Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / Milli Məclisin payız sessiyası gərgin başladı

Milli Məclisin payız sessiyası gərgin başladı

Deputatlar bir-birini sərt şəkildə ittiham etdi; dollar kreditləri yenə müzakirə mövzusu oldu

Oktyabrın 1-də Milli Məclisin payız sessiyası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başladı. Dövlət himninin oxunması ilə işə başlayan sessiyada giriş nitqi ilə çıxış edən spiker deputatları sessiyanın başlanması münasibətilə təbrik etdikdən sonra dedi ki, bu il prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə xüsusi iclas keçirilib və dövlət başçısı Milli Məclisin fəaliyyətinə yüksək qiymət verib: “Parlamentin fəaliyyətinə belə yüksək qiymət verdiyinə görə mən həm öz adımdan, həm də sizin adınızdan cənab prezidentə təşəkkür edirəm”.

O.Əsədov yubiley iclasında 44 ölkədən nümayəndə heyətinin iştirak etdiyini, 39 nəfərin iclasda nitq söylədiyini bildirdi.

O.Əsədov payız sessiyasında Dövlət Büdcəsi haqqında zərfin, həmçinin digər qanunların müzakirə olunaraq qəbul ediləcəyini bildirdi.

Bundan sonra Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planı ətrafındakı müzakirələr başladı.

Deputat Zahid Oruc həmkarlarını Azərbaycana qarşı kampaniyalara cavab verməyə çağırdı. “Bu gün YouTube kanalını izləyənlərin sayı milyardı keçib. Ona görə də Azərbaycan dövləti sosial mediada öz təbliğatını qurmalıdır. Əgər İran dövlətinin də rəhbərlərinin feysbuk, twitterdə hesabı varsa, deməli, bu məsələlərə həssas yanaşmaq lazımdır”-deyə, o bildirdi.

Z.Oruc ardınca Azərbaycana qarşı təbliğat aparan Fəxrəddin Aboszadənin Rusiyada həbs olunmasını təqdir etdi. Dedi ki, belə şəxslərin cəzalandırılması digərləri üçün də dərs olar. Deputat dollar kreditləri ilə bağlı qərara da toxundu.

Deputat Fərəc Quliyev Azərbaycanın ən ciddi problemindən, Dağlıq Qarabağ məsələsindən danışdı. O, Milli Məclisdə Qarabağla bağlı ayrıca müzakirələr keçirməyə çağırdı.

Deputat Vahid Əhmədov çıxışında vaxtilə “Əmanətlərin sığortalanması haqqında” qanunun qəbul olunduğunu xatırlatdı: “Çox təəssüflər olsun ki, hazırda bank sistemində vəziyyət o qədər də ürəkaçan deyil. Ona görə də xahiş edirəm ki, əmanətlərin sığortalanmasını nəzərdə tutan qanunun müddəti uzadılsın. Bu gün 8,4 milyard manata yaxın əmanətlərin 50 faizi 3 illiyinə sığortalanıb. Əks təqdirdə, insanlar əmanətlərini banklardan çəkə bilərlər”.

Milli məclis ile ilgili görsel sonucu

V.Əhmədov ardınca bildirdi ki, dollar kreditləri ilə bağlı Konstitusiya Məhkəməsinin qərar qəbul etməsindən sonra vətəndaşlara güzəştlərin edilməsi mümkünsüz olur. Deputat hökuməti xarici valyuta ilə bağlı kreditlər məsələsinə dair addımlar atmağa çağırdı.

Deputat Əli Məsimli həmkarı V.Əhmədovun dollar kreditləri və əmanətlərlə bağlı fikirlərini müdafiə etdi: “Konstitusiya Məhkəməsinin kreditlərlə bağlı qəbul etdiyi qərar təkcə əhaliyə yox, həm də banklara böyük zərbədir. Ona görə  ki, kredit alanların böyük hissəsinin həmin kreditləri qaytarmaq imkanı yoxdur”.

Komitə sədri Siyavuş Novruzov Milli Məclisdəki çıxışında ölkədə bələdiyyə üzvlərinin sayının çox olduğunu söylədi: “Elə yerlər var ki, bələdiyyə üzvlərinin sayı 17-18 nəfərə çatır. Bir rayondan uzağı 2 millət vəkili seçilir, amma 200-300 bələdiyyə üzvü”.

S.Novuzov yas və toy mərasimlərinin artıq qanunla tənzimlənməsini zəruri saydı: “Əks təqdirdə, bu məsələlər tövsiyə ilə, verilişlə, ziyalıların çağırışı ilə həllini tapmayacaq”.

Deputat Qüdrət Həsənquliyev də S.Novruzovun fikirlərini müdafiə etdi. Daha sonra deputat işğal olunmuş ərazilərimizlə bağlı qanun qəbul olunması təklifini irəli sürdü: “Hər gün bizim işğal altındakı ərazilərimizdəki sərvətlərimizi talan edənlərin sayı artır. Erməni terrorçuları o ərazilərdə məktəblər tikirlər, məskunlaşdırırlar. Biz müvafiq qanun qəbul etməli və sərvətlərimizi talan edən şirkətlərə qarşı tədbirlər görməliyik”. Q.Həsənquliyev danışıqların Ermənistanla yox, Rusiya ilə aparılmasını təklif etdi: “Hamımız bilirik ki, bizim torpaqlarımızın işğal altında qalmasının səbəbkarı Ermənistan deyil. Ermənistan olsaydı, biz çoxdan bu məsələni həll edərdik. Bu işğalın arxasında Rusiya dayanır və biz danışıqları Rusiya ilə aparmalıyıq. Biz nə qədər hərbi potensialımızı artırsaq da, işğalın arxasında Rusiya dayanacaqsa, torpaqları azad etməyimiz mümkünsüz olacaq”.

Deputat parlamentdə xüsusi müzakirələrin keçirilməsini və Milli Məclisdə Qarabağla bağlı komitənin yaradılmasını zəruri saydı.

Deputat Araz Əlizadə isə dedi ki, Ermənistan işğalçılıqdan əl çəkməzsə, müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik: “Güc və beynəlxalq hüquq tərəfimizdə olduğu halda, Qüdrət Həsənquliyev Azərbaycan xalqında qorxu xofu yaradaraq Rusiya ilə danışıqlar aparmağı təklif edir. Xalqda ruh düşkünlüyü yaradır. Hesab edirəm ki, buna yol vermək olmaz. Onsuz da bəzi QHT-lər xalqda qorxu yaratmaq üçün öz fəaliyyətlərini davam etdirir. Bu prosesə siyasilərin, deputatların qatılması yaxşı deyil. Buna imkan vermək olmaz”.

Məsələyə müdaxilə edən spiker dedi ki, heç kim burada ruh düşkünlüyü yaratmır: “Mən burada debat açmaq istəmirəm. Azərbaycan prezidenti müstəqil siyasət yürüdür və kimsə onu bu yoldan çəkindirə bilməz”.

Q.Həsənquliyev isə söz alaraq A.Əlizadəyə cavab verdi. Deputat öncə “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı da fikirlərini bölüşdü: “Mən bu memorandumla tanış oldum, alqışlayıram və dəstəkləyirəm. Hər zaman biz söyləmişik ki, Türkiyə ilə xüsusilə müdafiə sənayesində əməkdaşlıq genişləndirilməldiir. Sentyabrın 15-də bilirsiz ki, Bakının işğaldan azad olunması ilə bağlı möhtəşəm bir parad keçirildi. Bu burada rusiyayönümlü siyasətçiləri xeyli qıcıqlandırmışdı, o cümlədən əminəm ki, Araz Əlizadəni. Araz Əlizadəni qıcıqlandıran mənim çıxışımdakı məsələ, Oqtay müəllim, o məsələ deyil ki, biz Rusiya-Ermənistan ittifaqına qalib gələ bilmərik. Onu qıcıqlandıran odur ki, mən bu konfliktin arxasında Rusiyanın dayandığını söylədim. Onun Mütəllibovla əlaqəsi, vaxtilə 90-cı illərdə parlamentdə etdiyi çıxışı, Mütəllibovun Moskvada sığınacaq tapması… Biz bunun hamısını bilirik. İndi bu cür çıxışlar keçmişini Araz Əlizadəyə unutdura bilməz. Onun kimliyi Azərbaycanda hər kəsə bəllidir. Hamı bilir ki, o hara, hansı qüvvələrə bağlıdır. Ona görə də mən əməkdaşlıq sazişini çox yüksək qiymələndirirəm və hesab edirəm ki, Türkiyə ilə hərbi əməkdaşlıq daha da genişləndirlməlidir və buna da səs verəcəyəm”.

Spiker isə deputatları sakitliyə çağırdı: “Çalışaq, bir-birimizə qarşı dözümlü olaq. Mən heç kəsin xətrinə dəymək istəmirəm”.

Deputat Azay Quliyev çıxışında Milli Məclisin bugünkü iclasında müəllifi olduğu “Peşə birlikləri haqqında” və “Sosial sifariş haqqında” qanun layihələrinin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil olunmasını təklif edib.

O deyib: “Bu gün QHT-lər haqqında qanun mövcuddur. Lakin bu qanun çərçivə qanunu olduğundan bütün ictimai birlik və təşkilatların fəaliyyətinin hüquqi mexanizmini təmin etmir. Bu baxımdan da ictimai birliklərin normal fəaliyyətini təmin etmək üçün belə bir qanun qəbul edilməlidir. Ümid edirəm ki, parlament vətəndaş cəmiyyətinin bu təklifini nəzərə alacaq”.

Spikeri Oqtay Əsədov təklifə baxılması üçün Parlament Aparatına tapşırıq verib.

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuatın problemlərinə diqqət çəkdi. O xatırlatdı ki, 2016-cı ildən ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızına əlavə dəyər vergisi tətbiq edilir: “Bu zaman Nazirlər Kabinetinin 2015-ci ildə ləğv olunmuş 11 saylı qərarına istinad olunur. İş burasındadır ki, vaxtilə həmin qərara əsasən də ölkəyə gətirilən həm qəzet və jurnallar, həm də qəzet kağızı ƏDV-dən azad idi. Halbuki əvvəldən məsələnin qərara salınması düzgün deyildi. Onsuz da Vergi Məcəlləsinin 164.1-ci və 164.1.7-ci maddələrində idxal olunan KİV məhsullarının ƏDV-dən azad olduğu vurğulanırdı. Elə ziddiyyət də bundadır. Nə üçün ƏDV Vergi Məcəlləsi qala-qala Nazirlər Kabinetinin ləğv edilmiş qərarına əsasən tətbiq olunur? Yaxşı olar ki, qanunvericilik planında biz bu məsələyə də diqqət yetirək. İstərdim ki, bizim qəbul etdiyimiz qanunları heç bir icra strukturu öz mənafeyinə uyğun yozub, istifadə etməsin”.

Mətbuat Şurası sədrinin qaldırdığı ikinci məsələ onlayn media ilə bağlı oldu: “Televiziya və radio yayımı haqqında qanun varsa, kabel şəbəkəsi haqqında qanun qəbul etməyi düşünürüksə, demək, internet media fəaliyyətinin də hüquqi əsaslarını bir qanunda birləşdirmək zəruridir. Bu, imkan verəcək ki, həm mövcud sahədəki boşluqlar aradan qalxsın, həm də biz internet medianın da dövlət yardımından bəhrələnməsinə nail olacağıq. Məsələ bu günümüz üçün çox vacibdir”. Ə.Amaşov informasiya təhlükəsizliyi ilə bağlı da danışdı.

Deputat Qənirə Paşayeva dövlət ali təhsil məktəblərinə ödənişli əsaslarla daxil olan, özəl ali məktəblərə daxil olan gənclərin artan təhsil haqları ilə bağlı üzləşdiyi problemlərdən danışdı. Xanım millət vəkili həmçinin “Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbuluna çağırdı.

İclasın gündəliyinə daxil olan “Standartlaşdırma haqqında” qanun layihəsinə 84 deputat səs verdi. Milli Məclisin sədrinin I müavini Ziyafət Əsgərov isə buna görə deputatlara irad tutaraq bildirdi ki, iclasda 100-ə yaxın deputat iştirak edir. “Ancaq səsvermədə isə 84 deputat iştirak edib: ”Səsvermə zamanı diqqətli olun”.

Deputat Çingiz Qənizadə prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirdi ki, oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı günüdür. “Kolleqalarımın hər birini bu bayram münasibətilə təbrik edirəm və onlara müvəffəqiyyətlər arzulayıram”.

Deputat Gövhər Baxşəliyeva tarixi qəhrəmanlarımızla bağlı kinoların çəkilməsinə ehtiyac olduğunu bildirdi və Şah İsmayıl Xətai barədə film çəkilməsi zərurətindən danışdı.

Deputat Aqil Abbas isə bu mövzu ilə bağlı digər məqamlara toxundu: “Deyirlər ki, kino çəkilmir. Əvvəla, kinoya pul ayrılır. Adətən görmüşük ki, pul qazanılan şeydən vergi verirlər. Tutaq ki, Azərbaycanda kinonun çəkilməsi üçün 1 milyon 500 min manat pul ayrılır. Amma o pul gəlib çatmamış Vergilər Nazirliyi onun 300 min manatını tutur. Pul qazanmışam ki, sənə də verim?”

Daha sonra deputat digər məsələlərdən bəhs etdi. Bildirdi ki, bu yaxınlarda Şuşanın musiqi kollecini Sumqayıt regional idarəsi ilə birləşdiriblər: “Daha Şuşa lazım deyil də… Bu birləşdirmə nəticəsində 260 nəfər ixtisara düşüb. Kitabxana sistemi ixtisara düşüb. Ta kitab oxumaq lazım deyil də, camaat seriala baxacaq. Sumqayıtın bu idarələrini Şuşaya birləşdirərdilər də. Şuşaya qiymət verərdilər də”.

Deputat Tahir Kərimli ölkəmizdə dərs ilinin sentyabrın 15-də deyil, 1-də başlamasını təklif etdi. O bildirdi ki, dərslərin sentyabrın 15-də başlanması təhsil sisteminin pozulmasına səbəb olur. T.Kərimli çıxışı zamanı məktəblərdə dərs yükünün azaldılması məsələsindən də bəhs etdi, bu məsələyə də təkrar baxılmasını zəruri saydı.

Milli Məclis sədrinin müavini Bahar Muradova deputat Fazil Mustafanın “Azərbaycan universitetləri mütəxəssis yetişdirmir” fikrinə münasibət bildirdi. B.Muradova F.Mustafanın dediklərinin yanlış olduğunu qeyd etdi. Onun sözlərinə görə, təhsil müəssisələri normal mütəxəssis yetişdirməsəydi, başqa ölkələrdən Azərbaycana tələbələr gəlməzdi: “Hesab edirəm ki, həm sovet, həm də ondan sonrakı dövrdə Azərbaycanda təhsil alaraq öz ölkələrindən nüfuz sahibi olan şəxslər var. Ona görə də Fazil Mustafanın dedikləri yanlışdır”.

İclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Dəyişiklik tütünlə bağlı cərimələrin tətbiq olunmasıdır. Belə ki, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir. Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq. Məcəlləyə əlavə edilən digər bəndə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək. Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur. Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimələnəcək. Hər iki layihə səsverməyə çıxarılaraq qəbul olundu.

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …