Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Mehman Muradlı:  “Qarabağ”ın Ağdamın dağıdılmış şəklini təqdim etməsinə  kimsə etiraz edə bilməz”

Mehman Muradlı:  “Qarabağ”ın Ağdamın dağıdılmış şəklini təqdim etməsinə  kimsə etiraz edə bilməz”

“Qarabağ” futbol klubunun qazandığı uğur ətrafında müzakirələr bitmək bilmir. Məlum olduğu kimi, bu klub Azərbaycanın futbol tarixində ilkə imza atıb. Klub dünyanın ən güclü futbol komandaları ilə çempionlar liqasında yarışacaq. “Qarabağ”ın rəqibləri sırasında “Çelsi”, “Atletiko” kimi klublar var.
Ölkə Prezidenti İlham Əliyev də qazanılan uğur münasibətilə komandanı qəbul edib, onların problemlərinin aradan qaldırılması istiqamətində 2 milyon vəsait ayırıb. Hazırda klubun tanıtım loqosu kimi Ağdamın ermənilər tərəfindən xarabalıq halına salınması barədə foto ətrafında müzakirələr aparılır. Qeyd edilir ki, klubun özü də belə bir loqo ilə təqdim olunmaqda maraqlıdır. Bir neçə gün ərzində sosial şəbəkələrdə paylaşılan həmin foto ətrafında aparılan müzakirələrdən görünür ki, xalqımız yekdilliklə həmin fotonun təqdim olunmasını istəyir. Belə bir loqo təqdimatına beynəlxalq futbol qurumlarının münasibəti necə olacaq?

Futbolla yaxından maraqlanan hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə  açıqlamasında dedi ki, əslində, heç bir qanunvericilik bunu qadağan etmir:

“Bilirsiniz ki, “Qarabağ” klubu Ağdamı təmsil edir. Avropanın deyilən miqyasında oynayacaq bütün komandalar tanıtım loqolarında təmsil etdikləri şəhərin fotosunu qoyur. Belə olan təqdirdə, “Qarabağ”a Ağdamın dağıdılmış şəklini təqdim etməsinə kimsə etiraz edə bilməz. İndi Ağdam hansı vəziyyətdədir? Təbii ki, ermənilər tərəfindən dağıdılıb. Onda bizə hansı qurum mane ola bilər? Düzdür, futbolda irqçi, siyasi şüarların səsləndirilməsi qətiyyən qadağandır və buna ciddi nəzarət olunur. Deyilən formada təqdimatla isə biz heç bir qanunsuzluğa yol vermirik. İrad idmanla siyasəti bir-birinə qatmamaqla bağlı ola bilər. Ancaq bizim addımımızda hər hansı siyasi şüar və ya tələb yoxdur. Komandanın təmsil etdiyi şəhər doğrudan da həmin vəziyyətdədir. İrad bildirəcək qurum gedib Ağdam şəhərinin daha yaxşı vəziyyətdə olan fotosunu çəkə bilərsə, biz buna etiraz etmirik, buyursunlar!
Hesab edirəm ki, kluba bununla bağlı hər hansı qadağa qoyularsa, biz onu istənilən instansiya məhkəməsində hüquqi cəhətdən müdafiə etməyə hazırıq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın