstək verməlidirlər? Ona görə də “qorxaqsınız, mitinqə gəlmirsiniz, qürurunuzu, ləyaqətinizi qorumursunuz” deyə Azərbaycan xalqını təhqir edən həmin insanlara üzümü tutub deyirəm ki, siz öz ləyaqətinizi qoruyun və başınızı qaldırıb baxın, görün kimin ətrafındasınız?”

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın