Ana səhifə / Siyasət / Milli Məclisdə hələ də 5 deputat əskikdir

Milli Məclisdə hələ də 5 deputat əskikdir

Ötən ilin fevralında baş tutmuş Milli Məclisə növbədənkənar seçkilərdən sonra parlamentdə 4 dairə üzrə yerlər boş qalıb. Belə ki, Mərkəzi Seçki Komissiyası seçkilər nəticəsində baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi –  (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi ( lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə). Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov ötən ilin avqustunda dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb. 

Beləliklə, hazırda parlamentdə 5 seçki dairəsi üzrə yerlər boşdur. Boş qalmış həmin dairələrə seçkilərin nə zaman keçiriləcəyi isə uzun aylardır ki, maraq doğurur.

Zamanla müxtəlif ekspertlər tərəfindən seçkilərin keçirilməsinin labüdlüyü də vurğulanıb və prosesin bu il ərzində baş tutacağı ehtimal edilir.

Eyni zamanda 2021-ci ilin dövlət büdcəsi ilə bağlı layihədə “seçkilərin keçirilməsi və statistika tədbirləri” haqqında bölümdə 19 631 038 manat vəsait nəzərdə tutulub. Belə bir vəsaitin hansı məqsədə sərf ediləcəyi açıqlanmasa da, bunun boş qalan dairələrlə bağlı olduğu da güman edilir. 

Milli Məclisin deputatı Fazil Mustafa da mövzuyla bağlı “Qafqazinfo”ya bildirib ki, büdcədən ayrılan vəsaitin hansı istiqamət üzrə xərclənəcəyi bilinmir: “Ancaq bu mümkündür ki, boş qalmış seçki dairələri ilə bağlı olsun. Təkrar seçkilərin keçirilməsində gecikmə pandemiya ilə bağlıdır. Əslində boş qalan yerlərə seçki ötən il də keçirilə bilərdi. Amma pandemiyaya görə məsələ qaldı. Boş qalan seçki dairələrinə seçkinin keçirilməsiylə bağlı ölkə başçısı qərar verməlidir. Bundan sonra Mərkəzi Seçki Komissiyası təkrar seçkiləri keçirməlidir. Mümkündür ki, pandemiya səngiyəndən sonra baş tutsun. Çünki boş qalmış yerlərin təmsilçisi mütləq parlamentdə olmalıdır. Proqnozlaşdırılırdı ki, bu aylarda pandemiya səngiyə bilər, ancaq mümkün olmadı. Proses ilin ortasında da baş verə bilər”.

Həmçinin oxuyun

“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi — Deputat

Şuşanın tarixi görkəminin qorunması, bərpası, Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin beynəlxalq aləmdə …