Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Memarlardan mozaikanın sökülməsinə etiraz – Deputat isə yeni rektoru müdafiə etdi

Memarlardan mozaikanın sökülməsinə etiraz – Deputat isə yeni rektoru müdafiə etdi

“Bakı Slavyan Universitetinin əsas korpusu həm bina, həm də xarici görünüş olaraq müasir tələblərə cavab vermir”.
Bunu AzNews.az-a açıqlamasında millət vəkili Nizami Cəfərov sözügedən təhsil ocağının qarşısındakı mozaikanın sökülməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, universitetdə böyük işlərin görülməsinə ehtiyac var:
“Söküntü işləri universitet rəhbərliyinin göstərişi, məsləhəti ilə aparılır. Əgər xanım düşünürsə ki, daha yaxşısını yaratmaq mümkündür, o zaman əlbəttə ki, etiraz eləmək olmaz. Nəzərə alaq ki, universitetə yeni rəhbərlik gəlib, təkmilləşmə işləri gözlənilir. Bundan əlavə, o mozaika tarixi abidə deyil. Heç kəs tarixi abidəyə qarşı hörmətsizlik etməz. Düşünürəm ki, oranı qaydaya salmaq lazımdır. Hər halda bu, Slavyan Universitetidir. İndi yeni universitet binası tikmək çətin olar. Amma binasının strukturu elə olmalıdır ki, oranın Slavyan Universiteti olduğu hiss olunsun. Nurlana xanım təcrübəli adamdır, yaxşı işlər görəcək. Düzünü desəm, həmin mozaika yaxşı yadımda deyil. Amma onu deyə bilərəm ki, həmin mozaikanın texniki keyfiyyəti yerində idisə və tarixi əhəmiyyət daşıyırdısa, onu nəzərə alıb saxlamaq olardı. Yəni harasa qoymaq, saxlamaq olardı”.
Azərbaycan Tarix Muzeyinin direktor müavini Əli Məhərrəmov da Nizami Cəfərovla həmfikirdir. O düşünür ki, həmin mozaikanın dağıdılması yox, hansısa məktəbə verilməsi daha düzgün olardı:
“Həmin mozaikanın tarixi əhəmiyyəti yoxdur. O yalnız bir dövr üçün yaradılmış kompozisiya olub. Hər halda onu sökməkdənsə Bakı məktəblərinə, bağçalarına vermək olardı. Ya da kiməsə verib hissə-hissə yenidən quraşdırmaq olardı. Hər hansı bir rəssamın, heykəltaraşın əl işidirsə, onu saxlamaq mümkün olardı”.
Memar Elçin Əliyev mozaikanın sökülməsini yalnış hesab edir:
“Mən memar olaraq hesab edirəm ki, bu, bizim tariximizdir. İstər sovet ideologiyasından qalma olsun, istərsə də digər bir şey. Tarix tarixdir. Hazırda xalq olaraq elə bir yüksək mədəniyyət səviyyəsində cəmiyyət qururuq ki, bizim tariximizə əl vurmaq olmaz. Nə olsun ki, sovet vaxtından qalıb. O da Azərbaycan tarixinin bir dövrüdür. Özü də incəsənət baxımından gözəl dövrüdür. Sovet vaxtı rəssamlar qoyulan məhdudiyyət çərçivəsində gözəl əsərlər yaradıblar. Onları məhv etmək olmaz”.
Arxitektor universitetin “mozaikanın restavrasiyası mümkün deyildi” açıqlamasına da münasibət bildirib:”Mən bu fikirlə razı deyiləm. Bizdə bu gün də Rəssamlıq Akademiyasında belə bir şöbə var. Bəlkə kimə müraciət etmək lazım olduğunu bilmirlər, amma bizə desəydilər istiqamət verərdik. Bir Bakı sakini olaraq mən buna ancaq təəssüflənirəm”.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın