Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / Mikayıl Cabbarovun yerinə kimlər iddialıdır? – Hökumət və icra qurumlarında dəyişiklik davam edəcək

Mikayıl Cabbarovun yerinə kimlər iddialıdır? – Hökumət və icra qurumlarında dəyişiklik davam edəcək

İki nazir təhsil naziri vəzifəsinə öz namizədinin təyinatına cəhd edir, Kərəm Həsənovla Heydər Əsədovun karyerası ip üstədir; Xeyli icra başçılarının da yola salınacağı gözlənilir

Prezident İlham Əliyev ötən həftə Qubanın icra başçısı Yaşar Məmmədovu, bir neçə gün əvvəl isə vergilər naziri Fazil Məmmədovu vəzifələrindən azad etdi.
Bu azad etmələrdən daha çox təhsil naziri Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi ilə yanaşı, onun boşalan postuna hələ də təyinatın olmaması hazırda cəmiyyətin daha çox müzakirə etdiyi mövzulardan biridir.
Bu və ya digər məqamlarla bağlı Mia.az-a verilən məlumatına görə, yaxın günlərdə təhsil naziri vəzifəsinə təyinat gözlənilmir:
“Bu məsələ ola bilər bir az uzansın. Yəni təhsil naziri vəzifəsinə yaxın iki-üç gün ərzində təyinat olacağı inandırıcı deyil. Bunun iki səbəbi var.
Birincisi, Mikayıl Cabbarovla bağlı o qədər ani qərar verildi ki, ondan boşalan və hakimiyyət üçün çox strateji sahə sayılan postMikayıl dövrünə hazırlıq görülməyib.
İkincisi, bu posta bir neçə iddialı olması da seçimin uzanmasına və daha dəqiq qərar verilməsinə ehtiyac yaradıb. Və nəhayət, hələlik, təhsil naziri vəzifəsini icra edən birinci müavin Ceyhun Bayramovun əvvəldən Mikayıl Cabbarovla işləməsi, yarımçıq qalan layihələrin davam etdiriləcəyinə inamsızlıq yaratmır. Ona görə də hələlik onunla yola davam ediləcəyini düşünürəm. Mümkündür ki, ölkənin ciddi qruplarından birinə bağlı olan Ceyhun Bayramovun nazir təyinatı da bu aralıqda ciddi ağırlıq qazanacaq.
Bildiyimə görə, onun təhsil nazir təyin edilməsi üçün dostu, yeni vergilər naziri Mikayıl Cabbarovla yanaşı, maliyyə naziri Samir Şərifov da həddən artıq canfəşanlıqla çalşır və bu istiqamətdə iş aparırlar. Ancaq bu posta surpriz namizədin təyinatı da mümkündür”.
Bizi məlumatlandıran informasiyalı şəxsin sözlərinə görə, Fazil Məmmədovun “vurulması”ndan sonra ona bağlı olan məmurların da  karyerasının təhlükədə olması haqda deyilənlərə, qeyri-ciddi yanaşmaq lazım deyil:
“Bilirsiniz ki, bir neçə gündür Fazil Məmmədovun yaxın qohumları və kadrlarının haqqında mətbuatda və sosial şəbəkədə bir-birinin ardınca xəbərlər yayılır. Bəli, mən də düşünürəm ki, Fazil Məmmədovun gedişi Binəqədinin icra başçısı Xaləddin İsgəndərov başda olmaqla, Gədəbəyin icra başçısı Ramiz Yediyarov, Şəmkirin icra başçısı Alimpaşa Məmmədovla yanaşı, digər qurumlarda çalışan əksər kadrlarına təsirsiz ötüşməyəcək. Ən azı ortada Ziya Məmmədov nümunəsi var ki, bütün bunlar deyilənlərin ciddilik yükünü qüvvətləndirir.
Elə az əvvəl Ziya Məmmədovla yaxın qohum olan Qubanın icra başçısı Yaşar Məmmədovun ani qərarla işdən alınması da, bu düşüncəni gücləndirir. Hesab edirəm Fazil Məmmədov və ətrafı da Ziya Məmmədov kimi mərhələli formada “budanacaq”. Ancaq bu prosesin təkcə Fazil Məmmədovun yaxın çevrəsi ilə bitəcəyini düşünməyin. Qarşıda bizi bir  neçə komitə sədri və nazirin azadolunma sərəncamları da gözləyir”.
Məlumatlı şəxs əminliklə deyir ki, indi əsas hədəfdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur:
“Xatırlayırsınızsa, MTN-nin ətrafında proseslər başlayanda, ilk olaraq Fazil Məmmədovla Kərəm Həsənovun adları da mətbuatda davamlı qabardıldı. Fazil Məmmədov vəzifədən alınan kimi isə, hakimiyyətin çətiri atında olan media orqanlarında “MTN işi”nin xüsusi xatırlanmasını da unutmayın. Yəni ki, hökumətin “MTN işi”ndə adı daha çox hallanan iki üzvündən birinin yola salınması və bundan dərhal sonra Eldar Mahmudovla əlaqələrin iqtidar mətbuatında “təhil” adı ilə tirajlanması göstərir ki, iqtidar dövrü mətbuatda yazılanları diqqətsiz buraxmayıb və əlverişli zaman gözləyib. Və bu zaman artıq yetişib.
Ölkənin vergi sisteminə başçılıq edən şəxs yola salındı, indisə növbə ölkənin əmlakını yönəldən şəxsə – Kərəm Həsənova çatıb. Və əmin ola bilərsiniz ki, o, gedəcək.
Onunla yanaşı, kənd təsərrüfatı naziri Heydər Əsədovun karyerası da ip üstədir. Bundan başqa, bir neçə komitə sədri və nazir haqda sərəncam verilməsi gözlənilir ki, bu sərəncamların əsasən yerdəyişmə xarakterli olacağı ehtimaı çox yüksəkdir”.
Məlumatlı şəxs hökumətin daxilində  gözlənilən böyük dəyişikliklərə paralel olaraq, yerli icra hakimiyyətlərində də ciddi proseslərə start veriləcəyini iddia edir:
“Qubanın icra başçısının “vurulması”  Ziya Məmmədovun qohum və kadrları üçün ciddi siqnal oldu. Onun qohumlarının rəhbərik etdiyi rayonlara bağlı tezliklə qərarlar veriləcək. Beləliklə, Ucar və Zərdabın icra başçıları da qarşılarına qoyulan öhdəlikləri bitirər-bitirməz vəzifədən alınacaqlar. Bundan sonra sabiq nazirin polis və prokurorluqdakı qohumlarına növbə çatacaq. Eyni halı Fazil Məmmədovla Kərəm Həsənova bağlı olan icra başçıları haqda da görəcəyik.
Bunlardan başqa, digər qruplara bağlı olan xeyli işini yarıtmaz icra başçıları var ki, ən uzağı gələn ilin payızında keçiriləcək  prezident seçkilərinə bir neçə ay qalmışa qədər onlar da yola salınacaq.
Ölkə prezidenti artıq tükənmiş, eyni zamanda, cəmiyyətdə nüfuzunu itirmiş məmurlarla yola davam etmək niyyətində deyil.
O üzdən düşünürəm ki, qarşıdakı aylarda biz Bakının Xətai, Binəqədi, Sabunçu, o cümlədən Sabirabad, Kürdəmir, Cəlilabad, Lənkəran, Daşkəsən, Beyləqan, Hacıqabul, Xızı və təxminən 20-yə yaxın rayonların rəhbərləri haqda da sərəncamarla şahidlik edəcəyik. Bunların hər biri hazırda “biletləri əlində olan sərnişin” statusundadır…”.

Həmçinin oxuyun

Paşinyanın lənəti: Kəlbəcər Monte Melkonyanın doğum günündə Azərbaycana qaytarılır

Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycanın nəzarətinə keçəcək. Sabah oraya Azərbaycan qoşunları daxil olacaq. Görünür, azərbaycanlılar …