Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / Melaniya Trampa Qarabağ haqda müraciət

Melaniya Trampa Qarabağ haqda müraciət

Azərbaycandan Şəhla Hümbətova ABŞ-ın birinci xanımı Melaniya Trampa və ABŞ Dövlət katibi Maykl Pompeoya müraciət edib. “

Müraciəti təqdim edirik: 

Hörmətli xanım Tramp və Dovlət katibi Pompeo!

Bu ilin fevral ayında ABŞ Dövlət Departamenti məni mötəbər İnternational Woman of Courage mükafatına layiq gördü və mən bu mükafatla qürur duymaqla yanaşı, həm də sizlərlə- ABŞ-ın birinci xanımı və Dövlət Katibi ilə tanış olmaq şərəfini yaşadım. 

Mükafatın təqdim etmə mərasimində siz hər ikiniz sevincimi bölüşdünüz, indi isə mən sizinlə öz acımı bölüşmək istəyirəm.

Bu acını sözlə ifadə etmək asan deyil. Bu şəkilə baxın- ata qucağında on aylıq qızının meyitini basdırmağa aparır. Bu kişi Teymur Xaliqovdur. O bir gecənin içində beş ailə üzvünü itirib, o cümlədən həyat yoldaşını və körpə uşağını…

Üç yaşlı Xədicənin isə həmin gecə bütün ailəsi- atası, anası və bir yaş yarımlıq balaca bacısı-hamısı öldü və Xədicə bu dünyada tək qaldı…

Bu ailələr Gəncə şəhərinin sakinləri idi. Onlar öz evlərində- döyüş bölgəsindən 100 kilometr uzaqda – yatdıqları vaxt Ermənistan tərəfindən edilən raket hücümüna məruz qalıblar. Mən özüm Gəncədə yaşamışam, buna görə bu insanların və bu şəhərin son günlərdə yaşadığı faciə mənim şəxsi faciəmdir. Şəkildəki Teymur Xaliqov öz balası ilə birlikdə mənim bir parçamı və harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının bir parçasını basdırmış oldu…

Mənim ölkəmin- Azərbaycan Respublikasının ərazisinin beşdə biri (20%) Ermənistan tərəfindən işğal olunub- bu Dağlıq Qarabağ və ona bitişik yeddi rayondur. Ermənistan hökumətinin apardığı etnik təmizləmə nəticəsində 20 mindən çox azərbaycanlı öldürülüb, sağ qalanlar isə öz evlərindən qovulub və artıq otuz ildir ki, bir milyon adam Azərbaycanın müxtəlif bölgələrində qaçqın və məcburi köçkün kimi yaşayır. Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

Dünya birliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir, Azərbaycanın haqlı mövgeyi beynəlxalq hüququn normalarına söykənir. Azərbaycan ərazilərinin işğalına cavab olaraq BMT Təhlükəszilik Şurası 1993-cü ildə dörd qətnamə (822, 853, 874 və 884 saylı) qəbul etdi. Bu qətnamələr Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləmiş və erməni işğalçı qoşunlarının Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmiş, qaçqın və məcburi köçkünlərin geri dönmələrini təmin etməklə, regionda qarşılıqlı əlaqələrin bərpasına çağırmışdır.

Lakin həmin qətnamələrin qəbulundan 27 il keçməsinə baxmayaraq, torpaqlarımız hələ də işğal altındadır, bir milyon insan hələ də evlərinə qayıda bilmir. Bir anlıq təsəvvür edin ki,  birinin evini silahla basqın edib zəbt ediblər, ev sahibi öz ailəsi ilə birgə evindən qovulub və 30 il ərzində öz evinə qayıda bilmir. Təsəvvür etmək belə çətindir, elə deyilmi? Mənim xalqım otuz ildir ki, bu taleyi yaşayır.

30 il ərzində Azərbaycan sülh yolu ilə münaqişənin həllinə çalışıb, danışıqlar aparıb, konstruktiv mövge tutaraq kompromis həll yolları təklif edib. Amma Ermənistan bu müddət ərzində tam əks mövgedə olub, zəbt etdiyi torpaqları azad etməyəcəyini nümayiş etdirib, bütün dünya birliyinin mövgeyini, beynəlxalq hüququnun normalarını numayişkar şəkildə heçə sayaraq, BMT-nın qətnamələrini icra etməkdən imtina edib və təcavüzkar siyasətini davam etdirib.

Hələ 1993-cü ildə beynəlxalq vasitəçilərin köməyi ilə tərəflər arasında elan olunmuş atəşkəsə Ermənistan riayyət etmək istəmədi.  Mütəmadi provokasiyalarla atəşkəsi pozdu, hərbçiləri və mülki əhalini hədəfə alaraq öldürdü, hətta müvəqqəti sülhə belə razı olmadı. Nəhayyət, Ermənistanın indiki rəhbərliyi  “Yeni ərazilər üçün yeni müharibə” şuarı ilə təxribatlarını o həddə gətirib çıxartdı ki, Azərbaycan dövləti cavab vermək və özünü müdafiə etmək məcburiyyətində qaldı. Artıq 21 gündür ki, Azərbaycan torpaqlarında müharibə gedir. Azərbaycan silahlı qüvvələri öz suveren ərazilərində və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün haqlı mübarizə aparır. Azərbaycanlılar artıq öz torpağında qaçqın olmaq istəmir. Yüz minlərlə insan evinə qayıtmaq istəyir.

Azərbaycan ordusu addım addım, qarış qarış öz torpağını işğaldan azad edir və işğalçı Ermənistan ordusunu zəbt etdiyi yerləri boşaltmağa məcbur edir. Bir sözlə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edir.

Ermənistan isə cavabında dinc əhalini hədəf alıb raket atəşinə tutur. Gəncə əhalinin sıx yaşadığı Azərbaycanın ikinci böyük şəhəridir. Bu şəhər işğal edilmiş və hazırda döyüşlərin getdiyi bölgədən 100 kilometr aralıda yerləşir.

Diqqət edin – döyüşlər tamam başqa yerdə gedir, Gəncədən uzaqda, buna görə də Gəncə sakinləri döyüşlərin ilk vaxtlarında heç bir təhlükə gözləmədən dinc həyatlarını yaşayırdılar. Amma 4 oktyabrda hər şey dəyişdi- gecə saatlarında, dinc əhali yatdığı yerdə Ermənistan ərazisindən şəhər raket atəşinə tutuldu. Bir nəfər həyatını itirdi, 30 nəfər yaralandı, yaşayış binaları dağıldı.

Və o gecədən sonra artıq heç kim dinc həyatını davam edə bilmədi.

10 oktyabrda gecə saat ikidə Ermənistan Gəncəni yenə hədəf aldı- bu dəfə on nəfər həyatını itirdi, 40 nəfər isə yaralandı.

17 oktyabrda gecə saat birdə beynəlxalq səviyyədə qadağan edilmiş “Skad” raket qurğusundan növbəti dəfə atəşə tutulmuş Gəncənin beş körpə uşaq da daxil olmaqla, 16 sakini həyatını itirdi, 55 nəfər isə yaralandı. Şəhərin bütöv bir məhəlləsi darmadağın oldu, toza çevrildi. Yüzlərlə mülki şəxsin xəyalalrı, gülüşləri, ümidləri, gözlərindəki parıltı, həyat planları dağıntılar altında qalıb məhv oldu…

Ermənistan silahlı güvvələri davamlı olaraq həm də Mingəçevir şəhərini raket atəşinə tutur. Mingəçevir döyüş bölgəsindən 130 kilometr aralıda yerləşir. Orada Azərbaycan üçün həyat əhəmiyyətli hidroelektrik stansiya və su qovşağı yerləşir. Bu mülki obyektlərin vurulması əhali üçün ağlasığmaz ağır nəticəyə səbəb ola bilər. Azərbaycan müdafiə güvvələri raketləri zərərsizləşdirərək bu hücumların qarşısını ala bilib. Amma növbəti dəfə almaya da bilər…  

Ermənistanın ordusunun döyüş bölgəsindən yüz kilometr uzaqda yerləşən, heç bir legitim hərbi hədəf olmadan Gəncənin mülki əhalisininə hücum etməsi, qadağan edilmiş silahlarla vurulması, Mingəçevirin mülki obyektlərini vurması müharibə cinayətidir. Amma nədənsə dünya ictimayyəti bu cinayətə göz yumur və cinayətkarları bu terroru etməkdən çəkindirmir, onlar üçün cəza tələb etmir.

Biz otuz il ərzində biz sülh ümidi ilə yaşamışıq, ərazimizin işğazdan danışıq yolu ilə azad edilməsinə çalışmışıq, qarşı tərəfin bunu istəmədiyini görüb torpaqlarımızı müdafiə etməyə başlamışıq ki, ərazi bütövlüyümüz bərpa olunsun, evindən didərgin salınmış insanlar evinə qayıtsın, haqq-ədalət öz yerini tapsın və nəhayyət ki, bizim yaşadığımız bölgədə sülh, əmin amanlıq və inkişaf olsun. Bizim dövlət bunun üçün mübarizə aparır. Amma müharibənin də öz qanunları var, hərbi qarşıdurmanın öz qaydaları var. Lakin Ermənistan dövləti bu vaxta kimi beynəlxalq hüququ saymadığı kimi, indi də saymayıb, mülki əhalini məhv edir, uşaqları, qocaları öldürür. Azərbaycanlılara nifrət insanlıq hissini məhv edib, sanki insanlığın özü hədəf alınıb, on aylıq körpələr hədəf alınıb, sadəcə azərbaycanlı olduqlarına görə…

Teymur Xaliqov öz körpəsi ilə birlikdə həm də insanlığı basdırırdı sanki. Belə bir deyim var: həyat yoldaşını itirənə dul deyilir, valideynlərini itirənə yetim deyilir, uşağını itirmək isə elə bir faciədir ki, onu hansısa sözə sığdrmaq mümkün olmayıb, uşağını itirmiş adama ad tapa bilməyiblər.

Əziz Melanya, hörmətli Mr Pompeo! Mən sizi bu faciəyə səssiz qalmamağa çağırıram.

Qoymayın ki, körpəsinin meyidini  bərk bərk qucaqlayan Teymur Xaliqov, bütün ailəsini itirərək tək qalan balaca Xədicə və onlar kimi heç bir günahı olmayan Ermənistanın törətdiyi müharibə cinayətlərinin qurbanları insanlığa inamını itirsin!

ABŞ həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, münaqişəyə dair BMT qətnamələrinə səs verib. Həmin qətnamələri qəbul edən Təhlükəsizlik Şurasının və münaqişənin həll edilməsində vasitəçi qurum olan OSCE Minsk qrupunun həmsədr dövləti olaraq sözügedən qətnamələrin ən tez zamanda icra olunmasında maraqlı olduğuna və beynəlxalq hüquq prinsiplərinə bütün dövlətlər tərəfindən hörmət edilməsini istəməyinizə inanıram. Buna görə də sizi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğala son qoyulması, evlərindən qovuşmuş insanların evlərinə qayıtması üçün daha da effektiv addımlar atmağa çağırıram, ki nəhayyət bziim bölgədə də insanlar sülh və əmin amanlıq içində yaşamağa başlasın. Bütün insanlar və xalqlar buna layiqdir! 

Melaniya Trampa Qarabağ haqda müraciət

Həmçinin oxuyun

Hələ sülh sazişi imzalanmayıb, ona görə… – POLİTOLOQ

Laçın ermənilər üçün həyati əhəmiyyətə malik ərazi idi. Laçının işğaldan azad edilməsi Qarabağ münaqişəsinin hərbi …