Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / Mehmanın işində həlledici faktor – radikalların şişirdilmiş hay-küyü, ya Prezidentin məqbul qərarı…

Mehmanın işində həlledici faktor – radikalların şişirdilmiş hay-küyü, ya Prezidentin məqbul qərarı…

Həbsdə olan bloger Mehman Hüseynovla bağlı işlərin gedişi həmin gəncin özünün istədiyi istiqamətdə davam edir. Yəni M.Hüseynov gənc olsa da, ağıllı tərpənərək, bəzi radikal dairələrin onun həyatı ilə manipulyasiya etməsinə imkan vermədi. Hiss edilirdi ki, daxildə və xaricdə olan bəzi radikal dairələr Mehmanın fiziki məhvi üzərində hansısa planları həyata keçirməyi düşünürmüşlər.

Təsadüfi deyil ki, hər dəfə M.Hüseynovun aclıq etmədiyinə dair mötəbər dəlillər ortaya qoyulanda həmin qruplar bunu təkzib etməyə çalışırdılar. M.Hüseynovun sağlıq durumunun normal olması ilə bağlı ictimaiyyətə ilkin dəlillər hüquq müdafiəçilərinin onunla görüşündən sonra verildi. Həmin vaxt Mehmanın fotoları yayıldı və göründü ki, onun sağlıq durumu heç də təsvir olunduğu kimi deyil. Sonra Mehmanla diplomatik korpus nümayəndələri görüşdü və diplomatlar onun vəziyyətinin tam normal olduğu qənaətinə gəldikləri ilə bağlı fikirlərini ictimaiyyətə açıqladılar. Bütün bu rəylərlə razılaşmayanlar isə yenə də  Mehmanın cavanlığı ilə manipulyasiya etmək istəyən radikallar oldu. Ardınca M.Hüseynov işinin obyektiv araşdırılması üçün ölkə başçısına müraciət etdi. Onun müraciətinə Prezident tərəfindən dərhal reaksiya verildi. Ölkə başçısı bu işin obyektiv araşdırılması və məsələdə humanizm prinsiplərinin rəhbər götürülməsi ilə bağlı öz köməkçisi Fuad Ələsgərova xüsusi tapşırıq verdi. Bunun ardınca isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayaraq bildirdi ki, bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən M.Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına etdikləri müraciəti nəzərə alınaraq, onun barəsindəki cinayət işinin icraatına xitam verilib. Prokurorluq verdiyi qərarı belə əsaslandırıb: “İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib”.

Artıq bu o anlama gəlir ki, M.Hüseynov tezliklə azadlıqda olacaq. Həbsdə olan gənc blogerin işində yaranan irəliləyişə və onun azad olunması yönündə atılan addıma nəyin hesabına nail olundu: daxildə və xaricdəki radikal qüvvələrin həmin adam haqqında apardığı süni ajiotajın, yoxsa onun Prezidentə etdiyi müraciət əsasında ölkə başçısının qəbul etdiyi qərarın?

Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bəzi radikal qüvvələrin  həmin gəncin həyatı üzərində qurduqları şou alınmadı: “Onlar bundan çox böyük məyusluq keçirirlər. Buna görə də M.Hüseyovun işində olan irəliləyişi də öz adları ilə bağlamaq istəyirlər. İddialarına görə, onların və xaricdəki havadarlarının israrlı tələblərindən sonra hökumət belə bir addım atmağa məcbur olub. Tamamilə və kökündən yanlış olan yanaşmadır. Çünki biz Azərbaycan hakimiyyətinin, dövlətinin gücünə, qüdrətinə yaxşı bələdik və tam məsuliyyəti ilə deyə bilərik ki, bu məsələdə onun ölkə başçısına etdiyi müraciətin böyük rolu olub. M.Hüseynovun cənab Prezidentə müraciətindən əvvəl ictimai sektorun nümayəndələri onunla görüşdü. Görüşdən sonra məhz hüquq müdafiəçilərinin cənab Prezidentə müraciəti oldu. Hüquq müdafiəçilərinin Prezidentə müraciəti ilə M.Hüseynovun müraciəti arasında, demək olar ki, heç bir təzadlı məqam yox idi. Bundan sonra cənab Prezident Baş Prokurorluğa tövsiyə etdi ki, məsələni ciddi araşdırsınlar. Bu tövsiyədən sonra Baş Prokurorluq başlanmış cinayət işinə xitam verdi.

Burada ictimai qınağın və yaxud aqressiv müxalifətin səs-küyünün heç bir rolu olmayıb.Aqressiv müxalifət dəfələrlə guya insan haqlarının pozulması, “siyasi məhbus”ların azadlığa buraxılması tələbi ilə mitinqlər keçirib. Əgər aqressiv müxalifətin dediyi kimidirsə, onda özlərinin iddia etdiyi “siyasi məhbuslar” niyə dərhal azad olunmayıblar? Görünən budur ki, aqressiv müxalifətin qışqırtısı ancaq ictimai sabitliyin pozulmasına hesablanıb. M.Hüseynovla bağlı və ya ona bənzər olan bütün hadisələr isə onların qışqır-bağır salmağı, ətrafında ajiotaj yaratmağı üçün sadəcə bir vasitədir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Prezidentin “F-16″-larla bağlı dedikləri Rusiya və İrana mesaj idi” – Ekspert

“Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin “F-16″-sı nə gəzir sizdə? …