Ana səhifə / Siyasət / Milli Məclisin iclasında gərgin müzakirələr

Milli Məclisin iclasında gərgin müzakirələr

Martın 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi.

Çıxışında ordu ilə bağlı məsələyə toxunan S.Qafarova bildirdi ki, Azərbaycan Ordusunun  dövlət sərhədində və Qarabağ bölgəsində hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində, işğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub. S.Qafarova nəzərə çatdırdı ki, maaş əlavələri ilə bağlı bu qərar zaman tələb edən proses nəticəsində qəbul olunub: “Bütün bunlar onu göstərir ki, hərbi qulluqçular dövlətin daimi qayğısı ilə əhatə olunurlar və onların problemlərinin həlli hər zaman olduğu kimi bundan sonra da dövlətimizin rəhbərliyinin diqqət mərkəzində olacaq”.

Deputat Əli Məsimli Novruz bayramı öncəsi müşahidə olunan bahalaşmaya diqqət çəkdi. “Yanvarın 5-də benzinin qiyməti cəmi 10 qəpik artdı, amma ondan sonra az qala hər gün qiymətlərdə 10-15 qəpiklik artım olur. İş adamları bu artımı hər gün həyata keçirirlər. Bu, kiçik rəqəm olsa da, üst-üstə yığılır”, deyən Ə.Məsimli vəziyyətdən narahatlığını bölüşdü.

Deputat Sahib Alıyev erməni təcavüzü nəticəsində Tərtərdə dağılmış evlərlə bağlı kompensasiyanın ödənilməsindəki qüsurlardan bəhs etdi. Bildirdi ki, cavabdeh şəxslər işlərini dəqiqliklə yerinə yetirməyiblər, ona görə də insanlarda narazılıqlar var.

Deputat Fazil Mustafa qeyd etdi ki, bu gün Azərbaycan insanını daha çox maraqlandıran məsələ pandemiya ilə əlaqədar Operativ Qərargahın hansı qərarı qəbul edəcəyidir. Deputat bildirdi ki, insanlarda yenicə fəaliyyətinə imkan yaradılmış iş yerlərinin, müxtəlif obyektlərin qapadılacağı ilə bağlı qorxu var. “Heç bir yeri qapatmağa gərək yoxdur”, deyən F.Mustafanın fikrincə, biz ilk növbədə Azərbaycan vətəndaşlarının sosial durumunu nəzərə almalıyıq. “Qiymətlər yüksək sürətlə qalxmaqdadır və vətəndaşın evinə gəlir daxil olmur, bu da kütləvi yoxsulluğa aparır”, deyən deputat əlavə etdi ki, bütün yerlərin qapadılmasına ehtiyac yoxdur, sadəcə nəzarəti gücləndirmək lazımdır. “Bayram günlərində rayonlara yolların bağlanması da doğru deyil. 10 gün tətil olacaqsa, insanlar rayonda daha təcrid olunmuş halda istirahət edə və Bakının yükü azala bilər. Məncə, postlar qoymaq yerinə, post-patrul maşınlarının sayını artıraraq, ayrı-ayrı vətəndaşların yoxlanmasını həyata keçirmək olar”, millət vəkili qeyd etdi. Həmçinin o, İsraildəki kimi, yaşıl pasport rejimini tətbiq etməyi məqsədəuyğun saydı.

Deputat Azay Quliyev YAP-ın qurultayındakı yeniliklərin  və struktur dəyişikliklərinin yeni dövrü möhkəmləndirmək xarakteri daşıdığını bildirdi: “Fikrimcə, partiyada baş vermiş yeniliklər və struktur dəyişikliyi Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin nəticələrini, ictimai-siyasi sabitliyi və milli  birliyi sona qədər qorumaq və torpaqlarımızı işğaldan azad etdikdən sonra yaranmış yeni dövrdə bu üstünlükləri daha da möhkəmləndirmək zərurətindən qaynaqlanır. Yeni dövrün əsas göstəriciləri sırasında digər faktorlarla yanaşı siyasi dialoqun və siyasi institutlar arasında sivil münasibətlərin ön plana çıxması Azərbaycanın milli maraqlarının etibarlı şəkildə qorunması və strateji hədəflərinə çatması üçün dövlət başçısının bundan sonra ölkə daxilində həyata keçirəcəyi siyasətin yeni konturları kimi qiymətləndirilməlidir. Bugünkü siyasi dialoqun üstünlüyü və unikallığı ondadır ki, bu dialoqun müəllifi Azərbaycan Prezidentidir, onu dəstəkləyən isə antimilli şurada toplanan bir qrup marginalları nəzərə almasaq, ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalardır”.

 Gündəlikdəki məsələlərin müzakirəsi “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin dinlənilməsi ilə başlandı. 2020-ci il üzrə illik məruzəni parlamentə ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim etdi. Nazir müavini nəzərə çatdırdı ki, 2020-ci ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı 3 min 206 müraciətə baxılıb; 164 müraciət təmin və ya qismən təmin edilib ki, bu da 2019-cu illə müqayisədə 17 faiz çoxdur. İl ərzində bələdiyyələrin vəzifəli şəxslərindən 172 nəfər barəsində inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.  Deputatlara bildirilib ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət tədbirləri nəticəsində ötən il 8 min 217 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılıb, 2 min 261 ha torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.

Sonra  Regional məsələlər komitəsinin üzvü Nizami Cəfərov illik məruzənin bu komitədə geniş müzakirə olunduğunu bildirdi, fikirlərini açıqladı.

Deputat Sabir Rüstəmxanlı V.Zahirova xitabən soyadlarla bağlı problemdən bəhs etdi. “Biz bu ”ov”dan qurtarmalıyıq”, deyən S.Rüstəmxanlının sözlərinə görə, təəssüf ki, yerli qeydiyyat idarələri bu məsələyə mane olurlar: “Niyə mane olurlar? Başa düşmürəm, bu ”ov” niyə belə gülməşəkər olub?” Deputat dedi ki, dəfələrlə bu məsələ ilə bağlı müraciətlər olub, həmçinin 1992-ci ilin qanunu var: “Ədliyyə Nazirliyi göstəriş verə bilərdi ki, vətəndaş istəyəndə onun soyadının milliləşdirilməsinə problem yaradılmasın. Ancaq böyük rüsum istənilir, əhalinin onsuz da imkanı yoxdur”. S.Rüstəmxanlı Vilayət Zairova müraciət etdi: “Xahiş edirəm, bizim bu arzumuzu nazirin diqqətinə çatdırın”.

Birinci vitse-spiker Əli Hüseynli isə cavab olaraq bildirdi ki, soyadların milliləşdirilməsi ilə bağlı heç bir problem yoxdur: “Bu məsələ ilə bağlı əslində ittiham etməyə heç kəs yoxdur. Ədliyyə Nazirliyi vətəndaşın istək və arzusunu yerinə yetirir. İndi istənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər. Yeni doğulanlarla bağlı isə ümumiyyətlə, heç bir problem yoxdur. Bunun üçün “ASAN xidmət” də mövcuddur. Ümumiyyətlə, bununla bağlı problem yoxdur. İstək, arzu vətəndaşındır, nə zaman istəyir, soyadını milli sonluqla əvəzləyə bilər”. Ə.Hüseynli maraqlı bir məqama da toxunaraq, qeyd edib ki, vaxtilə də müxalifəti təmsil edən bir sıra şəxslər eyni mövzuda çıxış ediblər. Hansı ki, onların bəziləri özləri belə soyad sonluqlarını milliləşdirməmişdilər.

Deputat Qüdrət Həsənquliyev bələdiyyələrin statusunun az olduğu barədə əvvəllər də dəfələrlə mövqeyini çatdırdığını xatırlatdı. Bildirdi ki, bələdiyyələrə yerli dövlət hakimiyyəti statusu verilməlidir: “Azərbaycanda bələdiyyələr 1999-cu ildə yaradılıb, hələ də deyirik ki, bu, yeni yaradılan qurumdur. Bunun nəyi yeni yaradılan qurum oldu, artıq 22 ildir yaradılıb.  Zaman da göstərdi ki, bu məsələdə ciddi islahatlar aparılmasına ehtiyac var”. Q.Həsənquliyev bələdiyyələrin adının çox zaman neqativ işlərdə hallandığına da diqqət çəkdi: “Bu gün ölkədə bəzi rəqəmlərə görə 600 min, bəzi rəqəmlərə görə, 450 min qanunsuz tikinti yerləri var. Onların əksəriyyəti bələdiyyələrin qanunsuz satdığı torpaq sahələrində tikilib”. Deputatın sözlərinə görə, dövlət başçısının müvafiq qərarı və iradəsi olduğu halda, hələlik qeydiyyatsız evlərin qeydiyyatı ilə bağlı problem həll olunmayıb. Q.Həsənquliyev qeyd etdi ki, qanunsuz tikililərlə bağlı bələdiyyələrin və müvafiq dövlət qurumlarının da məsuliyyəti var. “Aztəminatlı insanlar heç olmasa özlərinə mənzil tikə biliblər, ancaq heç olmasa onları rəsmiləşdirmək lazımdır”. Deputat bildirdi ki, bələdiyyələr yerli hakimiyyət orqanlarının bir sektoru statusundadır, ona görə də onların statusuna yenidən baxmaq lazımdır.

Deputat Erkin Qədirli bələdiyyələrin Milli Məclis qarşısında hesabatlılığını mümkün saymadığını da bildirdi: “Ona görə də qanunvericiliyə dəyişiklik edilməlidir. İcra başçıları və bələdiyyələrin səlahiyyətləri ilə bağlı legitimlik böhranı var. Bu məsələ təməldən yanlış qurulub. Ayaz Mütəllibov icra hakimiyyəti orqanını yaratdı və bu, hələ də davam edir”. E.Qədirli Bakı böyükşəhər bələdiyyəsinin və meriyanın olmamasını da qüsur saydı. Bildirdi ki, bununla bağlı illər öncə qanun qəbul olunsa da, məsələ həllini tapmayıb: “Azərbaycan Avropa Şurasında seçkili merləri, böyük şəhər bələdiyyələri olmayan yeganə ölkədir. Ona görə də ciddi olaraq biz bu əskikliyimizi aradan qaldırmaq haqqında düşünməliyik. Deputat kimi, qanunvericilik təşəbbüsüm var və ola bilsin payız sessiyası üçün belə bir qanunu təklif edəcəyəm”.

Deputat Razi Nurullayev Milli Məclisdə bələdiyyələrin tənqidi üzərində qurulmuş çıxış etdi: “Niyə mənim bir nümayəndəm bələdiyyədə yoxdur. Mən bu qədər hörmətsiz, xalqın sevmədiyi qüvvə oldum ki, 10 milyonluq Azərbaycanda bir bələdiyyə seçdirə bilmədim? Nə qədər ki, biabırçı, qeyri-şəffaf və yerli səviyyədə əvvəlcədən müəyyən edilmiş siyahılar üzrə nəticə olacaq, o fəallıq olmayacaq”. R.Nurullayev qeyd etdi ki, bələdiyyə sədrlərinin rüşvət müqabilində sədr təyin edilməsi halları kütləvi olub.

Komitə sədri Siyavuş Novruzov isə bələdiyyələrin ittiham olunmasına, onların əsasən torpaqları satan qurum kimi təqdimatına etiraz etdi. Bildirdi ki, bu yanaşmalar doğru deyil. “Biz bələdiyyələrlə bağlı iki məsələni həll etməliyik: bələdiyyələrin və bələdiyyə üzvlərinin sayını azaltmalıyıq. 1606 bələdiyyə var, 14 mindən artıq bələdiyyə üzvü seçilib. Üzvlər seçilən zaman bələdiyyə sədrləri də seçilməlidir. Bu, ortadakı dedi-qoduları xeyli dərəcədə aradan qaldıra bilər. İşğaldan azad olunan ərazilərdə ağıllı kənd, ağıllı şəhər yaradılır. Çalışmalıyıq ki, orada ağıllı bələdiyyə də yaradaq”. Həmçinin qeyd etdi ki, biz bələdiyyə seçkilərini ümummilli seçki formatından çıxartmalıyıq, hər kənd özünün bələdiyyəsini seçməlidir.

Deputat Əli Məsimli isə bildirdi ki, bələdiyyələrin qaldırdığı əsas problemlərdən biri yerli icra hakimiyyəti orqanlarından asılılıq məsələsidir. Ə.Məsimlinin sözlərinə görə, bu asılılıq aradan qaldırılmadığı müddətdə bələdiyyələrin səmərəli fəaliyyətindən söhbət gedə bilməz. O, həmçinin qeyd etdi ki, bələdiyyələrin kadastr sənədləri olmadığından əkin sahələri üçün verilən subsidiyaların alınmasında problem yaranır.  Deputat əlavə etdi ki, bələdiyyələrin real vəziyyətini bilmək üçün onların təmsilçiləri dinlənilməlidir:  “Bələdiyyələrin dinlənilməsi nəticəsində bu sahədə nə qədər problem olduğunu və qarşıda duran vəzifələri daha yaxından öyrənmək olar”.

Müzakirələrdən sonra Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi nəzərə alındı və müsbət rəy verildi.

İclasda digər qanun layihələri də müzakirə olunaraq qəbul edildi.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Təbriz Musayev: “Kreml zaman-zaman miqrant amilindən siyasi təzyiq aləti kimi istifadə edib”

Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşların 15 iyuna qədər …