Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Milli Qəhrəman Çingiz Qurbanov haqqında film təqdim olundu – VİDEO

Milli Qəhrəman Çingiz Qurbanov haqqında film təqdim olundu – VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanov haqqında film çəkilib. Filmin təqdimatı bu gün saat 11:00-da Çingizin məzunu olduğu Texkini Universitetdə baş tutub.
Moderator.az xəbər verir ki, “ARB Media Qrup” tərəfindən lentə alınan “Çin olan yuxu” adlı ekran işində Milli Qəhrəmanın şərəfli həyat yoluna nəzər salınıb. Filmin çəkilişləri Ç.Qurbanovun doğulduğu Qusar rayonunun Həzrə kəndində, ali təhsil aldığı Azərbaycan Texniki Universitetində və onun xidmət etdiyi Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə aparılıb.
Filmin ideya müəllifi və baş prodüseri Vəli Turan, quruluşçu rejissoru isə Dəyanət Rzayevdir.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.
Ç.Qurbanovun cəsədi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.
Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb.
Geniş tamaşaçı kütləsi filmi aprel ayının 3-ü, saat 21:15-də “ARB TV”-nin efirində izləyə biləcəklər.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın